Ermənistanda hansı dəyişikliklərin baş verməsindən, ölkədə hakimiyyətdə kimin təmsil edilməsindən asılı olmayaraq, onun gələcəyi Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Əks təqdirdə bu ölkənin iflası qaçılmaz sayılır. Hazırda yeni hakimiyyət dəyişikliyi ərəfəsində fikirlər səslənir ki, Ermənistan Qarabağ münaqişəsinin çözümü istiqamətində addımlar atılması ilə düşdüyü dalan vəziyyətindən xilas ola bilər.
Tanınmış ukraynalı analitik Vitali Portnikov da “1in.am” saytına müsahibəsində qeyd edir ki, Ermənistan hansısa iqtisadi imkanları reallaşdırmaq üçün Qarabağ probleminin həllini tapmalıdır: “Ermənistan ilk növbədə Qarabağın, daha sonra isə avtoritarizmin əsiridir. Qarabağ konflikti həll edilmədən, Türkiyə və Azərbaycanla sərhədlər açılmadan, bütün qonşularından təhlükəsizlik zəmanəti alınmadan Ermənistanda iqtisadi və siyasi situasiya dəyişməz olaraq qalacaq. Resurslar yoxdursa, həyatı yaxşılaşdırmaq olmaz. Bu resurslar Ermənistanın geostrateji vəziyyətinin əsasında gizlənir. Heç bir rus bazası bu resursları dəyişməyəcək. Bunu ədalətli şəkildə etiraf edib, yeni rəhbərliyə sual vermək lazımdır. Yeni rəhbərlik Qarabağda status-kvonu saxlamaq istəyirsə, o zaman o, avtomatik olaraq yoxsulluq, emiqrasiya məsələsində də status-kvonu saxlayacaq”.
Bütün bunlar bir daha Qarabağ münaqişəsinin həllinin tezləşməsinin Ermənistan üçün nə dərəcədə vacib əhəmiyyət kəsb etdiyini aydın surətdə təsəvvür etməyə imkan verir. Amma indilikdə məsələnin problemli tərəfi Ermənistanda hakimiyyət dəyişikliyi fonunda Qarabağ danışıqlarının uzanmasıdır. Bu isə vəziyyətin hər an nəzarətdən çıxmasını və savaşın başlanmasını istisna etmir. Məsələnin bu tərəfinə nəzər salan Rusiyanın “regnum.ru” portalı yazır: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesində fasilə yaranıb. Bu durumu Rusiya XİN rəsmi təmsilçisi Mariya Zaxarova göstərib. Onun sözlərinə görə, Ermənistan indi qəliz siyasi dövr yaşayır və buna baxmayaraq, siyasi mühitdə hüquqi konstitusiya meydanında xalqın, siyasi güclərin, siyasi hərəkatların rəhbər qurumlarının tərkibinin müəyyənləşdiyi vaxtı, durumun tam sabitləşməsini gözləmək gərəkdir. Zaxarova ehtimal edir ki, bundan sonra xarici siyasət problemlərinin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün bütün imkanlar meydana çıxacaq.
Nikol Paşinyan mayın 8-də parlament toplantısında hökumət başçısı seçiləcəyi halda hökumətin tərkibi müəyyən edilməlidir. Bax, erməni hüquqşünasları bununla bağlı narahatdır. Çünki Ermənistanda siyasi münaqişə tərəfləri hökumət başçısı seçiləndən sonra parlamentin buraxılmasına təşəbbüs edəcək. Dövriyyədəki məlumatlara əsasən, Ermənistanda erkən parlament seçkiləri cari ilin payızında keçiriləcək. İstənilən halda xəbər verilir ki, bu cür anlaşma hələ də hakim Respublika Partiyası və “Yelk” parlament fraksiyasının başçısı Paşinyan arasında əldə olunub. Sonra təzədən yeni hökumət formalaşdırılmalıdır. Onun necə – koalisiya, yaxud birpartiyalı olacağını söyləmək çətindir.
İstisna etmək olmaz, amma daha çox böyük ehtimalla güman etmək olar ki, seçki kampaniyasının gedişində siyasi partiyalar və bloklar arasında amansız mübarizə müşahidə edəcəyik. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda fasilə ilin axırına qədər uzana bilər. Yada salaq ki, bu, əvvəlcə Ermənistanda idarəçiliyin prezident formasından parlament formasına keçidin başa çatması və apreldə Azərbaycanda erkən prezident seçkiləri üzündən yaranıb. Bununla yanaşı, həm ATƏT Minsk Qrupunun həmsədrləri, həm də münaqişə edən tərəflər uzlaşdırılmış ümumi qaydalarla oynayaraq danışıqları məxfilik möhürü altında saxlayıb, lakin danışıqlar masası arxasında müzakirə olunan və seçkilərdən sonra nəzərdən keçirilməli olan hansısa yeni ideyaları da aşkarca göstəriblər.
Bəs indi nə olacaq? Bununla bağlı Azərbaycanın fəaliyyəti yaranmış yeni şəraitdə çox önəmli əhəmiyyət kəsb edir. “Regnum” İA artıq qeyd edib ki, Bakı özünü ağıllı aparır, Ermənistandakı siyasi böhrandan Dağlıq Qarabağ probleminin zorakı ssenari ilə həllinə keçid üçün bəhanə kimi isitfadə etmək cəhdlərindən şübhələnməyə əsas vermir.
Minsk Qrupunun həmsədr ölkələri və Beynəlxalq Böhran Qrupu (BBQ) “Azərbaycan hökumətinin adi hərbi ritorikadan vaz keçdiklərini” alqışlayıb. BBQ bu müsbət prosesi möhkəmləndirmək üçün münaqişə edən tərəflərdə “bir-biri haqda yanlış təsəvvür yaranmaması” məqsədilə ATƏT Minsk Qrupuna bölgədə iştirakını fəallaşdırmağı təklif edib.
Məsələyə Rusiyanın “pravda.ru” portalının yanaşması da çox maraqlıdır. Burada ilk növbədə diqqət ona çəkilir ki, Ermənistanın potensial baş naziri təbiətcə fəraridir, buna görə də seçiləndən sonra hara qaçacağını bu başdan demək olduqca çətindir. Portalın fikirlərini öyrəndiyi erməni ekspertlər hesab edir ki, bu vəziyyətdə Qarabağ məsələsini geopolitik qüvvələr həll edəcək. Erməni ekspert Karen Zaxaryan xatırladır ki, Paşinyan on ildən çoxdur siyasətdədir, əvvəlcə Levon Ter-Petrosyanın tərəfdarı idi, sonra baxışları Qərbyönlü oldu: “Amma bu fonda Qarabağ məsələsinin həlli nə Nikol Paşinyandan, nə Levon Ter-Petrosyandan, nə Serj Sarkisyandan yox, qüvvələrin geopolitik bölgüsündən asılıdır”. İrəvan geopolitika klubunun prezidenti Arman Boşyanın sözlərinə görə, Paşinyanın seçilməsilə çoxluq hakim partiyaya qalarkən, hökumətin başında isə müxalif deputat durarkən parlamentdə necəsə bir qüvvələr tarazlığı formalaşacaq: “Amma düşünürəm ki, bu tarazlıq çox çəkməyəcək, çünki təkrar seçkilər olsa, bundan sonra qüvvələr bölgüsünün necə olacağı məlum deyil. Paşinyan baxışlarını dəfələrlə dəyişib, o, əbədi müxalif və fəraridir. Belə vəziyyətdə Qarabağ məsələsi status-kvonun dəyişməsindən çıxış etməklə həll olunacaq. Bu, daxili və xarici qüvvələrin nüfuz məsələsidir, yaranmış geosiyasi durum məsələsidir”.
Hazırda məsələyə məhz geosiyasi prizmadan yanaşdıqda belə bəlli olur ki, Rusiyanın Ermənistana əvvəlki təsir imkanları qərbyönümlü Paşinyan üzündən azala bilər. Bu vəziyyətdə Moskvanın əlini Erməistanın üzərindən çəkməsi də Qarabağ konfliktinin həllini tezləşdirmək iqtidarındadır. Erməni şərhçi Sarkis Artsruni də etiraf edir ki, ölkəsində Moskvanın mövqeləri laxlaya bilər. Siyasi şərhçi qeyd edib ki, Rusiya səfirliyi, faktiki olaraq, qaçılmaz anti-Rusiya əhval-ruhiyyəsinin qarşısını almağa çalışır. Sarks Artsruni xatırladır ki, Rusiyanin Birinci kanalında uzun müddət əsas fiqur olan, daha sonra ölkə iqtisadiyyatının sütunlarından biri sayılan “Rosneft”in birinci-vitse-prezidenti vəzifəsinin icrasına başlayan Mixail Leontyev bu günlərdə “Komsomolskaya Pravda” radiosunun studiyasında Ermənistanda baş verənləri ən azından fahişəlik kimi xarakterizə etdi: “Və indi səfirliyin izahını ciddi qəbul etmək və saymaq olarmı ki, dövlətin neft nəhənginin vitse-prezidenti özünün şəxsi və qeyri-rəsmi fikirini ifadə edirdi? Yeri gəlmişkən, Leontyevlə birlikdə eyni studiyada Kremlin başqa bir təbliğatçısı Mixail Yuryev var idi. O, təhqirlərlə kifayətlənmədi. Yuryev Ermənistanı müstəqil ölkə hesab etmir, üsyançı quberniya hesab edir. Onun Ermənistanda siyasi böhranın qarşısını almaq üçün öz “resepti” var: o İrəvana iki alay göndərməyi və “məxməri inqilab”ı qanda batırmağı təklif edir. Şübhəsiz ki, Rusiyanın iki alayı bu dramatik günlərdə Ermənistana gələcək. Serj Sarkisyan getməyi üstün tutdu və meydanda toplaşmış xalq Karen Karapetyanı oyundan çıxardı. Rusiyanın qisas təhlükəsi neytrallaşdırılıbmı? Tamamilə yox. Erməni “məxməri inqilab”ı geosiyasi kontekstə malik deyil, ancaq Ermənistanın müstəqilliyi məsələsində maksimum prinsipial və ardıcıl olmalıdır. Çünki azad vətəndaşlar Rusiyanın quberniyasında yaşamaq istəmir”. Amma gürcü ekspert Emil Avdaliani qeyd edir ki, Rusiyadan aralanmaqla Ermənistan həm daha çətin duruma düşəcək, həm də bu halda Qarabağ məsəəlsinin həlli tezləşəcək: “Ermənistan düşmən saydığı ölkələrlə mühasirəyə alınıb. O, balansın saxlanması üçün Rusiyaya ehtiyac duyur. İrəvana Rusiyadan məsafə saxlamaq çətin olacaq, çünki ölkə ona dost olmayan iki dövlətin-Türkiyə və Azərbaycanın arasında yerləşir. Rusiyanın hərbi köməyi və diplomatik dəstəyi olmadan Ermənistanın işğal edilmiş ərazilərdə mövcud status-kvonu saxlaması çətin olacaq… Bakının aktivləşməsi məsələsində qərarsızlığın təzahürü üçün daha az əsas olacaq, Türkiyə isə öz müttəfiqi Azərbaycanı dəstəkləyir - hərbi planda olmasa da, bütün başqa münasibətlərdə.
Rusiyanın Ermənistana köməyinin daha lazım olmayacağı yalnız bir ssenari halında mümkündür. Və bu ssenari Dağlıq Qarabağ məsələsində status-kvonun Azərbaycanın xeyrinə dəyişməsini və işğal edilmiş ərazilərdən Ermənistanın silahlı qüvvələrinin çıxarılmasını nəzərdə tutur”. İndilikdə də görünən odur ki, Ermənistan Rusiyaya arxa çevirir və bu da Qarabağ məsələsinin həllini sürətləndirmək iqtidarındadır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.