Seyid Camal Əzimbəyli: “Azərbaycan diplomatiyası bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir və haqlı tərəf olaraq öz mövqeyini ortaya qoyur”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında ətraflı çıxış edib. O, çıxışında bir sıra məsələlərə toxunub. Bununla yanaşı, nazir islam ölkələrinin diqqətini Ermənistanın işğalçılıq siyasətinə yönəldib. Bəyan edib ki, Ermənistanla münasibətlərdə müsəlman ölkələri bu amili nəzərə almalıdırlar.
Diqqətə çatdırılıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal olunduğu, həmçinin, bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyi təsdiq olunmuş faktdır. Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı tarixi, mədəni və dini abidə qəddar şəkildə məhv edilib və təhqirə məruz qalıb. Ermənistanı açıq şəkildə işğalçı kimi tanıyan BMT və onun Təhlükəsizlik Şurası və İƏT qətnamələri işğalçı ilə münasibətlərin inkişaf etdirilməsini istəyən bütün müsəlman ölkələrinə əsas mesaj olmalıdır. Çünki Ermənistanın işğalçı siyasəti yalnız Azərbaycanın dini və mədəni irsinə deyil, ümumiyyətlə, islamın tarixi və mədəni irsinə qarşı bir hücumdur: “İƏT-ə üzv ölkələrinin XİN Şurasının qətnamələrində əks olunmuş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə güclü və ədalətli mövqeyə görə təşəkkür edirəm”.
Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev də bu məsələdə islam ölkələrini xəbərdar edib. Nəzərə almaq lazımdır ki, Ermənistan islam abidələrinə qarşı vandalizm siyasəti aparıb. Bütün müsəlman dövlətləri bu amili nəzərə alaraq Ermənistanla əlaqə qurmamalı və açıq şəkildə sözügedən ölkənin işğalçılıq siyasətini pisləməlidirlər. Ən başlıcası isə işğalçı ilə münasibətlərin inkişaf etdirilməsini istəyən müsəlman ölkələri bu amili nəzərə almalıdırlar.
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Elmar Məmmədyarovun bununla bağlı növbəti dəfə islam ölkələrinə səslənməsi tamamilə düzgün siyasətdir: “Məlum olduğu kimi, bundan əvvəl Prezident İlham Əliyev müsəlman ölkələrinə çağırış edərək məsələni gündəmə gətirdi. Ölkə başçısının çağırışı böyük rezonansa səbəb oldu. Həqiqətən də bu gün Ermənistanla münasibət qurmaq istəyən ölkələrin bu amili nəzərə almasına böyük ehtiyac var. Çünki erməni işğalçılarının Qarabağda dini abidələrə qarşı həyata keçirdikləri vandallıqlarla bağlı ortada kifayət qədər çoxsaylı fakt var. Qarabağdakı bir sıra dini abidələri məhv edərək yer üzündən siliblər. Ağdam məscidində hansı təhqiramiz işlər həyata keçirdikləri barədə kifayət qədər deyilib. Ermənistan nəinki Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib, eyni zamanda, islam irsinə qarşı çox pis əməllərə rəvac verib. Təbii ki, hər bir müsəlman dövləti bunu nəzərə almalı və işğalçı ölkə ilə münasibətləri inkişaf etdirmək istəyəndə düşünməlidir. Azərbaycan diplomatiyası bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir və haqlı tərəf olaraq öz mövqeyini ortaya qoyur. Hesab edirəm ki, Azərbaycanın bu yöndə apardığı siyasət yaxın illərdə ciddi səmərə verə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycana yaxın olan Pakistan dövləti Ermənistanla heç bir diplomatik əlaqə qurmur və indiyə qədər bu dövləti tanımayıb. Ermənistanın islam abidələrinə qarşı törətdiyi vəhşilikləri təkcə dövlət təsisatları deyil, QHT-lər və diaspor qurumları da dünyaya yaymalıdırlar. Sözügedən məsələdə hər kəs fəal olmalı və üzərinə düşən işi yerinə yetirməlidir”.
Vidadi ORDAHALLI