Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesində irəliləyiş müşahidə olunur. “Trend”-in məlumatına görə, bunu Bakıda Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin 15-ci iclasında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
M.Məmməd-Quliyev bildirib ki, ötən il başlamış danışıqlar 2018-ci ildə də uğurla davam edir. Nazir müavininin sözlərinə görə, saziş 3 əsas istiqaməti – siyasi təhlükəsizlik, ticarət və investisiya məsələləri və müxtəlif sektoral məsələləri əhatə edir: “Azərbaycan üçün öhdəliklərə əməl olunması çox vacibdir. Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi faktı tərəflər arasında əməkdaşlığın inkişafına təkan verir”.
M.Məmmədquliyev Bakı-Tiflis-Qars dəmir yolundan da danışıb: “Ələt limanının istifadəyə verilməsi Azərbaycanı nəqliyyat qovşağına çevirir".
Readmissiya sazişinin imzalanmasının da önəmli məsələ olduğunu qeyd edən nazir müavini bildirib ki, bunun vətəndaşlarımıza faydaları olacaq.
Onun sözlərinə görə, 2020-ci ilə - Brüssel sammitinə qədər Avropa İttifaqı və Azərbaycan arasında razılaşma əldə edilə bilər: “Azərbaycanın işğal altında qalan torpaqları ilə bağlı məsələ həll olunmalıdır. İşğal altındakı ərazilərdən təbii sərvətlər, mal və xidmətlər Avropa İttifaqı ölkələrinin bazarlarına çıxarılır. Avropa İttifaqı beynəlxalq öhdəliklərə əsasən müvafiq qaydaların pozulmasına yol verməməlidir. Fərdi və hüquqi şəxslər tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulmasına şərait yaradılmamalıdır. Avropa İttifaqından olan şirkətlər, onların filialları və törəmə şirkətləri Dağlıq Qarabağ və ətraf ərazilərdə fəaliyyət göstərir. Onlar Azərbaycan qanunvericiliyini pozmuş sayılırlar. Mənşə ölkə kimi həmin mallarda Ermənistan göstərilir. Halbuki, mineral sərvətlərdən və təbii ehtiyatlardan danışırıqsa, Ermənistan bu sərvətləri istismar edərək Avropa İttifaqına satır. Təklif edirik ki, işçi qrup yaradılsın və bu məsələlər hüquqi müstəvidə həllini tapsın".
M.Məmmədquliyev Aİ və Azərbaycan arasında əməkdaşlığın inkişaf edəcəyini də vurğulayıb.