Qabil Hüseynli: “Xüsusilə də Ermənistanda baş verən son hadisələr ABŞ-ın regiona marağını bir qədər də artırmış olub”
ABŞ Konqresinin Nümayəndələr Palatasının geniş tərkibli nümayəndə heyəti ölkəmizdə səfərdədir. Onların bir sıra yüksək rütbəli Azərbaycan məmurları ilə görüşləri baş tutub. Nümayəndə heyəti Baş nazir Novruz Məmmədov tərəfindən də qəbul edilib. Baş nazir bu səfərin böyük əhəmiyyət daşıdığını qeyd edib. N.Məmmədov səfərin ikitərəfli münasibətlərin inkişafı ilə bağlı məsələlər ətrafında müzakirələr aparmaq üçün yaxşı fürsət olduğunu diqqətə çatdırıb.
Ölkələrimiz arasındakı münasibətlərə toxunan Baş nazir müstəqil Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında çox yaxşı əlaqələrin olduğunu bildirib. Münasibətlərimiz bu gün də uğurla inkişaf etdirilir. Bir sıra həssas sahələrdə isə çox möhkəm və sıx əməkdaşlıq mövcuddur.
Azərbaycana səfərdən məmnunluq hissi duyduqlarını bildirən nümayəndə heyətinin rəhbəri Robert Qudlat ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirib. O, Azərbaycanla əməkdaşlığın Amerika Birləşmiş Ştatları üçün dəyərli olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, bu səfərdən bir neçə gün qabaq ABŞ Prezidenti Donald Tramp İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib. Onun tərəfindən ünvanlanan təbrik məktubunda bildirilirdi ki, ABŞ Azərbaycanı bir çox mühüm məsələlərdə strateji tərəfdaşı sayır və bizimlə sıx əməkdaşlıqda maraqlıdır. Həmin məktubun ardınca ölkəmizə ABŞ-ı təmsil edən belə böyük nümayəndə heyətinin gəlməsi nəyin göstəricisi sayıla bilər?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, bu iki hadisə arasında mühüm bağlılıq var: “ABŞ-ın ən böyük əhəmiyyət verdiyi strateji bölgələrdən biri də Cənubi Qafqazdır. Azərbaycanın xüsusi çəkisi bu yöndə daha ağırdır. Azərbaycan Avropa və Asiya qitələrinin birləşdiyi bir nöqtədə yerləşir, Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya nəql edilməsində çox önəmli rol oynayır. Söhbət tək neftdən yox, həm də “mavi yanacaq”dan gedir. ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən “Cənub Qaz Dəhlizi”ni qəti surətdə dəstəkləməkdə davam edir, Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır. ABŞ Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi hesab edir. ABŞ qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir. Bu yaxınlarda isə qədim İpək Yolu dəmir yolu kimi, yəni Bakı-Tiflis-Qars dəmir yolu işə düşəcək. Bu dəmir yolu iki qitəni daha möhkəm tellərlə birləşdirəcək. Bu nöqteyi-nəzərdən onun əhəmiyyəti Qərb, o cümlədən ABŞ üçün ölçüyəgəlməz dərəcədə artmaqdadır. ABŞ və Qərb dünyası Cənubi Qafqaza daha möhkəmlənmiş surətdə, özünün bütün strukturları, NATO, iqtisadi əməkdaşlıq telləri və digər strukturlarla daha əzmlə gəlir. Donald Trampın Azərbaycan Prezidentinə göndərdiyi məktubu yüksək dəyərləndirmək olar. Bu, ABŞ-ın yeni administrasiyasının bölgə problemlərinə yanaşmasının ifadəsidir. ABŞ əvvəlki dövrlərdə olduğu kimi, öz xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq. Bu siyasət iki ölkə arasında faydalı və bərabərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini nəzərdə tutur. Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda əks olunmuş fikirlərdə ölkələr arasında ikitərəfli münasibətlərin yeni dönəminin başlandığına işarə edilir. Tramp həm Azərbaycan və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbrsizliklə gözlədiyini bildirib. ABŞ Prezidenti Azərbaycanı ABŞ-ın dəyərli tərəfdaşı hesab edir və son 26 ildə qurulmuş ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin daha da gücləndirilməsini arzu edir. Trampın məktublarında Dağlıq Qarabağ münaqişəsinin həllinin vurğulanması diqqət çəkir. Bunun ardınca yüksək tərkibli nümayəndə heyətinin ölkəmizə səfər etməsi ölkələrimiz arasındakı münasibətlərin daha da dinamik inkişaf edəcəyinə işarədir. Xüsusilə də Ermənistanda baş verən son hadisələr ABŞ-ın regiona olan marağını bir qədər də artırmış olub. Mən bu əməkdaşlıq meyllərini yüksək qiymətləndirirəm”.
Məhəmmədəli QƏRİBLİ