Vüqar Rəhimzadə: “Yeni strukturun yaradılması həyata keçirilən işlərin təşkili və ictimai-siyasi proseslərin dinamik tənzimlənməsinə mühüm töhfə verəcək” Sahib Məmmədov: “Bu qurumun yaradılması və ora reallaşan təyinatı müsbət dəyərləndirirəm”
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində ictimai-siyasi işin təşkili sektoru yaradılıb. Bildirilir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai-siyasi işin təşkili ilə bağlı məsələlərin əlaqələndirilməsi sektorun fəaliyyətinin əsas istiqaməti olacaq.
İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsində çalışmış Vüsal Quliyev yeni yaradılmış sektorun rəhbəri təyin edilib. Aparılan bu struktur islahatını necə dəyərləndirmək olar?
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirdi ki, aparılan bu islahatı yüksək dəyərləndirmək olar: “Göründüyü kimi, prezident seçkilərindən sonra ölkədə mühüm islahatlar aparılır. Bu, xüsusilə də, dövlət qurumlarındakı strukturları və kadr məsələlərini əhatə edir. Sözügedən yeniliyi də zəruri saymaq olar. Düşünürəm ki, yeni yaradılan sektora rəhbər təyin edilən şəxs də işinin öhdəsindən layiqincə gələcək. Gənc kadr olan Vüsal Quliyevin özü də kifayət qədər peşəkarlaşmış dövlət qulluqcusudur. Biz onun fəaliyyətini İctimai-siyasi şöbənin əməkdaşı kimi də yaxından izləmişik. Proseslərin içində olan kadrdır. Onun rəhbərlik edəcəyi sahə də indiyə qədər çalışdığı işin profilinə uyğundur. Yeni strukturun yaradılması həyata keçirilən işlərin təşkili və ictimai-siyasi proseslərin dinamik tənzimlənməsinə mühüm töhfə verəcək. Hesab edirəm ki, bu yeni sektorun icra qurumlarında işin təşkili ilə bağlı yeni proqramı olacaq. Fəaliyyət də həmin proqrama uyğun şəkildə həyata keçiriləcək.
Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov qəzetimizə açıqlamasında bildirdi ki, bu işlə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsi məşğul olurdu: “Bu istiqamət üzrə yeni sektorun yaradılması işin təşkilinə və effektivliyinə əlavə təkan verəcək. Sektorun əsas fəaliyyət istiqaməti ictimai-siyasi və həmkarlar təşkilatları, QHT-lər və s. olacaq. Yerli icra hakimiyyətlərində bu qurumlarla işləyən müvafiq şöbələr də var. Məhz bu seqment üzrə yeni yaradılan sektor həm də həmin quruma konsultativ, metodiki köməkliyini göstərəcək. Ölkə başçısının fəaliyyətinin məsul vəzifəli şəxslərə çatdırılmasına yardımçı olacaq. Bu baxımdan da vacib qərar hesab edirəm. Ora rəhbər təyin olunan şəxsi isə yaxından tanıyıram. O, uzun müddətdir ictimai sektorla bağlıdır, həmin əlaqələr indi də davam edir. Vüsal Quliyev hazırda da QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavinidir. İstənilən halda, bu qurumun yaradılması və ora reallaşan təyinatı müsbət dəyərləndirirəm”.
Məhəmmədəli QƏRİBLİ