Mübariz Əhmədoğlu: “Ümidvaram ki, İsraildə nəzərdə tutulan görüş hər iki ölkənin ümumi maraqları baxımından əhəmiyyətli olacaq”
İsrailin Azərbaycandakı səfiri Dan Stav ölkəsinin Müstəqillik Gününə həsr olunmuş mətbuat konfransında deyib ki, Azərbaycan kimi İsrail də qonşularla davamlı münaqişəyə baxmayaraq, iqtisadiyyatını gücləndirməyə, vahid cəmiyyət və sabit hakimiyyət sistemini qurmağa müvəffəq olub.
O bildirib ki, İsrail və Azərbaycan strateji əməkdaşdırlar: “Azərbaycan öz müstəqilliyini elan edəndən sonra İsrail onun müstəqilliyini tanıyan dördüncü ölkə olub. İki ölkə müdafiə və energetika sahəsində əməkdaşlığa əsaslanan çoxtərəfli və strateji münasibətlər qurublar. İndi özəl sektorun iki əsas sahəsində ölkələrimizin münasibətləri daha da artır, onlardan biri də kənd təsərrüfatıdır. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən İsrail şirkətlərinin sayı artmaqda davam edir. Bu il Azərbaycana gələn israilli turistlərin sayının üç dəfə artaraq 50 mini ötəcəyi gözlənir. Əminəm ki, onların hamısı Azərbaycanın İsraildəki xoşməramlı səfirlərinə çevriləcəklər".
Səfir qeyd edib ki, ikitərəfli münasibətlərin xüsusi tərkib hissəsi yəhudi icmalarının Azərbaycanda qədim vaxtlardan mövcud olmalarıdır: “İsrailin müstəqilliyinin 70-ci ildönümü 70 il ərzində ölkənin əldə etdiklərinə qürurla baxmaq üçün imkandır. Mənim üçün bu günü Bakıda qeyd etməyin xüsusi mənası var. Çünki bu il, həmçinin, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyidir". Səfir bildirib ki, Azərbaycan və İsrail hökumətləri arasında birgə komissiyanın növbəti iclası bu ayda keçiriləcək: “İsraildə keçiriləcək iclasda iki ölkə arasında münasibətlərin gələcək inkişaf sahələrini müəyyənləşdirən protokol imzalanacaq”.
Səfirin açıqlamasında başa düşülür ki, iki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. Hətta Azərbaycanın həmin ölkədə səfirliyinin olmamasına baxmayaraq, iki ölkə arasında hökumətlərarası komissiyanın toplantısının keçirilməsi nəzərdə tututlur. Yaxınlaşmanın yeni mərhələsi bizə nə vəd edir? Bunun Azərbaycan-İran, Türkiyə-Azərbaycan münasibətlərinə nə kimi təsiri ola bilər?
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanın xarici siyasət kursu kiməsə görə müəyyənləşmir: “Biz bu cür məsələdə milli maraqları dərindən nəzərə alırıq. Bu maraqların içərisində başqa ölkələrə zərər verəcək bütün amilləri neytrallaşdırırıq. Xüsusilə də yaxın qonşularla münasibətlərə böyük önəm veririk. Ermənistan istisna olmaqla, bizim bütün qonşularımızla yaxın münasibətimiz var. Ola bilər ki, bizə hətta xüsusi tələblər də irəli sürülüb, ancaq biz onlardan imtina edə bilmişik. Bura İran əleyhinə olan fəaliyyətlərə dəstək verməyimizə dair tələbləri aid edə bilərik. İsrailin daha çox tələbləri İranla bağlı ola bilər. Bu məsələdə Azərbaycan İranla İsrail arasında balanslı davranmağı bacarır. Bu mərhəlinin münasibətlərimizə mənfi təsiri olmayacaq. Hazırda Türkiyə ilə İsrail arasındakı münasibətlər də normaldır. Yəni bizə o istiqamətdən də hansısa narazılıq ifadə oluna bilməz. İrana gəldikdə isə, orada yüksək həssaslıq var. Həmin ölkə hər şeydən şübhələnir. İsraillə Azərbaycanın əlaqələrinin inkişafında daim özünə qarşı təhlükə görür. Amma buna heç bir əsas görmürəm. Hesab edirəm ki, İran bu istiqamətdə olan şübhələrini bir qədər kənara qoysa, qarşılıqlı münasibətlər daha da faydalı zəmində inkişaf edər. Ümidvaram ki, İsraildə nəzərdə tutulan görüş hər iki ölkənin ümumi maraqları baxımından əhəmiyyətli olacaq”.
Məhəmmədəli QƏRİBLİ