Yunus Oğuz: “Azərbaycanda, ümumiyyətlə, irqçilik yoxdur, tarixən də olmayıb” Dəyanət Osmanlı: “Türkçülük Gününə başqa ad vermək düzgün deyil, mən bunu qəbul etmirəm” Zaur Əliyev: “Bu günün mahiyyətini başqa yerə yozmaq yolverilməzdir”
Türk xalqı tarixən tolerant, başqa xalqların mədəniyyətinə, dilinə, dünyagörüşünə sayğı ilə yanaşıb. Xalqımızın tarixini araşdırsaq görərik ki, indiyə qədər bu böyük və qədim xalq heç bir millətə qarşı pis münasibət göstərməyib, onlara ayrıseçkilik nəzərləri ilə baxmayıb. Türk xalqı tarixən döyüşkən, əzəmətli olub, ancaq o, düşmənlə düşmənçilik edib, ona dəyib-dolaşmayanlarla işi olmayıb.
Bildiyimiz kimi, 3 may Türkçülük bayramıdır, Türkçülük Günü kimi qeyd edilir. Bütün türklər bu günü ruh yüksəkliyi ilə qeyd edirlər. Artıq uzun illərdir bu bayramın keçirilməsi ənənəsi formalaşıb.
Təəssüflər olsun ki, bəzən bu günün mahiyyətinə kölgə salmaq istəyənlər də tapılır, müəyyən insanlar ayrı-ayrı söhbətlərdə, eləcə də sosial şəbəkələrdə Türkçülük Gününün irqçilik günü, yaxud bayramı olduğunu qeyd etməkdən çəkinmirlər.
Türkçülük gününün “irqçilik bayramı” kimi qələmə verilməsi, əslində, anormal haldır və bu günün mahiyyətində heç bir milli, dini, irqi ayrıseçkilik anlayışı yoxdur. Türkçülük Gününə irqçilik donu geydirmək istəyən bəzi qüvvələrin yanlışlığa yol verdiyini deyən “Olaylar” qəzetinin və eyniadlı saytın rəhbəri, yazıçı-dramaturq, tədqiqatçı, türk xalqının tarixinin araşdırıcılarından bir olan Yunus Oğuz “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onun Türkçülük Gününün qeyd edilməsinə münasibəti fərqlidir. Bununla belə, Y.Oğuzun sözlərinə görə, Türkçülük Günü bayram edilirsə, bu bayramın mahiyyətində neqativliklər axtarmaq düzgün deyil: “Deyim ki, Türkçülük Gününün qeyd edilməsinin özü bir az düzgün deyil. Nə mənada? Əhalisinin 90 faizinin türk olduğu bir ölkədə Türkçülük Gününün qeyd edilməsi bir qədər qəribə gəlir. Belə günlər o ölkələrdə keçirilər ki, orada hansısa bir etnik qrup özünü təqdim etmək, tanıtmaq üçün bununla bağlı xüsusi gün keçirsin. Dövlətin aparıcı qüvvəsi türklərdisə, azərbaycanlılardısa, Türkçülük Gününün keçirilməsini mən bir az anlaya bilmirəm. Ancaq Türkçülük Günü qeyd edilirsə, o niyə irqçilik günü hesab olunmalıdır? Hər kəsin öz milli, etnik kimliyini göstərməsində pis nə var? Əslində, buna normal yanaşılmalıdır. Normal yanaşmanın olmasını ona görə deyirəm ki, bu günü irqçilik kimi qələmə vermək olmaz. Azərbaycanda, ümumiyyətlə, irqçilik yoxdur, tarixən də olmayıb. Azərbaycan dövlətində ləzgilər də, talışlar da, kürdlər də, ruslar da, türklər də eyni statusa malikdirlər. Bu gün Azərbaycan hökumətində vəzifə tutanların sırasında qeyri-millətlərin də nümayəndələri var. Qoy talışlar da talış gününü, kürdlər də kürd gününü, ruslar da rus gününü keçirsinlər, digər etnik qruplar da öz günlərini qeyd etsinlər. Bu çox normal olardı. Ümumiyyətlə, türklərdə irqçilik olmayıb. İstər Azərbaycanda, istər Türkiyədə, istər Orta Asiya respublikalarında, istər Yakutiyada, istərsə də digər türk respublikalarında bu məsələ yoxdur. İrqçilik, ayrıseçkilik türk etnosuna xas olmayan xüsusiyyətdir. Türkdə aşırı millətçilik də yoxdur. Türkçülük Gününü niyə irqçiliklə əlaqələndirmək istəyirlər, anlaya bilmirəm? Əslində, irqlə millətçilik fərqli anlayışlardır. Dünyada 4 irq var və onun 2-nə türk sahibdir. Bu, ağdərililərlə sarıdərililərdir. Türk heç zaman dərisinin rənginə görə irqçilik etməyib”.
Y.Oğuz qeyd etdi ki, türk millətçilik edə bilər, ancaq bu, aşırı millətçilik deyil. O hesab edir ki, hansı xalq, hansı toplum, yaxud peşə və sənət sahibləri öz günlərini keçirirlərsə, onu bayrama çevirirlərsə, buna başqa don geydirmək olmaz.
Atatürk Mərkəzinin baş redaktoru, şair-publisist Dəyanət Osmanlı da hesab edir ki, Türkçülük Gününə irqçilik donu geydirmək düzgün deyil. Onun sözlərinə görə, Türkçülük Günü qardaşlıq, dostluq günüdür, bu hadisənin irqçiliklə heç bir yaxın-uzaq əlaqəsi yoxdur: “Tarixdə 3 mayın Türkçülük Günü kimi qəbul edilməsi və onun bayram edilməsi təbii bir haldır. Bu, türkün öz qardaşlığına, özünün milli kimliyinə sevindiyi bir bayramdır. Ancaq onu başa düşə bilmirəm ki, niyə bəziləri buna millətçilik, irqçilik donu geydirirlər? Əslində, türk dünyanın hansı guşəsində olubsa, harada yaşayıbsa, orada ədaləti, qardaşlığı, sevgini, səmimiyyəti təbliğ edən bir millət kimi tanınıb. Türkçülük günündə türk öz qardaşlığını, dostluğunu bayram edir. Ona görə də Türkçülük gününə başqa ad vermək düzgün deyil, mən bunu qəbul etmirəm”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, tarixçi-alim Zaur Əliyevin fikrincə də Türkçülük Gününün irqçilik, aşırı millətçilk anlayışı ilə heç bir yaxınlığı yoxdur. “Hər bir millətin özünün bir tarixi günü var. Uzağa getməyək, irlandlar ənənəvi olaraq Müqəddəs Patrik Günü keçirirlər. Yaxud Amerikada “Amerikalılar Günü”, Slavyanlarda Slavyan Günü kimi bayramlar var və onlar bu günü bayram edirlər. Türkçülük Gününün keçirilməsi də təbii bir haldır. Buna irqçilik, ksenofobiya kimi yanaşmaq düzgün deyil. Bir millət öz bayramını keçirir. Türk xalqı böyük xalqdır və müxtəlif coğrafiyalarda 300 milyondan artıq insanı əhatə edir. Türkçülük gününün keçirilməsi o deməkdir ki, bu xalq xüsusi bir gündə öz qardaşlığını, birliyini bayram edir. Bu gün dünya slavyanları Slavyan Günü keçirir, ancaq heç kəs buna irqçilik, millətçilik donu geydirmir, bizə gələndə isə bu “millətçilik”, “irqçilik” adlandırılır. Türk milləti tarix boyu nə zaman irqçilik göstərdi? Türkçülük Günü bir xalqın bayramıdır və burada başqa məqsəd axtarmaq olmaz və düzgün də deyil. Türkçülük Gününü şovinzm adlandırmaq, bu günün mahiyyətini başqa yerə yozmaq yolverilməzdir. Bu günün keçirilməsi, əslində, türklərin dünya mədəniyyətinə inteqrasiya etməsidir. Yəni biz köklü, qədim bir millət olaraq dünya xalqları ilə dostluğa, birliyə, həmrəyliyə, onlarla bir cəmiyyətdə yaşamağa hazır xalqıq. Azərbaycan multikultural bir dövlətdir və burada heç bir xalqa, onun mədəniyyətinə qarşı mənfi münasibət yoxdur”- deyə bildirən Z.Əliyevin sözlərinə görə, türkdən qorxmaq yox, türkü sevmək lazımdır.
Tarixçi qeyd etdi ki, dünyanın harasına getsək, orada türklərlə bağlı abidələrin olduğunu görə bilərik. Türk xalqının dünyaya verdiyi mədəni dəyərlərin analoqu olmadığını vurğulayan Z.Əliyevin sözlərinə görə, türk hara gedibsə, ora özü ilə mədəniyyət aparıb.
İradə SARIYEVA