Elçin Mirzəbəyli: “Ancaq bu o demək deyil ki, Azərbaycan rəsmiləri də xaricə gedəndə onlara ziyafət verən Avropa dövlətləri rəsmiləri hansısa korrupsiya təkliflərində bulunurlar”
Məlum olduğu kimi, bir neçə gün əvvəl Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) tərəfindən Azərbaycana qarşı qərəzli qətnamə qəbul edilib. Azərbaycana qarşı mənfi imic yaratmağa, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə hesablanan bu qətnamədə xalqımıza məxsus olan qonaqpərvərlik ənənəsinə də korrupsiya donu geydirməyə cəhd edilib.
AŞ PA Müstəqil Araşdırma Qurumunun qərəzli korrupsiya hesabatında AŞ PA-dan Azərbaycana gələn qonaqların, nümayəndələrin yüksək səviyyədə qəbul edilməsi, onlara göstərilən hörmət və qonaqpərvərlik, hətta verilən bir tikə yemək də korrupsiya halı kimi qələmə verilir.
Azərbaycan xalqına məxsus olan qonaqpərvərlik ənənəsini “korrupsiya faktı” adı altında qaralamaq, qələmə vermək nə deməkdir? Müzakirə olunmuş hesabatda digər qaranlıq və şübhəli məqamlarla bərabər Azərbaycanda xüsusi ictimai etiraz doğuran məhz budur. Gələn qonağa bir tikə yemək verməzlərmi?
Qeyd edək ki, milli ənənədən gələn qonaqpərvərlik keyfiyyəti Azərbaycan xalqına tarixən xas olan bir xüsusiyyətdir. Xalqımızın qonağa hörmət və ehtiram göstərməsini, qonaqpərvərliyini hələ orta əsrlərdə ölkəmizə gələn Avropa, Asiya səyyahları, tacirləri də dəfələrlə öz xatirələrində qələmə alıblar.
Politoloq Elçin Mirzəbəyli bizimlə söhbətində bildirdi ki, AŞ PA-nın məlum hesabatı başdan-ayağa qərəz üstə köklənib və burada Azərbaycan dövlətinə, xalqına qarşı əsassız ittihamlar yer alıb. Xalqımızın qonaqpərvərlik ənənəsinə bu şəkildə yanaşmanın, ona korrupsiya donu geydirməyin heç bir məntiqə söykənmədiyini deyən E.Mirzəbəylinin sözlərinə görə, bu qətnamənin, hesabatın nəyə xidmət etdiyi məlumdur: “Azərbaycandan da müxtəlif ölkələrə insanlar gedir, dövlətlərarası tədbirlərdə rəsmi şəxslər iştirak edirlər. Ölkəmizdən də beynəlxalq tədbirlərdə iştirak etmək üçün gedən rəsmi şəxslərə də həmin dövlətlərdə ziyafətlər, qonaqlıqlar verilir. Ancaq bu o demək deyil ki, Azərbaycan rəsmiləri də xaricə gedəndə onlara ziyafət verən Avropa dövlətləri rəsmiləri hansısa korrupsiya təkliflərində bulunurlar. Bu, sözsüz ki, absurd bir yanaşma tərzidir. Mən o hesabatla tanış oldum və buradakı arqumentlər kifayət qədər əsassızdır. Həmin iddialar, bütövlükdə, heç bir əhəmiyyət kəsb etmir. Onu da qeyd edim ki, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi sənədlər beynəlxalq hüququn predmeti sayılmır və bu baxımdan da heç bir hüquqi qüvvəyə malik deyil. Digər tərəfdən, dünyanın bütün ölkələrində rüşvət faktı siyasi faktor kimi deyil, cinayət aktı kimi qiymətləndirilir. Əgər kiməsə rüşvət təklif olunubsa, həmin şəxs bu faktı hüquq-mühafizə orqanı ilə rəsmləşdirməlidir. Ancaq rəsmləşdirilməmiş ifadələr səsləndirilirsə, bu, böhtandan başqa bir şey deyil. Yəni bu fikirlərin və mülahizələrin hər hansı bir əsası yoxdur”.
E.Mirzəbəyli bildirdi ki, Azərbaycan xalqına məxsus qonaqpərvərliyin bu şəkildə təqdim edilməsi doğru deyil. “Biz çox qonaqpərvərik. Bəzən də ifrat qonaqpərvərliyimiz bizim üçün problemlər yaradır. Amma şübhəsiz ki, dünyanın bütün ölkələrində yaşayan xalqlar ölkəsinə gələn qonağa daha yaxşı münasibət göstərməyə çalışırlar. Bu bir etik prosesdir. Ancaq AŞ PA-da etik normaları yaddan çıxarıblarsa, hesab edirəm ki, bu artıq Azərbaycanın deyil, onların problemidir. Onların hansı qərəzli fikirlər yaymasına baxmayaraq, Azərbaycana qonaqlar gəlib, gəlir və gələcək də, Azərbaycan xalqı da öz qonaqpərvərliyini nümayiş etdirəcək də. Bu normal bir haldır. Biz xalq olaraq verdiyimiz çörəyə görə kimdənsə nə isə ummuruq. Umsaydıq, gərək ən nankor xalq olan ermənilərdən bunun qarşılığını gözləyəydik. Onlardan gözləməmişiksə, şübhəsiz ki, avropalılardan da heç gözləmirik” -deyə E.Mirzəbəyli bildirdi.
İradə SARIYEVA