Vüqar Qədirov: “Nikol Paşinyan baş nazir vəzifəsinə iddiasını gizlətmir”
Ermənistanın üçüncü prezidenti, Respublikaçılar Partiyasının lideri Serj Sarkisyan partiyasının parlamentdəki fraksiyasına və deputatlara müraciət ünvanlayıb.
Müraciətdə deyilir: “Mən yenidən sizin vasitənizlə xalqımıza müraciət etmək məcburiyyətindəyəm. Siyasi proseslərə qarışmaq istəməsəm də, indi hesab edirəm ki, bunu etməliyəm. Sizi özümlə görüşə dəvət edirəm ki, istefamın səbəblərinin təfərrüatlarını açıqlayım. Ölkənin inkişafı naminə mən sizə partiyamızın gələcəyi, onun yeni rəhbərliyi və islahatların zəruriliyi barədə təsəvvürlərimi çatdırmaq istəyirəm. Sizi sülh və sabitliyi müzakirə etməyə dəvət edirəm. Görüşü ERP fraksiyasının rəhbəri təşkil edəcək”.
Qeyd edək ki, Sarkisyan istefa versə də, etirazçılar hələ də istəklərinə tam çata bilməyiblər. Hazırda Ermənistandakı hakimiyyət S.Sarkisyanın partiyasının əlindədir. Bəzi ekspertlər hesab edirlər ki, S.Sarkisyanın istefaya getməsi çoxgedişli kombinasiyanın tərkib elementi olub və onun yenidən hakimiyyətə qayıtmaq kimi planı var. Onun son müraciəti də maraqlı görünür. Bütün bunların fonunda, Serj Sarkisyanın hakimiyyətə qayıtmaq şansını necə dəyərləndirə bilərik?
Politoloq Vüqar Qədirovun sözlərinə görə, bu inandırıcı görünmür: “Bu gün artıq S.Sarkisyan erasının bitdiyini söyləmək olar. Hazırda Ermənistanda hakimiyyətin bundan sonrakı taleyi məsələsi gündəmə gəlib. Bu yöndə gedən müzakirələrdə Sarkisyanın namizədliyi nəzərdən keçirilə bilməz. Onun son çabaları partiyasını hakimiyyətdə saxlamağa yönəlib. Sarkisyan hakimiyyətə qan töküb gəldi. 10 illik prezidentliyi dönəmində özünə xeyli düşmən qazanıb. Eyni zamanda böyük varidata sahiblənib. Buna görə də o özünə, biznesinə, ailəsinə təminat istəyir. Bunun da ən optimal yolu təmsil olunduğu klanın hakimiyyəti qoruyub saxlamasıdır. Onun yenidən etdiyi müraciətin məğzi buna hesablanıb. Heç şübhəsiz ki, inqilabın əsas lideri olan Nikol Paşinyanın öz iddiaları var. N.Paşinyan artıq son bəyanatlarında bildirir ki, xalq etimad göstərərsə, o, bu dövlətə rəhbərlik edə bilər. Yəni Paşinyan baş nazir vəzifəsinə iddiasını gizlətmir. Ermənistan qanunvericiliyinə görə, indiki halda bir həftə ərzində parlamentdə fraksiyalar baş nazirliyə namizədləri irəli sürməlidirlər. Bir həftə ərzində seçkilər keçirilməlidir, yeni baş nazir seçilməlidir. Paşinyanın da mövqeyinə görə, yalnız bundan sonra müvəqqəti hökumətin formalaşması və növbədənkənar parlament seçkilərinin keçirilməsi planı artıq elan edilib. Ermənistan Konstitusiyasının tələblərinə əsasən, əgər baş nazir seçkilərində heç bir namizədin qələbəsi baş tutmazsa, belə olan vəziyyətdə təkrar seçkilər keçirilir. Təkrar seçkilər nəticəsində isə yeni baş nazir müəyyən edilməlidir. S.Sarkisyan hakimiyyətdən getsə də, onun Respublikaçılar Partiyası bu gün hakimiyyətdədir, parlamentdə çoxluq onların əlindədir. Onlar çalışacaqlar ki, bu imkanlardan istifadə edib parlamentdə yeni baş nazirin seçkisi zamanı öz üstünlüklərindən istifadə edib istədikləri namizədi, istisna deyil ki, Karapetyanı hakimiyyətə gətirsinlər. Lakin hadisələrin gedişi göstərir ki, Paşinyan Karapetyanın da hakimiyyətə gəlməsində maraqlı deyil, hətta müvəqqəti olaraq onun baş nazir olmasını istəmir. Paşinyan artıq hiss edir ki, inqilabı o edib, lakin ondan başqaları bəhrələnmək istəyir. Bu səbəbdən xalqı yenidən küçələrə səsləyib. Sarkisyanın hakimiyyətə qayıtması mümkün deyil. Ancaq bizim üçün kimin hakimiyyətə gələcəyi çox maraqlıdır. Hakimiyyətə yeni gələn adam S.Sarkisyanın kursunu davam etdirəcəksə, onda Ermənistanı bundan da ağır günlər gözləyir. Xalq bunu anladığı üçün inqilab etdi”.
Məhəmmədəli QƏRİBLİ