Məhəmməd Əsədullazadə: “Türkiyə müstəqil siyasət yürüdən beynəlxalq oyunçudur və…”
Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub.
Bununla yanaşı, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada iki ölkənin nüfuzunu artırıb. Sözügedən layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib. Türkiyə ilə əlaqələrin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib. Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Prezident İlham Əliyevin Türkiyəyə son səfəri bunu bir daha sübut etdi. Bütün bunların fonunda, Türkiyə-Azərbaycan strateji münasibətləri regionda sülh və təhlükəsizliyin təmin olunmasında necə rol oynayır? Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: “Türkiyə ilə Azərbaycan arasında dostluq və strateji əməkdaşlıq iki ölkənin qardaşlıq əlaqələrinə söykənir. Prezident İlham Əliyevin inauqurasiya mərasimindən sonra ilk xarici səfəri qardaş ölkəyə edərək 7-ci strateji əməkdaşlıq konfransında iştirak etməsi iki ölkənin regional çəkisinin artmasında mühüm əhəmiyyət kəsb edir. Türkiyə müstəqil siyasət yürüdən beynəlxalq oyunçudur və öz milli maraqlarını öz sərhədlərindən kənarda hərbi qüvvələri ilə qoruyan güclü ölkədir. Qeyd edim ki, Türkiyə ilə ölkəmizin silahlı qüvvələri birgə mütəmadi təlimlər keçirir. Hərbi-texniki əməkdaşlıq yüksək səviyyədədir. Məhz iki ölkə Bakı-Tiflis-Ceyhan boru kəmərinin birgə təhlükəsizliyini təmin etməklə, regionda beynəlxalq əhəmiyyətli enerji layihəsinin təhlükəsizliyinə töhfə verir. Bakı ilə Ankara arasında siyasi-iqtisadi və hərbi əlaqələr regionda ümumi təhlükəsizliyin qarantıdır. Ankaranın Cənubi Qafqazda öz siyasi maraqlarını təmin etmək, burada Rusiyanın təsirini azaltmaq üçün Bakı ilə əlaqələri həm də bu ölkənin xarici-strateji maraqlarına cavab verir. Prezidentin Türkiyə səfəri dəyişən regional şərtlər fonunda və xarici təhdidlərə qarşı birgə mübarizə üçün xüsusi səfər idi. Hesab edirəm ki, Türkiyə Qarabağ münaqişəsinin həllində öz fəallığını necə qoruyubsa, bundan sonra da eyni xətti aparacaq. Hazırda Ermənistanda baş verən “məxməri inqilab” regionun gələcəyi, xüsusilə Qarabağ münaqişəsinin həlli ilə bağlı aparıla biləcək danışıqlarda fasilə yaradıb. Həm də Ermənistan daxili etirazları yatırmaq üçün cəbhədə təxribata əl ata bilər. Burada Türkiyənin Azərbaycana dəstəyi şübhəsiz olacaq və Ankara öz sülhsevər missiyası ilə regionda təhlükəsizliyin təmin olunmasında Bakı ilə birgə əməkdaşlığını inkişaf etdirəcək”.
Vidadi ORDAHALLI