Yeganə Hacıyeva: “Çünki bu, özlüyündə çox geniş anlayışdır və ən əsası, sabah eyni saziş və ya oxşar saziş Ermənistanla imzalansa...”
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, bir neçə həftədir Brüsseldə keçiriləcək Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitinin bəyannaməsi üzərində danışıqlar aparılır:
“Bəyannamənin ilkin versiyası ilə çoxdan tanışıq. İşlər gedir. Görüşlər keçirilir. Azərbaycanın mövqeyinin öz əksini tapması üçün çalışırıq”. Nazir müavini qeyd edib ki, aviasiya sazişi üzərində də işlər davam etdirilir: “Bir-iki məsələ həll olunsa, sazişi sammitdə imzalamaq olmasa da, paraflamaq olar. Bu, Azərbaycan üçün maraqlı sazişdir. Sazişdə insanlar arasında ünsiyyət, gediş-gəliş və sair məsələlər olacaq. Bu, əlbəttə ki, yaxşı saziş olmalıdır”. “Düşünürəm ki, çalışsaq, gələn il ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqları bitirmək olar” – deyən nazir müavini bildirib ki, saziş üzrə növbəti görüş noyabrın 27-28-də olacaq: “Görüş siyasi və təhlükəsizlik məsələləri bloku üzrə olacaq. Ardınca videokonfrans ola bilər. Sonra hamı istirahətə gedir. İnanmıram ki, ilin sonunadək sazişi razılaşdırmaq olar, bu real görünmür. Orada bir neçə ciddi məsələ var. Ticarət, investisiya, sektoral, siyasi və təhlükəsizlik kimi ciddi bloklar müzakirə olunur”. Diplomat qeyd edib ki, Azərbaycan tərəfi sazişin adı ilə bağlı məsələni hələ qaldırmır: “Hər iki tərəf adla bağlı öz versiyasını irəli sürüb. İstəyirik ki, bu, vacib, hərtərəfli və dərin saziş olsun. Adının müəyyənləşməsi ilə bağlı sonuncu mərhələdə danışmaq olar”. M.Məmmədquliyev deyib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üzrə sonuncu alt komitənin iclası dekabr ayında Brüsseldə keçirilməlidir. O bildirib ki, artıq 3 alt komitənin iclası keçirilib: “Yalnız Humanitar və sosial məsələlər üzrə alt komitənin iclası qalıb. Ondan sonra alt komitələr bitəcək və Əməkdaşlıq komitəsinin iclası olacaq. Əməkdaşlıq komitəsinin iclası gələn il olacaq”.
M.Məmmədquliyevin açıqlamasından belə aydın olur ki, sazişin adının necə olması ilə bağlı tərəflər arasında fikir ayrılığı var. Sazişin adının hansı variantda olması Azərbaycan üçün məqbul sayıla bilər?
Avropa qurumları ilə sıx əməkdaşlıq edən politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq tərəflər üçün strateji əhəmiyyətli, qarşılıqlı faydalılıq, ümumi dəyərlərə və bütün istiqamətlərdə qarşılıqlı maraqlara söykənərək çox geniş sahələri əhatə edir: “Bura siyasi əlaqələr, energetika, nəqliyyat, təhlükəsizlik, humanitar, təhsil, mədəniyyət, qanunvericilik və prosedurların Aİ qanunvericiliyi və prosedurlarına uyğunlaşdırılması, multikulturalizm və demokratiyanın inkşafı ilə bağlı məsələlər daxildir.
Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol alan, müsəlman ölkəsi kimi tolerant, multikultural və dünyəvi sekulyar cəmiyyətə malik və ən əsası, Cənubi Qafqaz regionunda sabit və etibarlı tərəfdaşıdır və bu strateji Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının mövcud mexanizmləri çərçivəsində danışıqlar davam edir.
Qeyd edim ki, Avropa İttifaqı ilə Azərbaycan arasında üzərində işlənən yeni saziş tərəflər üzərində maksimum diqqət və məsuliyyət tələb edən bir prosesdir. Belə ki, yeni siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında müzakirə edilən bu saziş Azərbaycanla Aİ arasında münasibətlərin hüquqi əsası olan və 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəzləmək niyyəti güdür.
Bura onu da qeyd etmək lazımdır ki, Avropa İttifaqı özünün üzv dövlətlərin üçdə birindən çoxu ilə artıq strateji tərəfdaş olan, strateji coğrafi önəm daşıyan cənub-şərqi qonşusu ilə fərqləndirilmiş yanaşma seçməyə ehtiyac olduğunu qəbul edir. Aİ, ilk dəfə olaraq, Dünya Ticarət Təşkilatına daxil olmayan bir ölkə ilə iqtisadi razılaşmaya gəlir və ən əsası, işlənən bu yeni saziş Aİ üçün gələcəkdə Mərkəzi və Şərqi Asya ölkələri və Çin ilə transkontenental iqtisadi əməkdaşlıq proqramlarında baza rolunu oynaya biləcək bir mexanizm kimi nəzərdə tutulur.
Bu qədər vacib, hərtərəfli və dərin sazişin adı ilə bağlı, daha öncədə qeyd edildiyi kimi, konkret razılaşma yoxdur və tərəflərin öz versiyası mövcuddur.
Sazişin adının necə olmasının tərəflər üçün, xüsusən də Azərbaycan üçün mühümlüyünu onun mövcud və gələcək əməkdaşlığın ruhuna uyğun olması təşkil edir və bu istiqamətdə də tərəflərarası razılaşma olacağına əminəm. Avropa İttifaqının yanaşması budur ki, strateji tərəfdaşlıq sazişi olsun. Bizimkiləri narahat edən söz tərəfdaşlıqla bağlıdır. Çünki bu, özlüyündə çox geniş anlayışdır və ən əsası, sabah eyni saziş və ya oxşar saziş Ermənistanla imzalansa, onda belə çıxır ki, biz ermənilərlə eyni qurumda tərəfdaşıq. Yəni torpağımızı işğal etmiş, 1 milyon vətəndaşımızı qaçqın olmağa məcbur edən və iqtisadiyyatımıza milyardlarla ziyan vuran təcavüzkar qonşu ilə tərəfdaş olmaq bizi qane edə bilməz. Fikir ayrılığı bununla bağlıdır”.
Məhəmmədəli QƏRİBLİ