Vüqar Qədirov: “Bu proses sübut etdi ki, dünyanın bir çox ölkələri layihəyə dəstək verməklə onun təşəbbüskarı ilə həmrəy olduqlarını ortaya qoydular”
Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Mədəniyyət və Turizm Nazirliyinə aidiyyəti dövlət qurumları ilə birlikdə və tərəfdaş beynəlxalq təşkilatların təklifləri nəzərə alınmaqla, “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu iki ildən bir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi həmin forumlarla bağlı tədbirlər üzrə əlaqələndirici orqan müəyyən edilib.
“Bakı Prosesi” nin 10 illik fəaliyyətində nə əldə edilib? Bunun yekunlarını necə dəyərləndirmək olar?
Ekspert Vüqar Qədirov qəzetimizə bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünün bəhrəsi olan və 10 illiyi qeyd edilən “Bakı Prosesi” təkcə ölkəmiz üçün deyil, bütün bəşəriyyət üçün çox şey verib: “Mən bu bəhrəni illər üzrə təsnifatlandırmaq istəmirəm. Çünki buna ən dolğun cavabı elə Prezidentin imzaladığı sərəncam verir. Sərəncamda 10 il ərzində görülən işlər barədə ilbəil məlumat verilir. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş “Bakı Prosesi”nin əhəmiyyəti beynəlxalq media tərəfindən xüsusi olaraq vurğulanır. Bununla sübut olunur ki, Azərbaycan dünyaya yalnız enerji daşıyıcıları deyil, multikultural dəyərləri, ümumbəşəri ideyaları, birgəyaşayış meyarlarını da ixrac edir.
Bu illər ərzində “Bakı Prosesi” mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi üçün qlobal platforma yaratmış oldu. Bu proses sübut etdi ki, dünyanın bir çox ölkələri layihəyə dəstək verməklə onun təşəbbüskarı ilə həmrəy olduqlarını ortaya qoydular. Hazırda bir çox ölkələr dialoqa inanır, sərmayələr yatırmaqla, layihələrlə, fəal əməkdaşlıqla onu dəstəkləyirlər. Bu ölkələr nəcib missiyalarını davam etdirməyə təşviq edilməlidir. Yalnız belə təşəbbüsləri dəstəkləməklə gələcək nəsillər üçün daha firavan gələcəyə nail olmaq mümkündür.
Bu gün Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair sanballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilib. Bunun da həm coğrafi, həm tarixi, həm də mədəni əsasları var. Çünki Azərbaycanda bütün xalqlar, dinlərin nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Prezident İlham Əliyevin dediyi kimi, ölkədə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir: "Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir". Əlbəttə, bu sözlər Prezident İlham Əliyevin strateji mövqeyini dəqiq nümayiş etdirir. Həmin mövqeyə görə, çox zəngin tarixi və mədəni irsi, dini və sosial tolerantlıq ənənələri olan Azərbaycan hazırda mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı təsiri məkanına uğurla transformasiya olunur, özünün zəngin təcrübəsini dünya ictimaiyyətinə təklif edir. Bütün bunları “Bakı Prosesi”nin 10 illik uğuru kimi dəyərləndirə bilərik”.
Məhəmmədəli QƏRİBLİ