Məhərrəm Zülfüqarlı: “O baxımdan bununla bağlı keçirilən tədbirləri dəstəkləyirəm”
Prezident İlham Əliyevin “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında Sərəncam imzalaması bir sıra nüansları ilə böyük marağa səbəb olub. Sərəncamda bir sıra məsələlərə toxunulub.
Sərəncamda deyilir: “2010-cu ildə “Bakı Prosesi” artıq regional təşəbbüsdən qlobal çağırışa çevrilməyə başlayıb. Ötən on il ərzində ölkədə “Bakı Prosesi” çərçivəsində, həmçinin, bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbir və layihə gerçəkləşdirilib. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları BMT və strukturlarının mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayrıseçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanıb. 2016-cı ilin aprelində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi bu uğurlu prosesin və fəaliyyətin nəticəsidir.
Beynəlxalq miqyaslı tədbirlər sırasında Bakı Beynəlxalq Humanitar Forumunun da xüsusi yeri var. Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparılması üçün tanınmış dövlət xadimlərini, Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini dəfələrlə bir araya gətirib”.
“Bakı Prosesi”nin regional təşəbbüsdən qlobal çağırışa çevrilməsi fikrinin arxasında nələri başa düşmək olar?
Sözügedən məsələni dəyərləndirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının sözlərinə görə, həqiqətən də “Bakı Prosesi” beynəlxalq çağırışa çevrilib: “Bunu şərtləndirən bir sıra faktorlar var. Çünki bununla bağlı Azərbaycanda keçirilən tədbirlərin miqyası kifayət qədər böyükdür, regional çərçivəyə sığmır. Bu da Azərbaycanın regionda və dünyada artan nüfuzundan xəbər verir. Məsələ ondadır ki, Azərbaycan olduqca strateji əhəmiyyətli bir bölgədə yerləşir. Azərbaycanın artan nüfuzu onun bir sıra çağırışlar, təşəbbüslərlə çıxış etməsinə şərait yaradır. Ötən illər ərzində həqiqətən də “Bakı Prosesi” çərçivəsində bir sıra böyük tədbirlər keçirilib. Dünyanın müxtəlif ölkələrində bu tədbirlərə müxtəlif səviyyəli qonaqlar təşrif buyurub. Azərbaycan regionda hər zaman sülhsevər mövqedən çıxış edib. “Bakı Prosesi” çərçivəsində keçirilən tədbirlər bir daha bunu sübut etdi. O üzdən, Azərbaycanın önəmi həm regionda, həm də dünyada artır. O baxımdan bununla bağlı keçirilən tədbirləri dəstəkləyirəm”.
Vidadi ORDAHALLI