Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb. XIN-in mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, görüşdə 2017-ci ildə Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu bildirilib və iki dövlət arasında mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. İkitərəfli əlaqələrin inkişafında 3 iyul 2008-ci il tarixli “Dostluq və strateji əməkdaşlıq haqqında Bakı Bəyannaməsi”nin siyasi əhəmiyyəti qeyd edilib.
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında olan səmimi dostluğun və dialoqun ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafına xüsusi təkan verdiyi vurğulanıb.
Nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına nəzər salıb və perspektiv inkişaf istiqamətlərini müzakirə ediblər.
Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edib və danışıqlarda canlanma və intensivliyin yaranmasını təqdir ediblər. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında mövcud olan uğurlu əməkdaşlıq qeyd olunub.
Ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində Hökumətlərarası birgə komissiyanın, XİN-lər arası siyasi məshələtləşmə mexanizminin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin, 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Məclisi arasında imzalanmış əməkdaşlıq haqqında Sazişin müddəaları əsasında birbaşa parlamentlərarası əlaqələrin və beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın davamlı xarakter daşımasından məmnunluq bildirilib.
İki ölkə arasında ticarət dövriyyəsinin həcminin və ticarət əlaqələrinin genişlənməsində 2011-ci ildən keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumunun önəmli rolu qeyd olunaraq, iki ölkənin birgə səyləri nəticəsində iqtisadi-ticarət əlaqələrinin inkişafı və ticarət dövriyyəsinin, qarşılıqlı turist axınının artmasına xüsusi diqqət çəkilib.
Görüşdə Azərbaycan-Rusiya-İran formatında üçtərəfli əsasda əməkdaşlığın inkişaf etməsi və Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində olan birgə tədbirlər yüksək qiymətləndirilib.
Nazirlər humanitar sahədə ikitərəfli əməkdaşlıq proqramları əsasında mədəniyyət və ictimaiyyət, elm və təhsil, informasiya və gənclər siyasəti sahələrində əməkdaşlığın gələcəkdə genişləndirilməsi və təkmilləşdirilməsi yönündə müzakirələr aparıb və iki ölkənin himayəsi ilə keçirilən Bakı Humanitar Forumunun vacibliyi qeyd olunub.
Görüşdə, həmçinin, Xəzər dənizinin hüquqi statusu, müqavilə-hüquq bazasının geniıləndirilməsi, eyni zamanda regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Məmmədyarov İrəvana getməzdən qabaq Lavrova nə deyib?
Dağlıq Qarabağla bağlı bütün ideyalar danışıqlar masasındadır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu sözləri rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
Nazir vurğulayıb ki, bu asan məsələ deyil: “Status-kvo qəbuledilməzdir və dayanıqlı deyil. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını tələb edir”.
Azərbaycan XİN rəhəbri əlav edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün həll yollarını tapmaq lazımdır.
S.Lavrovla danışıqlara toxunan E.Məmmədyarov qeyd edib ki, tərəflər ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Rusiyanın ATƏT Minsk rupunun həmsədri qismində rolunu müzakirə edib: “Mən Rusiya XİN rəhbərini Azərbaycanın mövqeyi barədə və Moskvada həmsədrlərlə müzakirələrin yekunu barədə məlumatlandırdım. Mən həmsədrlərlə predmet danışıqlar apadım. Bu gün isə həlli yolları tapılmalı olan məsələləri müzakirə etdik. Mən İrəvana səfəri ərəfəsində S.Lavrovu məlumatlandırdım ki, məsələnin bu vəziyyətdən çıxmasına kömək edə biləcək həll yolları mövcuddur”.
Məmmədyarov Lavrova yeni üçtərəfli format təklif etdi, ancaq Lavrov…
Azərbaycan-Rusiya-Qazaxıstan formatı üçtərəfli əməkdaşlıq üçün optimal variantdır
Azərbaycan-Rusiya-Qazaxıstan formatı üçtərəfli əməkdaşlıq üçün optimal variantdır. Bunu da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
E.Məmmədyarov deyib: “Mənim qazaxıstanlı həmkarım bu cür formatın yaradılmasında marağını ifadə edib. Fikrimcə, bu format regional proseslərin inkişafı üçün optimal variantdır”.
S.Lavrov öz növbəsində qeyd edib ki, bu cür formatın yaradılması qarşılıqlı maraqlara əsaslanmalıdır: “Məsələn, Rusiya-Azərbaycan-İran formatı “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişaf etdirilməsində birgə marağın olması nəticəsində yaranmışdı”.
“Rusiya yüklərini Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə ilə nəql edə bilər”- deyə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.
“Diplomatiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək iqtidarındadır”- deyən Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha sonra bildirib: "Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunduq. Müqayişə heç kimə sərf etmir. Həll yolunu tapmaq lazımdır. Biz ATƏT-in Minsk Qrupunun həmsədri kimi qarşlıqlı qəbul edilən sülh yollarını axtarmaqda davam edəcəyik".
Xəzərin statusu ilə bağlı sammitin təşkili üçün işgüzar ideyalar var…
“Rusiya tərəfi dekabr ayında Xəzərin statusu ilə bağlı görüşə təşəbbüs göstərəcək” – deyən Elmar Məmmədyarov daha sonra bildirib: “Biz Xəzərin hüquqi statusu barədə fikir mübadiləsi apardıq. Rusiya dekabrın əvvəlində nazirlər səviyyəsində yeni məsləhətləşmələrə təşəbbüs göstərəcək. Əlbəttə, Azərbaycan nümayəndə heyəti orada iştirak edəcək. Bizə Xəzər dənizinin hüquqi statusu məsələsinin həlli üçün Xəzəryanı dövlətlərin sammitinin təşkil olunmasına imkan verəcək işgüzar ideyalar mövcuddur”.
Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə sənəd imzalandı…
Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə zərf imzalanıb. “Trend”in məlumatına görə, sənədi Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov imzalayıb.
S.Lavrov deyib: “Biz diplomatik münasibətlərin 25 illiyini qeyd edirik. Bu müddət ərzində biz mühüm nəticələrə nail olmuşuq. Ölkələrimiz strateji tərəfdaşdır. Biz iki ölkə arasında ticarət dövriyyəsinin artımını müşahidə etmişik. Bundan başqa, biz beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirik. Münaqişə heç kimə sərf etmir”.
Münaqişənin həlli üçün köhnə və yeni ideyalar vahid sənəddə…
"Köhnə və yeni ideyaların hamısı masa üzərindədir. Biz bu ideyalardan tərəflər üçün məqbul olan vahid sənəd yaratmalıyıq. Problem asan olsaydı, çoxdan həll olunmuşdu". APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Həmsədrlərin sayına gəldikdə, E.Məmmədyarov qeyd edib ki, üç həmsədr BMT Təhlükəsizlik Şurasındakı çoxluğu təşkil edirsə, bunu necə artırmaq olar?
"Ağıla Türkiyə gəlir. Türkiyə isə artıq Minsk Qrupunun üzvüdür. Biz müzakirələrdə aprel hadisələrini də yada saldıq. Vəziyyət qeyri-sabitdir və gərgin olaraq qalır. Dəfələrlə qeyd etmişik ki, siyasi iradə tələb edən addım atmalıyıq. Hansı addımlar atmalı olduğumuzu hamı bilir. Sadəcə hərəkətin sürəti zəifdir. Azərbaycan qətnamələrin icrasını tələb edir. Münaqişənin həlli üçün səylər üçqat artırılmalıdır", - deyən nazir daha sonra qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin son tarixi yoxdur. Qətnamə yerinə yetirilməyənə qədər qüvvədə qalır. Nazir bildirib ki, BMT qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir.
"Mən bu qətnamələrin yerinə yetiriləcəyinə şübhə etmirəm. Biz bu istiqamətdə irəliləyirik", - deyə nazir vurğulayıb.
Sergey Lavrovun Qarabağa dair iki maraqlı eyhamı…
Sənədlər paket halındadır və elə paraqraflar var ki…
“Bütün addımlar dəfələrlə müzakirə olunub və ATƏT-in sənədlərində, həmsədrlərin bəyanatlarında öz əksini tapıb. Menyu masa üzərindədir”. APA-nın məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənədlər paket sənədlər kimi tərtib olunub: “Bu və digər elementi çıxarmaq mümkün olmur. Əks tərəf düşünə bilir ki, tarazlıq pozulur. Diplomatiya hər iki tərəf üçün məqbul olan variantı tapacaq”.
S. Lavrov jurnalistin ATƏT-in Minsk Qrupu həmsədrlərinin sayının artırılması ehtimalı barədə sualına cavabında bunu ilk dəfədir eşitdiyini deyib: “Münaqişənin həlli ilə bağlı razılaşdırılmış format var. Üç həmsədr təcrid olunmuş şəkildə işləmir. Minsk Qrupunda həll prosesi ilə maraqlanan tərəflər də mövcuddur. Minsk Qrupu həmsədrlərinin sayının artırılması haqda ilk dəfədir sizdən eşidirəm. Yeni bir təklif prosesin qəsdən və ya istəmədən pozulmasına gətirə bilər”.
Lavrov Azərbaycan-Rusiya-Türkiyə formatının yaradılmasına həvəsli yanaşmadı
“Hər bir formatın dəyəri olmalıdır”. APA-nın məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan-Türkiyə-Rusiya formatının yaradılmasının mümkünlüyü ilə bağlı suala cavabında deyib.
Nazir bildirib ki, hazırda mövcud olan Rusiya-Azərbaycan-İran formatı tərəflərin qarşılıqlı maraqları əsasında yaranıb: “Bu əməkdaşlıq xüsusilə beynəlxalq nəqliyyat dəhlizinin müvafiq hissəsinin qurulmasına yönəlib. Müxtəlif üçlüklər yaratmaq olar, əsas odur ki, məzmun olsun”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə deyib ki, Azərbaycan-Türkiyə-Rusiya formatı Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyaya məxsus yüklərinin Türkiyə və Aralıq dənizinə çatdırılması üçün yaradıla bilər: “Üçtərəfli formatlar özünü doğruldub. Türkiyə-Azərbaycan-Gürcüstan ilk bu tip formatlardan biridir”.
Baki-xeber.com