NATO-nun Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Türkiyənin hazırkı pezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının hədəf kimi götərilməsi hər şeydən öncə bir millətin dəyərlərinə qarşı olan hörmətsizlikdir. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlunun sözlərinə görə, Türkiyə ilə NATO-nun 65 illik müttəfiqliyi nəzərə alınsa, hazırki münasibəti izah etmək bir qədər çətinləşir: “Ancaq bu çətin məsələnin çox sadə izahı var. Bu isə ondan ibarətdir ki, Turkiyə NATO üçün Varşava Blokuna qarşı geostrateji mövqeyinə görə müttəfiq seçilmişdı. Bu hərbi siyasi və hərbi ideoloji blokun dağılmasından isə artıq əsrin dörddə biri qədər vaxt keçib. Yeni geostrateji şərtlər formalaşıb, hətta iş o yerə gəlib çatıb ki, bu gün Varşava Blokunu yaradan ölkənin siyasi varisi Rusiya ilə Türkiyə arasında sürətlə irəliləyən strateji əməkdşlıq müşahidə olunur. Bunun səbəbi isə son illərdə NATO-nun Türkiyəyə müttəfiq kimi deyil, daha çox bu dövlətin təhlükəsizliyini təhdid edən hərbi-siyasi mərkəz kimi çıxış etməsi, Yaxın Şərqdə baş verən mühüm tarixi proseslərdə öz müttəfiqinin maraqlarını israrla gözardı etməsidir”.
H.Babaoğlu bildirib ki, belə olduqda isə Türkiyə məcburən yeni müttəfiqlər axtarışına çıxmalıdır: "Ancaq hələ bu da hamısı deyil. 2000-ci illərin əvvəllərində yenə NATO-nun təlimlərinin birində NATO-nun yeni Yaxın Şərq və Şimali Afrika layihəsinin xəritəsində Türkiyə ərazisində bir neçə qondarma dövlət göstərilmişdi. Hadisələr sübut etdi ki, belə hallar təsadüfi baş vermir. Çünki sonrakı mərhələdə biz Şimali Atlantika Blokunun Müsəlman Şərqində apardığı hibrid müharibələrdə Türkiyəni də parçalamağa cədlər etdiyinin şahidi olduq. Bu gün də Türkiyə təkçə təlimlərdə hədəf deyil, elə real hərbi–siyasi proseslərdə də üzvü olduğu hərbi blokun hədəflərindən biridir. Bunu Türkiyədə də gözəl bilirlər. Ancaq 2000-ci illərdə zəif olduqlarına görə belə sərt reaksiya verə bilmirdilər. Bu günsə qardaş Türkiyə Cümhuriyyəti belə mənəviyyatsız həmlələrə layiqincə cavab vermək gücündədər. Türk xalqı və höküməti 15 iyul 2016-cı il hadisələrində ən təhlükəli və ən mənəviyyatsız müdaxiləyə layiqincə cavab verməyi bacardı”.
Deputat hesab edir ki, NATO rəhbərliyinin Türkiyədən üzr istəməsinə gəldikdə isə bunun səmimi olduğuna kimisə inandırmaq çətindir: “Çünki belə hallar sistematik olaraq baş verir. Ona görə də Türkiyə yalnız özünə güvənməli, yeni geosiyasi şərtlərin tələblərinə uyğun olaraq regionda yeni güc mərkəzi formalaşdırmalıdır. Çünki postbipolyar dünya nizamı sona çatır. Hazırda multipolyar yəni çoxqütblü dünya nizamının yaranmasına doğru gedirik. Niyə də bu çoxqütblü nizamda Türkiyə və müttəfiqləri yeni güc mərkəzi olmasınlar”.
NATO-nun Türkiyəyə münasibətində qısqanclıq elementləri görünür
Deputat Aydın Hüseynov isə bildirib ki, NATO-nun təlimləri zamanı öz tərəfdaşının, üzvü olan bir ölkənin yaradıcısı Mustafa Kamal Atatürkün və ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın şəkillərini poliqonda hədəf qismində istifadə etməsi böyük təəssüf hissi doğurur.
A.Hüseynov bildirib ki, sonuncu minilliyə nəzər salsaq, dünyada baş verən proseslərdə Türkiyənin yaxşı mənada özünəməxsus rolu olduğunu görə bilərik: “Yəni Türkiyə dünyada yaxşı mənada öz sözünü demiş bir dövlətdir və bu gün də NATO-nun üzvü kimi təşkilat üçün böyük xidmətləri var. Əlbəttə Türkiyə kimi böyük bir dövlətin yaradıcısı olan tarixi bir şəxsiyyətin və dövlət başçısının şəkillərinə o tərzdə yanaşılması yolverilməzdir, tarixi şəxsiyyətlərə olan hörmətsizlikdir”.
Deputat hesab edir ki, Türkiyə regionda söz sahibidir və Türkiyənin nüfuzu artdıqca NATO-nun ölkəyə qarşı bu cür münasibətində qısqanclıq elementləri müşahidə olunur.
Qeyd edək ki, Norveçdə NATO-nun hərbi təlimləri zamanı "düşmənlər"in fotolarının olduğu stend quraşdırılıb və həmin hədəf stendində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkilləri əks olunub.
"Türkiyəyə qarşı belə tərbiyəsizliyə yol verilməməli idi"
NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti R. T. Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarını qoyan şəxslərin işdən azad edildiyini qeyd edən millət vəkili Fazil Mustafa isə APA-ya açıqlamasında Türkiyəyə qarşı belə bir tərbiyəsizliyə yol verilməməli olduğunu vurğulayıb: “Bu hadisə haqlı olaraq Türkiyədə müəyyən etirazlar doğurub. Bu məsələdə Türkiyənin mövqeyi haqlı idi və bu haqlı mövqeyə görə də NATO Türkiyədən üzr istədi. Məsələni çox dərinləşməyə qoymadılar. Amma bu, yaxşı bir presedent deyil. Çünki hər bir xalqın öz dəyərləri, atributları, dövləti təmsil edən şəxslər var. Onlara qarşı hörmətsizlik yolverilməzdir”.
Qeyd edək ki, NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib. Türkiyə prezidenti R. T. Ərdoğan hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırıldığını açıqlayıb. NATO-nun rəsmi açıqlamasında R. T. Ərdoğanın fotosunu hədəf kimi qoyan zabitin artıq işdən azad edildiyi bildirilib. Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi, onun da işdən kənarlaşdırıldığı açıqlanıb. NATO baş katibi Yens Stoltenberq Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsi ilə bağlı Türkiyədən üzr istəyib. NATO-nun Müttəfiq Qüvvələr Komandanlığı isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına üzrxahlıq məktubu yollayıb.