Qabil Hüseynli: “Rusiya rəsmiləri konflikt tərəflərilə görüşdə belə pessimist ruhda olmurlar”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, Küveyt və Qətər səfərlərinin yekunları barədə danışıb. Jurnalistlərlə söhbətində Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə müzakirə etdiyi Dağlıq Qarabağ münaqişəsi mövzusuna da toxunub:
“Biz cənab Putinlə Dağlıq Qarabağ problemini müzakirə etdik. Daha öncə qəbul edilmiş və işğal olunmuş yeddi rayondan beşinin qaytarılması ilə bağlı qərar mövcuddur (Ərdoğan BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərdə tutur – red). Biz bunun üzərində dayandıq ki, həmin qərarlar icra edilməlidir. Cənab Putin müsbət yanaşır, lakin başa düşdüyümə görə xüsusi ümid bəsləmir. Düşünürəm ki, onun ümidsizliyi iki ölkə arasında münasibətlərlə bağlıdır”.
Qeyd edək ki, Putinlə Ərdoğan arasında danışıqlar bir neçə gün bundan əvvəl baş tutub. Prezidentlər və onların mətbuat xidmətləri görüşün Dağlıq Qarabağ münaqişəsi üzrə nəticələrini şərh etməyiblər, halbuki, Ərdoğan Azərbaycan üçün çox vacib olan bu mövzunun müzakirəsini anons etmişdi. Noyabrın 22-də Rusiya və Türkiyə prezidentləri yenidən Soçidə görüşəcəklər.
Göründüyü kimi, Ərdoğan Putinin Dağlıq Qarabağ probleminin həllinə xüsusi ümid bəsləmədiyini bildirib. Putinin belə pessimizminə nə səbəb ola bilər?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Rusiyanın Dağlıq Qarabağda nümayiş etdirdiyi qərəz göz qabağındadır. Onun qənaətinə əsasən, Moskva bu münaqişənin həllində yumşaq mövqe göstərir və bu məsələni Ermənistanın xeyrinə həll etmək istəyir: “Rusiya prezidenti öz neoimperialist siyasətini gizlətmir, açıq şəkildə bildirir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məyusluğu da bununla izah olunur. O bilməlidir ki, Rusiya kimi dünyaya meydan oxuyan ölkə ilə çox ehtiyatlı olmaq lazımdır. Rusiya hər bir imperialist dövlət kimi təzyiq etməyi xoşlayır. Ərdoğan da düşünür ki, bir neçə məsələdə Putinlə razılaşıbsa, deməli, bütün beynəlxalq və regional məsələlərdə razılığa gəlmək mümkündür. Türkiyənin özünün heç Rusiya ilə münasibətlərinin gələcəyini görmür. Hazırda Türkiyə-Rusiya münasibətləri hələ ki, ikincinin xeyrinə işləməkdədir. Dağlıq Qarabağ konflikti qloballaşıb. Düzdür, Rusiyanın təsiri daha güclü ola bilər. Ancaq proseslərin gedişi hər an dəyişə bilər. Təbii ki, Türkiyə bu konfliktdə birbaşa tərəf olmadığı üçün Putin Ərdoğanla bunu ətraflı deyil, qısa müzakirə edə bilər ki, bu da Ərdoğanda deyilən təsəvvürün yaranmasına səbəb olub. Ancaq görürsünüz ki, nədənsə, Rusiya rəsmiləri konflikt tərəflərilə görüşdə belə pessimist ruhda olmurlar”.
Məhəmmədəli QƏRİBLİ