Akif Nağı: “Mənə elə gəlir ki, bu iki bəyanat çox detalı bizə aydınlatır”
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş konstruktiv və substantiv xarakter daşıyıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb.
O deyib ki, Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir”. Onun sözlərinə görə, görüş əsnasında təklif olunub ki, 7-8 dekabr tarixlərində Vyanada keçiriləcək ATƏT-in Nazirlər Şurasının toplantısı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Azərbaycan tərəfi bu təklifə öz razılığını bildirib.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrda Vyanada ATƏT Nazirlər Şurasının toplantısı çərçivəsində görüşməyə razılıq veriblər. Bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatında deyilir.
Bəyanatda deyilir ki, həmsədrlər görüş üçün hərtərəfli siyasi həllə bağlı məsələləri və təmas xəttində gərginliyi azaltmaq üçün xüsusi tədbirləri özündə birləşdirən gündəliyi hazırlayacaqlar: “Xüsusi diqqət ATƏT-in fəaliyyətdə olan sədrinin ofisinin genişləndirilməsi məsələsinin yekunlaşmasına yönəldiləcək”.
Hərtərəfli siyasi həll və gərginliyi azaldan xüsusi tədbirlərin gündəliyinin hazırlanması ilə bağlı əldə olunan razılıq nəyi dəyişə bilər?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Moskvadakı görüşdə əldə olunan razılaşmalarla bağlı nikbin olmadığını deyir: “Bunu kardinal dəyişikliklərə səbəb olacaq ciddi irəliləyiş hesab etmirəm. ATƏT 25 ildir yeni ideyalar ortaya atır, bəs nəticə hanı? Həmin razılaşma sırasında növbəti görüşlə bağlı əldə edilən anlaşma realdır. Çünki tərəflər, vəd etdikləri kimi, gedib görüşəcəklər. Hərtərəfli həll və gərginliyin azadılması üçün gündəliklərin tutulması yetərli deyil. Çünki bu problem çox qlobal xarakter alıb. Bunun üçün Ermənistan yerində oturdulmalı və konstruktiv mövqeyə gətirilməlidir. Bir ölkə ki, BMT qətnamələrini icra etmir və bununla bağlı ona hansısa təzyiq göstərilmirsə, hansısa tədbirlər gündəliyinə onun əməl edəcəyinə inanmıram. Fikir verin, nə vaxt Ermənistanla hansısa danışıqlar olursa, onlar sakitləşmək əvəzinə, təmas xəttində daha da azğınlaşırlar. Bununla demək istəyirlər ki, satus-kvo dəyişməz saxlanmalıdır, yoxsa regiondakı təhlükəsizliyə xələl gələ bilər. Çox təəssüflər olsun ki, ATƏT də bütün olanları seyr edir. Mən bu kontekstdə iki mühüm bəyanata diqqəti yönəltmək istərdim. Bu günlərdə ATƏT-in baş katibi dedi ki, onun təmsil olunduğu qurum münaqişənin həlli ilə məşğul olmur, yalnız atəşkəsin qorunmasına nəzarət edir. Bunun ardınca isə Türkiyə prezidenti bildirdi ki, Putin Dağlıq Qarabağ probleminin yaxın vaxtda həll ediləcəyinə dair ümidli deyil. Mənə elə gəlir ki, bu iki bəyanat çox detalı bizə aydınlatır. Yəqin ki, ATƏT-in təklif etdiyi, nəzarət etmək istədiyi tədbirlər gündəliyi də münaqişənin köklü həllindən daha çox atəşkəsin qorunub saxlanmasına yönələcək”.
Məhəmmədəli QƏRİBLİ