Məhəmməd Əsədullazadə: “Çalışırlar ki, tərəflər arasında görüşlər keçirilsin və etimad mühiti formalaşdırsınlar”
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bir sıra beynəlxalq təşkilatlar, eləcə də aparıcı dövlətlərin maraqlarına uyğun olmaması zaman-zaman özünü büruzə verməkdədir. Bu səbəbdən görürsən ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin həllində prinsipial mövqe ortaya qoymurlar. Ən yaxşı halda, münaqişənin yenidən alovlanmasının qarşısını almağa çalışırlar.
Ancaq müşahidələr göstərir ki, əvvəlki dövrlərdən fərqli olaraq, bu dəfə həmsədrlər daha fəaldırlar. Son vaxtlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar və beynəlxalq təşkilatların, həmsədr ölkələrin məsələyə münasibəti belə deməyə əsas verir. Məsələ ondadır ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü Dağlıq Qarabağ tənzimlənməsində tam yeni mərhələ yaradıb. Buna əsas kimi uzun fasilədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutmasını göstərmək olar. Bu isə o demək idi ki, Ermənistanın müxtəlif bəhanələr gətirərək şərt irəli sürməsi, imitasiyaları bu görüşə maneçilik törədə bilmədi. Onu da qeyd edək ki, prezidentlərin görüşü həmsədrlərin iştirakı ilə reallaşdı. Hətta həmsədrlər bu görüş barədə bəyanat da yaymalı oldular. Həmin görüşdən sonra həmsədrlər növbəti görüşün təşkil edilməsi ilə bağlı səylərini artırıblar.
Bu arada xarici işlər naziri Elmar Məmmədyarov da mətbuata açıqlamasında həmsədrlərin fəallıq göstərmələri ilə bağlı bir sıra məqamlara toxunub: “Hiss etdim ki, həmsədrlər işə olduqca ciddi yanaşırlar. Açıq mətnlə dedilər ki, biz turist deyilik, bizə ciddi danışıqlar lazımdır, çünki biz ciddi ölkələri təmsil edirik. Mən bunu alqışlayıram. Çünki nə qədər bəhanə gətirmək olar? Gah deyirlər ki, bizdə seçkilər gedir, gah deyirlər polis məntəqəsinə basqın olub. Belə çıxır ki, bu danışıqlar sonsuzluğa qədər davam edəcək? Xeyr! Bu real deyil. Alternativ hamıya məlumdur. Bunu heç kim istəmir. Azərbaycan da istəmir ki, toqquşma baş versin. Azərbaycan kifayət qədər iqtisadi cəhətdən inkişaf etmiş və iri geostrateji layihələr həyata keçirən ölkədir. Lakin boş söz-söhbətlər heç kimə lazım deyil və buna heç kim dözməyəcək. Bu gün həmsədrlərlə kifayət qədər ciddi söhbətimiz oldu ki, ən azından, bir-birimizi aldatmağımız yetər, irəli getmək lazımdır”.
Bütün bu deyilənlərin fonunda maraqlıdır, son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmsədrlərin fəallaşması impulsiv xarakterlidir, yoxsa davamlı məqsəd daşıyır?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, həmsədrlərin fəaliyyətində müəyyən fəallaşma var: “ATƏT-in Minsk Qrupunun son aylarda fəallaşması nəzərə çarpır. Həmsədrlər çalışırlar ki, tərəflər arasında görüşlər keçirilsin və etimad mühiti formalaşdırsınlar. Hesab edirəm ki, həmsədrlərin işi 20 ildən artıqdır bundan asılıdır. İl ərzində bir neçə dəfə XİN rəhbərləri səviyyəsində görüş keçirilir. Prezidentlərin bir dəfə görüşünü keçirməklə işlərini bitmiş hesab edirlər. Düzdür, burada həlledici ölkə olan Rusiyanın mövqeyindən çox məsələ asılıdır. Həmsədrlər təkliflər paketi hazırlayıb tərəflərə təqdim edirlər. Bundan başqa onların işi yoxdur. Bütün bunları imitasiya kimi də xarakterizə etmək olar. Hesab edirəm ki, münaqişənin həlli Minsk formatında aparılmamalıdır. Məsələ ondadır ki, sözügedən format uğursuzdur və münaqişənin həllini uzadır. Burada təmsil olunan ABŞ və Rusiya arasında ciddi konfrantasiya yaşanır. Bu müddət ərzində onların fəaliyyəti konfliktin həllinə ciddi təkan verməyib. Hazırda prosesləri yönləndən Rusiyadır. Qarabağ münaqişəsi tam Rusiyanın inhisarındadır. Minsk Qrupu regiona bir neçə dəfə səfər edib. XİN səviyyəsində birgə görüşlərə və nəhayət, prezidentlərin görüşünə nail olub. Nəticə etibarilə diplomatik danışıqlar fəallaşıb. Ancaq bütün bunlarla yanaşı, münaqişənin həlli ilə bağlı ciddi irəliləyişlərin olacağını demək çətindir. Çünki ilkin mərhələdə rayonların boşaldılması ilə bağlı hər hansı planın həyata keçirilməsinə səy göstərilmir. O baxımdan, həmsədrlərin fəallaşmasını birmənalı prizmadan dəyərləndirmək çətindir. Bir sıra vədlər verilsə də, işğalçıya konkret təzyiqlərin göstərilməsi istiqamətində hansısa elementlər özünü göstərmir”.
Vidadi ORDAHALLI