Azər Həsrət: “Təəssüflər olsun ki, Azərbaycanda təmin olunmuş media, informasiya, söz azadlığından sui-istifadə edənlərin sayı artıb”
Azərbaycanda internet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması ilə bağlı cəzalar müəyyənləşdirilir.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 388-1 maddəsinin əlavə edilməsi Milli Məclisin Mədəniyyət komitəsinin keçirilən iclasında müzakirəyə çıxarılıb.
Buna görə fiziki şəxslər 500 manatdan 1000 manata qədər, vəzifəli şəxslər 1000 manatdan 1500 manata qədər, hüquqi şəxslər isə 1500 manatdan 2000 manata qədər cərimələnəcəklər.
Maddəyə görə, yuxarıdakı cərimələr eyni qaydada, həmçinin, internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməyə görə də tətbiq ediləcək.
Bundan başqa, internet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 2000 manatdan 2500 manata qədər cərimlənəcəklər.
Yeni maddənin “Qeyd” hissəsində isə deyilir ki, bu maddədə göstərilən əməl Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
Bununla bağlı “Kütləvi informasiya vasitələri haqqında”, “Telekommunikasiya haqqında”, “Televiziya və radio yayımı haqqında” qanunlara da oxşar düzəlişlər edilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Maraqlıdır, ekspertlər sözügedən dəyişiklikləri necə şərh edirlər?
Məsələyə münasibət bildirən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrətin sözlərinə görə, indiki şəraitdə belə məhdudiyyətlərin tətbiqinə ehtiyac var: “Hesab edirəm ki, ölkə içində bunu tətbiq etmək mümkün olacaq və lazımi effekt də verəcək. Yəni bunun sayəsində fəaliyyəti qadağan edilən saytları provayderlər yerləşdirməkdən imtina edəcəklər. Çünki, bir qayda olaraq, yaramaz saytlar vətəndaşları, insanları incitməklə məşğul olurlar. Zaman-zaman bu məsələ müəyyən narahatlığa səbəb olub. O cür saytlara bir sıra xəbərdarlıqların edilməsinə rəğmən, bundan nəticə çıxarmırlar. Bu minvalla, ən azından, həmin saytların qarşısı alınacaq. Nəticədə ölkə vətəndaşlarını narahat edən bu kimi saytların fəaliyyətini məhdudlaşdırmaq mümkün olacaq. Ancaq ümumilikdə götürəndə ölkə xaricində yerləşdirilmiş saytlara qarşı bunu tətbiq etmək mümkün olmayacaq. Ancaq bu heç də o demək deyil ki, belə saytların fəaliyyət göstərməsinin qarşısını almaq mümkün olmayacaq. Bunun da çıxış yolu yəqin ki, həmin saytlara çıxışın bloklanması olacaq. Təəssüflər olsun ki, Azərbaycanda təmin olunmuş media, informasiya, söz azadlığından sui-istifadə edənlərin sayı artıb. Onların sayı o qədər çoxaldı ki, dövlət məcburiyyət qarşısında qalıb bu cür addımlar atmalı olur. Yəni bundan başqa çıxış yolunu zatən mən də görmürəm. Düşünürəm ki, hər halda ilkin addım kimi bu öz effektini verəcək və nəticələr yaxşı olacaq. Ona görə də bununla bağlı atılan addımları dəstəkləyirəm”.
Vidadi ORDAHALLI