Elşən Mustafayev: “Belədirsə, Azərbaycanın özünün bu problemi həll etməsinə mane olmasınlar”
ATƏT-in baş katibi Tomas Qreminger İtaliya mətbuatına verdiyi açıqlamada bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini bərpa etmək lazımdır.
O qeyd edib ki, ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprişik tərəfindən həyata keçirilən iş qoşunların qarşıdurma xəttində eskalasiyanın qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir: “Təşkilatın fəaliyyəti münaqişənin həll edilməsi yox, sülh prosesinə nəzarət etməkdir. Münaqişənin həlli ilə bağlı məsuliyyət tərəflərin üzərinə düşür”.
Qeyd edək ki, 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları irəli sürüldü.
Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk Qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.
ATƏT-in baş katibinin münaqişənin həlli ilə bağlı təmsil olunduğu qurumun funksiyasına aid dediyi ifadələrə necə yanaşmaq olar? ATƏT-in işi münaqişəni həll emək deyilsə, onda niyə bu istiqamətdə xüsusi canfəşanlıq edir?
Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, ATƏT baş katibinin bu fikirləri məsuliyyətsizliyə dəlalət edir: “ATƏT-in baş katibi belə ifadələr işlədibsə, o zaman onun hansı təşkilatın baş katibi olmasından xəbəri yoxdur. Biz ATƏT-ə sülhü yaradıb problemi konservasiya etməyi tapşırmamışıq. Onlar bu fəaliyyətlə məşğul olmaq istəyirlərsə, bu bizə lazım deyil. O, 23 ildir fəaliyyətdə olan ATƏT-in Minsk Qrupunun hansı tapşırıqlar və səlahiyyətlərlə yarandığından məlumatlı olmalı idi. Məhz ATƏT-in Minsk Qrupunun yeganə işi sülhü saxlamaqla problemin həllinə nail olmaqdır. Mən ilk dəfədir ki, ATƏT-in yüksək çinli rəsmisinin belə açıqlama verməsini eşidirəm. Adətən bu illər ərzində biz ATƏT-i fəaliyyətsizlikdə ittiham etmişik. Onları üzərlərinə düşən öhdəlikləri yerinə yetirməməkdə günahlandırmışıq. AMİP olaraq dəfələrlə fəaliyyətsizliyə görə ATƏT-in Minsk Qrupunun buraxılmasını və problemin həllinin BMT səviyyəsinə çıxarılmasını təklif etmişik. Bu tələbi ona görə etməmişik ki, ATƏT-in problemin həll edilməsi üçün səlahiyyəti yoxdur, əksinə, olan səlahiyyətlərindən hansısa səbəblərə görə istifadə etməməsi üçün bu qurumun buraxılmasını istəmişik. Əgər ATƏT münaqişənin həlli ilə məşğul olmayacaqsa, o zaman bununla kim məşğul olmalıdır? Belədirsə, Azərbaycanın özünün bu problemi həll etməsinə mane olmasınlar”.
Məhəmmədəli QƏRİBLİ