Mehdi Mehdiyev: “Bir növ, hərbi təlimlərin kiçik formasıdır ki, burada da əsasən komandirlərin xəritə üzərindəki planlaşdırmasına böyük önəm verilir”
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, noyabrın 16-da qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərbi oyunları (KQHO) başlayıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Hərb oyunlarının keçirilməsi qoşun növlərinin və qismlərinin strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanlarının və xüsusi təyinatlı qüvvələrin cəlb edilməsini, eləcə də müxtəlif mərhələlərdə qüvvə və vasitələrin istifadəsini nəzərdə tutur.
KQHO-nun əsas məqsədi müasir ümumqoşun əməliyyatlarının keçirilməsi üzrə çətin tapşırıqların həllində, o cümlədən dağlıq relyef və mürəkkəb radioelektron, həmçinin, hərb oyunlarının niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində idarəetmə orqanlarının və qoşunların qarşılıqlı fəaliyyət səviyyəsinin təkmilləşdirilməsindən ibarətdir.
KQHO-nun mərhələlərinin birində qarşılıqlı fəaliyyətdə olan qoşunların havada, dənizdə, quruda manevr və atəş imkanları müəyyən edilməklə praktiki fəaliyyəti də yoxlanacaq.
Komanda-qərargah hərbi oyunları noyabrın 20-dək davam edəcək.
Belə hərbi oyunların ordumuzun gələcək inkişafına nə kimi təsiri olacaq?
Hərbi ekspert Mehdi Mehdiyev qəzetimizə açıqlamasında bildirdi ki, belə hərbi oyunların keçirilməsinin ordunun inkişafına və döyüş qabiliyyətinin artırılmasına böyük təsiri var: “Məşhur deyim var: “Təlimdə tər tökərsən, döyüşdə az qan itirərsən”. Bilirsiniz ki, Dağlıq Qarabağ münaqişəsi hələ də həllini tapmayıb. Azərbaycan Ordusunun gücü danışıqlar prosesində özünü göstərir. Azərbaycan Silhalı Qüvvələrinin gücünü görən həm düşmənin havadarları, həm də Ermənistan çox ciddi təşviş keçirir. Əgər onlar normal düşünməyi bacarırlarsa, Ali Baş Komandan, Prezident İlham Əliyevin dəfələrlə Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına icazə verilməyəcəyi ilə bağlı bəyanatını çox ciddi qəbul etməlidirlər.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə nazirinin rəhbərliyi altında Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə KQHO birinci dəfə deyil ki, keçirilir. Bu cür təlim oyunları qoşun növlərinin bir-birilə yaxşı koordinasiya etmək baxımından olduqca əhəmiyyətlidir. Bu faktor da hərbdə əsas götürülür. Xüsusilə də belə oyunlar zamanı qarşılıqlı əlaqələrin yaradılması təmin edilir. HO-nun təlimlərdən fərqi ondan ibarətdir ki, birincidə elə də böyük şəxsi heyət sayı iştirak etmir. Bir növ, hərbi təlimlərin kiçik formasıdır ki, burada da əsasən komandirlərin xəritə üzərindəki planlaşdırmasına böyük önəm verilir”.
Məhəmmədəli QƏRİBLİ