Şəlalə Cəsur: “Çünki insan kapitalı ilə gələcək çox düzgün assosiasiya olunur”
Noyabrın 15-də Parisdə Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyası keçirilib. Tədbirdə Azərbaycan nümayəndə heyəti tərəfindən “Bakı Expo - 2025”in təqdimatı olub. Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyasında əvvəlcə Qazaxıstanın nümayəndə heyətinin üzvləri “Astana Expo - 2017” Sərgisi və sərgi çərçivəsində keçirilən beynəlxalq tədbirlərlə bağlı məlumat veriblər.
Qeyd edək ki, Astanada keçirilən “Expo - 2017” Beynəlxalq Sərgisində Azərbaycan da “Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub. Milli pavilyonumuz bu sərgidə ən çox ziyarət edilən məkanlardan olub.
“Bakı Expo - 2025” Ümumdünya Sərgisinin işçi qrupundan bildirilib ki, Azərbaycanın paytaxtı namizəd şəhər kimi bu sərgidə əsasən insan amilinə üstünlük verir. Bu cür sərgilər bütün insanları bir millət kimi birləşdirir. Sərginin əsas mövzusu “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” olacaq.
Sərginin əsas mövzusu olacaq istiqamət nə dərəcədə sərrast və dəqiq seçilib?
Ekspert Şəlalə Cəsur qəzetimizə bildirdi ki, Bakının belə bir mötəbər tədbirin keçirməsinə iddialı olması olduqca təqdirəlayiqdir: “Bununla yanaşı, bilmək lazımdır ki, belə bir istək boşdan yarana bilməz. Bunun arxasında ölkəmizin güclü inkişafı və digər potensialları durur. Azərbaycan gənc bir ölkədir, ancaq ölkəmizdə keçirilən tədbirlərin təşkili ilə sübut edib ki, bu sahədə istənilən inkişaf etmiş ölkəyə rəqib ola bilər. Ölkəmiz bütün sahələri əhatə edən mühüm tədbirlərə evsahibliyi edib və bu müvəffəqiyyətlə alınıb. Görün ölkəmiz hansı şəhərlərlə rəqabətə girməkdə iddialıdır? Onların sırasında Paris, Osaka kimi qədim və gözəl şəhərlər var. Ən başlıcası isə budur ki, bütün bunlarla yanaşı, Azərbaycan iddialı olduğu tədbirin mövzusunu da dəqiq və məharətlə seçib. “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” bəşəri bir mövzudur. Bu, bütün dünyanı narahat edən və diqqət mərkəzində olduğu bir istiqamətdir. Ölkəmiz bununla göstərir ki, insan kapitalı bizim üçün hər şeydən önəmlidir. Bəllidir ki, əsasən bu faktora inkişaf etmiş ölkələr daha çox fikir verir. İnsan kapitalı bütün investisiyalardan öndə gedir. Belə kapitala malik olan istənilən ölkə gələcəyindən tam əmin ola bilər. Belə tədbirlər isə dünyadakı insanları daha da mehriban edir. Çünki insan kapitalı ilə gələcək çox düzgün assosiasiya olunur. Hesab edirəm ki, çox uğurlu, dəqiq və sərrast mövzu seçimi edilib”.
Məhəmmədəli QƏRİBLİ