Məhəmməd Əsədullazadə: “Görünür, dondurulmuş münaqişə Avropanın təhlükəsizliyini təhdid edir”
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini bərpa etmək lazımdır”. Xəbər verildiyi kimi, bunu İtaliyanın “Agenzia Nova” agentliyinə müsahibəsində ATƏT-in baş katibi Tomas Qreminger deyib.
O qeyd edib ki, ATƏT sədrinin xüsusi nümayəndəsi A.Kasprişik tərəfindən həyata keçirilən iş qoşunların qarşıdurma xəttində eskalasiyanın qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir: “Təşkilatın fəaliyyəti münaqişənin həll edilməsi yox, sülh prosesinə nəzarət etməkdir. Münaqişənin həlli ilə bağlı məsuliyyət tərəflərin üzərinə düşür”.
Bütün uzun müddət davam edən münaqişələr mövzusuna toxunan Qreminger deyib ki, ATƏT vasitəçi rolunu oynayır, lakin son nəticədə münaqişənin tənzimlənməsi tərəflərin siyasi iradəsindən asılıdır. Buna görə də ATƏT kimi təşkilatlardan münaqişələrin həlli kimi məsələlərdə gözləntilər daha realistik olmalıdır.
Məlum məsələdir ki, ATƏT-in 25 ildir davam edən vasitəçilik missiyası özünü doğrultmur. Bunun ən başlıca səbəbi onunla əlaqədardır ki, qurum işğalçı ilə işğala məruz qalan tərəflərə fərq qoymur. Halbuki, bu çox önəmli faktordur. ATƏT məsələyə bu kontekstdə yanaşsaydı, bəlkə də bu, münaqişənin həllinə öz təsirini göstərərdi. Digər tərəfdən, qurum zaman-zaman münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinə təkan verib. O cümlədən, 2017-ci ildə də bu özünü göstərib. Belə olan halda, T.Qremingerin “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini bərpa etmək lazımdır” deməsi qəribə təsir bağışlayır. O mənada ki, sanki bu yöndə iş getmir.
Maraqlıdır, Qreminger bunu deyərkən nəyi nəzərdə tutur? Sözügedən məsələni “Baki-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, buna bir sıra kontekstdən yanaşmaq olar: “ATƏT-ın baş katibi Tomas Qreminger öz müsahibəsində bir daha Ermənistanın işğalçı siyasətinə diqqət çəkərək Cənubi Qafqazda münaqişənin həllini qabardıb. Görünür, münaqişənin uzanması ATƏT-in baş katibini narahat edir. Ona görə də bu istiqamətdə verdiyi açıqlamada münaqişənin tez bir zamanda həllinin tərəfdarıdır. Düzdür, baş katib ATƏT-in münaqişənin həllində əsas tərəf olmadığını qeyd edib. Amma, görünür, dondurulmuş münaqişə Avropanın təhlükəsizliyini təhdid edir. İndiyə qədər aparılan danışıqlar, demək olar ki, imitasiya xarakteri daşıyıb. Real həll variantlarını Rusiya və Ermənistan sabotaj edib. Baş katib də müsahibəsində real danışıqları və irəliləyişə aparan prosesin başlanmasını nəzərdə tutur. Minsk Qrupu çərçivəsində aparılan danışıqlar, demək olar ki, müsbət nəticələnməyib. ATƏT baş katibinin sözləri münaqişənin həllində bir o qədər yetərli deyil. Sadəcə, subyektiv fikirlərdir. Burada əsas tərəf Ermənistan və Rusiyadır. Hesab edirəm ki, baş katib real olaraq Ermənistanın problemin həllində kompromissiz mövqeyini açıq deməli idi. Münaqişəyə ümumi yanaşanda işğalçı bilinmir. ATƏT baş katibi ilk növbədə bunu əsas olaraq qeyd etməlidir. Bu gün Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlar prosesində müəyyən canlanma var. Ancaq burada əsas olaraq mərhələli həll planı ilə münaqişə həll edilməlidir. Burada konfliktin həllinə paket həll variantlarından yanaşmaq yanlışdır. Nəzərə almaq lazımdır ki, bu həll paketi ərazi bütövlüyümüzü təhdid edir”.
Vidadi ORDAHALLI