Mübariz Əhmədoğlu: “Bütün bu parametrləri əsas götürən Prezident əminliklə iddia edir ki, elə qüvvələrin perspektivi yoxdur”
Prezident İlham Əliyev sədri olduğu Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyilə bağlı təşkil edilmiş tədbirdəki çıxışı zamanı ölkəmizdə fəaliyyət göstərən “5-ci kolon”dan danışıb:
“Azərbaycanda bundan sonra da bütün azadlıqlar təmin ediləcək. Biz demokratik cəmiyyət qururuq. Yeni Azərbaycan Partiyasının yaradılması demokratiyanın təzahürü idi. Buna baxmayaraq, o vaxt hakimiyyəti dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat cütlüyü ən antidemokratik addımlar atmağa hazır idi ki, bu partiyaya əngəllər törətsin. Ancaq Yeni Azərbaycan Partiyası o vaxt ölkədə siyasi sistemin yaradılmasına da çox böyük töhfə vermişdir. Bu gün biz demokratiya yolu ilə gedirik. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki, bu qətiyyən belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb. Qeyri-konstruktiv hərəkətləri, aqressiv davranışları onlara xalqın nifrətini birə-on artırır.
Xüsusilə indiki şəraitdə, internet dövründə nəyisə gizlətmək mümkün deyil. Azərbaycan xalqı çox yaxşı bilir ki, bu gün özünü müxalifət adlandıran bir dəstə xaricdən idarə olunur. Onlara xaricdən komandalar verilir. O komandalar nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə min nəfərdən az adam gəlir, necə deyərlər, suyu süzülə-süzülə yenə kənara çəkilirlər. Bu bir daha onu göstərir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin - beşinci kolonun ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək.
Metodologiya da çox bəsitdir, çox sadədir. Xaricdə bir yalan uydurulur, bir şər-böhtan kampaniyasına rəvac verilir. Ondan sonra bu yalan, böhtan xarici mətbuatda dərc edilir. Daha sonra bunun əsasında da müəyyən tərpənmə, - mən canlanma deməzdim, - müşahidə olunur. Bu tərpənmə bir-iki mitinqdə özünü göstərir. Həmişə olduğu kimi, axırıncı mitinq onun təşkilatçıları üçün məyusedici olur, bununla da məsələ qurtarır.
Yəni bu gün siyasi mübarizəni bu formada aparmaq istəyən dəstəyə, - bunlara heç qüvvə də demək olmaz, - heç nə dərs olmur. Vaxt dəyişir, insanlar dəyişir, Azərbaycan dəyişir, siyasi mübarizə metodları dəyişir, onlar isə hələ də köhnə təfəkkürlə yaşamaq istəyirlər və öz mənasız həyatlarını bu işlərə sərf edirlər”.
Göründüyü kimi, Prezident ölkədə fəaliyyət göstərən bəzi müxalif təsisatların xaricdən idarə olunan “5-ci kolon” funksiyasını yerinə yetirdiyini bildirərək, onların heç bir perspektivinin olmadığını dilə gətirir. Ölkə başçısı bu perspektivsizliklə bağlı gəldiyi əminlikdə nəyə əsaslanır?
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu qəzetimizə açıqlamasında bildirdi ki, Prezidentin belə qənaətə gəlməsinin bir neçə səbəbi var: “Birincisi, ölkə başçısı öz təcrübəsinə, gücünə və idarəetmə metodologiyasına əsaslanaraq bunu edir. İnkincisi isə, müxalifətin real mənzərəsini aydın sezir. Bizim müxalifətə fikir verin, onlar əsrin dördə birinə yaxındır ki, heç bir uğura imza atmayıblar. Siyasi uğursuzluqları ilə yanaşı, heç öz üzərlərində belə işləməyiblər. Baxın görün, hansı müxalifət lideri sanballı bir elmi əsər və ya kitab ortaya qoyub. Heç öz partiyalarının tarixi haqda belə nəsə yazmayıblar. İkinci bir tərəfdən isə, Prezidentə bu əminliyi xalqın onlara olan münasibəti yaradır. Xalq müxalifətin dalınca getmir. Onlara olan inam sarsılıb. Fikir verin, onların keçirdiyi mitinqlərdə 5-6 min adamın toplaşdığını coşqu ilə qeyd edirlər. Hələ nəzərə alaq ki, bu rəqəmi onların özləri səsləndirirlər. Rəsmi qurumlar isə mitinqdə 3 dəfə az adamın iştirak etdiyini deyirlər. İndi təsəvvür edin ki, 30 ilin müxalifəti birləşmiş vəziyyətdə meydana 5-6 min adam çıxarmaqla fəxr edir. Bu uğursuzluğu görən müxalif qüvvələr çıxış yolunu xarici havadarlarından dəstək almaqda axtarırlar. Onların ölkəmizdəki “5-ci kolon”una çevrilirlər. Ölkə başçısı bu ifadəni təsadüfən işlətməyib. Bütün bu parametrləri əsas götürən Prezident əminliklə iddia edir ki, elə qüvvələrin perspektivi yoxdur”.
Məhəmmədəli QƏRİBLİ