Aqşin Əliyev: “Bununla İlham Əliyev dövlətimiz adından lazım olan mesajları öz ünvanlarına çatdırmış oldu”
Noyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak edib və geniş məzmunlu nitq söyləyib. Prezident həmin çıxışında daxili auditoriyaya və beynəlxalq aləmə hansı mesajları verdi?
Ekspert Aqşin Əliyev qəzetimizə bildirdi ki, ölkə başçısının çıxışı çoxşaxəli oldu, təbliğati və tərbiyəvi əhəmiyyət daşıdı: “Ölkə başçısı çıxışının əvvəlində hazırda hakimiyyətdə olan partiyanın yaranmasından danışaraq cəmiyyətə anlatmağa çalışdı ki, YAP-ın əldə etdiyi uğurlar heç də asan başa gəlməyib. O, bu yolda mərhum prezident Heydər Əliyevin rolunu xüsusi olaraq vurğuladı. Sonra YAP-ın yaranmasına göstərilən maneələrə nəzər saldı və həmin dövrü indiki ilə müqayisə edərək, Azərbaycanda demokratik dəyərlərin tam bərqərar olduğu mesajını verdi. Sonra Prezident özünün idarəetmə dövrünü Heydər Əliyevin yürütdüyü kursun davamı kimi dəyərləndirdi və bu yolun uğuruna diqqəti foksladı. Prezident bu iki idarəetmə dövründə Azərbaycanın iqtisadi cəhətdən dirçəldiyini və dünyada layiqli yer tutduğunu, hətta iqtisadi təhlillərə görə, bir çox illərdir müstəqilliyə qovuşmuş ölkələri də qabaqlamış olduğunu dedi. Ölkə başçısı, həmçinin, müxalifətin uğursuzluğundan danışaraq, bildirdi ki, həmin yolun heç bir perspektivi yoxdur. Çünki Azərbaycan hakimiyyəti düzgün idarəetmə sayəsində xalqın sevgisini qazana bilib. Bununla ölkə başçısı YAP hakimiyyətinin uzunömürlü olacağını bəyan etdi. Xarici siyasət kursu ilə bağlı bildirdi ki, Azərbaycan kiçik ölkə olsa da, müstəqil siyasət yürüdür və heç kimin qoltuğuna sığınmır. Bununla yanaşı, bizim yaxın qonşularımızla normal diplomatik münasibətlərə malik olduğumuzu və böyük güclərlə münasibətdə balanslı siyasət yürütdüyümüzü söylədi. Dövlət başçısı ölkəmizin qarşısında duran ən qlobal problem olan Dağlıq Qarabağ münaqişəsilə də bağlı Azərbaycanın mövqeyini bir daha konkretləşdirdi, vurğuladı ki, bu məsələdə zərrə qədər də olsun güzəşt edilə bilməz. Ölkə başçısı bizim ordu quruculuğumuzla da bağlı danışaraq bildirdi ki, Azərbaycanın güclü ordusu var və bundan sonra da güclənməkdə davam edəcək. Ordumuzun inkişafına əngəl törətmək istəyənlərin diqqətinə çatdırdı ki, ərazisi işğala məruz qalan bir ölkə kimi bizim buna tam haqqımız çatır. Prezident Azərbaycanın diplomatik uğurlarından da danışaraq, xüsusilə də Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işlərin qənaətbəxş olduğunu dedi və bildirdi ki, artıq 10-dan çox ölkə soyqırımı tanıyıb. Beynəlxalq təşkilatların Azərbaycana olan yersiz təzyiqlərinin bizi sarsıda bilməyəcəyinə işarə edən Prezident haqlı olaraq qeyd etdi ki, elə qurumlara üzv olmaq və ordan çıxmaq Azərbaycanın öz daxili işinə aid olan məsələdir. Bir sözlə, çox əhəmiyyətli bir çıxış oldu və bununla İlham Əliyev dövlətimiz adından lazım olan mesajları öz ünvanlarına çatdırmış oldu”.
Məhəmmədəli QƏRİBLİ