Qabil Hüseynli: “Hələlik bunlar yalnız versiyalardır. Ancaq proseslərin gedişi, yaranan canlanma hansısa yeniliyin olacağından xəbər verir”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də rusiyalı həmkarı Vladimir Putinlə Soçidə qapalı görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etməli idi.
Prezidentlər yekun mətbuat konfransında bu haqda bir söz demədilər. Bundan sonra maraqlı səfər turlarına start verildi. Ərdoğanın səfərindən bir gün sonra Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvaya çağırıldı, iki gün sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya paytaxtına getməlidir, 4 gün sonra isə onlarla Moskvada görüşən Rusiyanın xarici işlər naziri Sergey Lavrov həm Bakıda, həm də İrəvanda olacaq. Belə maraqlı səfər trayektoriyalarının Tehranda üç ölkə başçısının keçirdiyi Zirvə toplantısı və Ərdoğan-Putin görüşündən sonraya təsadüf etməsi nədən xəbər verir?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, belə fəallaşma təsadüfi yaranmayıb: “Görünür, Ərdoğanın Rusiyaya səfəri zamanı onun Putinlə Dağlıq Qarabağ məsələsi ətrafında ciddi müzakirəsi olub. Düzdür, görüşdən sonra verilən rəsmi bəyanatlarda bu barədə heç nə deyilmir. Ancaq proseslərin gedişi bunu deməyə əsas verir ki, Dağlıq Qarabağla bağlı hansısa kompromis variant əldə edilib. Bu nə ola bilər? Ehtimallar çoxdur. Ən inandırıcısı budur ki, ilkin mərhələdə 7 yox, 5 rayonun qaytarılması məsələsi həllini tapa bilər. Ancaq bunun da müqabilində ermənilər nəsə qoparmaq istəyirlər. Mülahizələr bundan ibarətdir ki, bunun müqabilində Dağlıq Qarabağa müvəqqəti, keçici bir status verilə bilər. Ancaq Azərbaycan tərəfi dəfələrlə bu versiyanı yaxına da buraxmayıb. Digər bir ehtimal budur ki, Rusiyanın təzyiqilə Ermənistanın gedəcəyi güzəşt nəticəsində Azərbaycan Avrasiya İttifaqına üzv ola bilər. Digər bir versiya isə Rusiyanın Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında görmək istəməsi və rus sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi ilə bağlıdır. Düşünürəm ki, bir Avrasiya İttifaqına üzvlükdən başqa, digər iki təklif və Dağlıq Qarabağa hansısa müvəqqəti statusun verilməsi qətiyyən Azərbaycanın maraqlarına cavab vermir. Hələlik bunlar yalnız versiyalardır. Ancaq proseslərin gedişi, yaranan canlanma hansısa yeniliyin olacağından xəbər verir”.
Məhəmmədəli QƏRİBLİ