Ermənistanda hərbi xidmətə getmək istəməyən tələbələrlə bağlı vəziyyətin daha da kəskinləşməsi, onların keçirdiyi etiraz aksiyalarının miqyasının genişlənməsi müşahidə olunur. Yaranmış durumla bağlı erməni mediası yazır ki, bu gedişlə tələbələrin aksiyası hakimiyyət üçün kifayət qədər ciddi problemə çevrilə bilər. Çünki aksiyaya qoşulanların sayı sürətlə artır.
Qeyd edək ki, ölkənin “Hərbi xidmətçilərin statusu və hərbi xidmət haqqında” qanun layihəsi oktyabrın 27-də parlamentdə birinic oxunuşda qəbul edilib. Həmin sənəddə təhsil alan tələbələrə hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi öz əksinin tapıb. Təhsilini davam etdirmək istəyən gənclər möhlət almaq üçün Müdafiə Nazirliyi ilə müqavilə bağlamalıdır. Həmin müqaviləyə əsasən, möhlət alan şəxs, seçdiyi ixtisasla yanaşı, müvafiq hərbi hazırlıq keçməyi və təhsilini başa vurduqdan sonra Müdafiə Nazirliyi tərəfindən seçilən hərbi hissədə, lakin artıq üç il müddətində zabit rütbəsi və vəzifəsində qulluq etməlidir. Etiraz aksiyasının iştirakçıları hesab edirlər ki, Müdafiə Nazirliyinin bu təşəbbüsü ölkədə bütün ali təhsil sisteminə böyük zərər vura bilər.
Etiraz aksiyası keçirən tələblərə görə, bu qanun elm və təhsilin potensialına da zərbə vuracaq. Tələbələr keçirilən aksiya nəticəsində qanunun ləğv olunacağını gözləsələr də, parlament artıq onu ikinci oxunuşda da qəbul edib. Elə bu səbəbdən Ermənistan parlamentinin önündə tələbələrin yeni etiraz aksiyası başlayıb. Onlar yenə parlamentdən hərbi xidmətdən möhlət hüququnun verilməməsi barədə qanunun ləğv edilməsini tələb edir. Etirazçılar qarşısında çıxış edən “Elmin İnkişafı Naminə” hərəkatının üzvü Vahan Kostanyan parlamentin tələbələrin etiraz səsini eşitmədiyini bildirib: “Parlament bizim səsimizi eşitmir. Buna görə də biz parlament binası qarşısında səssiz aksiyaya başlayırıq. Biz təslim olmayacağıq”. Bundan sonra tələbələr parlamentə avtomobillərin girişini təmin edən yolu bağlayıb. Lakin polis onlara qarşı güc tətbiq edib. Bununla belə, hadisələr göstərir ki, tələbələr geri çəkilmək niyyətində deyil. Məsələ ilə bağlı beş tələbə İrəvan Dövlət Universitetində aclıq aksiyasına başlayıb. Aksiyaya qoşulan “Elmin İnkişafı Naminə” təşəbbüs qrupunun üzvü David Petrosyan deyib ki, bu aksiyaya qoşulan tələbələrin sayının artması gözlənir: “Biz bununla qanun layihəsinə və ictimaiyyətin biganə qalmasına etiraz edirik”.
Hazırda İrəvan Dövlət Universitetinin tələbələri dərslərdə iştirak etməkdən imtina edir. David Petrosyan bildirib ki, etiraz edən tələbələrin sayı durmadan artır: “ Sıralarımızı daha da gücləndirməliyik. Parlament “Hərbi xidmətçilərin statusu və hərbi xidmət haqqında” qanun layihəsini üçüncü oxunuşda da qəbul edəcək. Biz bu müzakirədə iştirak etməliyik, mövqeymiz nəzərə alınmalıdlır. Əks halda aksiyalar davam edəcək”.
Qeyd edək ki, etiraz edən edən tələbələr bundan əvvəl baş nazir Karen Karapetyan, müdafiə naziri Vigen Sarkisyan və təhsil naziri Levon Mkrtçyanla görüşüblər, amma görüşlər nəticəsiz qalıb. Elə bu səbəbdən etiraz aksiyaları davam edir. İndilikdə bu aksiyalar, parlamentin qarşısı ilə yanaşı, İrəvan Dövlət Universitetinin, Müdafiə Nazirliyinin və Təhsil Nazirliyinin binaları yaxınlığında da keçirilir. İndi belə fikirlər səslənir ki, aksiyalar genişlənsə və onun sıralarına tələbə olmayanlar qoşulsa, hakimiyyəti ciddi sosial problemlər gözləyir. Artıq tələbələrin yaxınları, əsasən də valideynlər aksiyalara dəstək verməyə, onda iştirak etməyə başalyır. Bu gedişlə aksiyaların miqyasının daha da genişlənməsi gözlənir. Hüquq müdafiəçiləri isə ölkədə hər şeyin ordu naminə hərbiyə tabe etdirilməsinin yolverilməz olduğunu bəyan edir. Məsələn, hüquq müdafiəçisi Artur Sakunts qeyd edir ki, belə bir qanunun qəbul edilməsi ali təhsil sisteminə böyük zərbə olmaqla yanaşı, ölkəni tərk etmək niyyətinə düşənlərin sayını daha da artıra bilər. Hazırda isə Ermənistanda 2 milyona yaxın əhali yaşayır. Təbii ki, işğalçı ölkənin əhalisinin azalması orduya çağırışa da mənfi təsir edir. Hazırda Ermənistan ordusunda ciddi şəkildə əsgər çatışmazlığı yaşanır. Müddətdən artıq hərbi qulluqçuların saxlanması üçün isə düşmən ölkənin maliyyə imkanları yetərli deyil. 2018-cil dövlət büdcəsində Ermənistan ordusu üçün vəsaitin artırılması da bu nəticəni dəyişmir. Məhz bu vəziyyətdə, problemdən çıxış yolu kimi, Ermənistan Müdafiə Nazirliyinin təşəbbüsü ilə orduda şəxsi heyətin çatışmazlıq probleminə cüzi dəstək vermək üçün tələbələrin əsgərlikdən möhlət hüququ ləğv edilir. Amma qeyd olunduğu kimi, bu qərar tələbələrin geniş narazılığı ilə qarşılanıb. Buna görə hələ də hakimiyyət əleyhinə tələbələrin etiraz nümayişi davam edir. Tələbələrin hökumət və parlament binaları qarşısında keçirdiyi mitinqlər həm də göstərir ki, onlar bu ölkənin ordusunda xidmət etmək istəmir. Çünki onları bu xidmətdə yaxşı heç nə gözləmir.
Tahir TAĞIYEV