Məhərrəm Zülfüqarlı: “Bütün bunlardan sonra dünyadakı ictimai rəy Azərbaycanın xeyrinə dəyişəcək”
Azərbaycan Prezidenti İlham ƏliyevYeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində qeyd edib ki, Xocalı soyqırımının tanıdılması ilə bağlı ardıcıl səylər bundan sonra da davam etdiriləcək: “Beş il bundan əvvəl partiyamızın 20 illik yubileyində mən qeyd etmişdim ki, artıq üç ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. İndi bu ölkələrin sayı 10-dan çoxdur – cəmi beş il ərzində. Ona görə bu istiqamətdə də ardıcıl siyasət aparılacaq. Bununla paralel olaraq, biz hərbi gücümüzü də artıracağıq. Buna böyük dərəcədə nail ola bilmişik”.
Dövlət başçısı onu da bildirib ki, beynəlxalq hüququn normaları tam tətbiq edilməli, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir: “Bu, prinsipial mövqedir. Bu mövqe tarixə və beynəlxalq hüquqa əsaslanır. Çünki Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Çünki bütün dünya, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır. Dağlıq Qarabağ isə Azərbaycanın ayrılmaz hissəsidir”.
Həqiqətən də Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində bir sıra işlər görülüb. Dünyanın bir sıra ölkələri 25 il əvvəl ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barəsində məlumatlandırılıb. Beynəlxalq ictimaiyyət erməni vandallarının hansı xislətə malik olduqlarını görüblər və nəticədə soyqırımı tanıyan ölkələrin sayı artır.
Ümumən bu istiqamətdə görülən işləri ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının sözlərinə görə, Prezidentin Xocalı soyqırımının tanıdılması üzrə səsləndirdiyi fikirlər reallığı əks etdirir: “Məsələ ondadır ki, Azərbaycan dövləti gücləndikcə, ölkə həqiqətləri daha uğurla dünyaya çatdırılır. O cümlədən, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ciddi işlər həyata keçirilir və bu, davamlı xarakter alıb. Nə qədər çox sayda dövlət Xocalı soyqırımını tanısa, bu bir o qədər bizim xeyrimizədir. Yəni Xocalı faciəsini dünyaya tanıtmağın bir neçə yöndə Azərbaycan üçün əhəmiyyəti var. Birincisi, faciənin əsas cinayətkarlarını dünyaya tanıtmaq. Hazırkı Ermənistan prezidenti Serj Sarkisyan da həmin cinayətkarlar sırasındadır. İkincisi, bu, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına müsbət təsir göstərəcək. Bu sahədə də Azərbaycan ildən-ilə gücünü artırır və uğurlu işlərini həyata keçirir. Bütün bunlardan sonra dünyadakı ictimai rəy Azərbaycanın xeyrinə dəyişəcək. Ondan sonra ölkənin ərazi bütövlüyünü bərpa etmək və cinayətkarların cəzalandırılması işində uğurlu addımlar atmaq olar. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi daha da artırmalıyıq. Çünki bu məsələ son dərəcə vacib əhəmiyyət kəsb edir. Çalışmalıyıq ki, Avropa dövlətlərinin çoxu Xocalı soyqırımını tanısın. Bununla bağlı Avropa dövlətləri ilə, oradakı beynəlxalq qurumlarla sıx iş aparılmalıdır. Düzdür, bu o qədər də asan olmayacaq. Çünki nəzərə almaq lazımdır ki, Avropada erməni lobbisi çox güclüdür. O üzdən, bu istiqamətdə kompleks və sistemli tədbirlər görülməlidir”.
Vidadi ORDAHALLI