Məhəmməd Əsədullazadə: “ABŞ-ın regionda strateji siyasəti Şimali Suriyada kürd muxtariyyəti yaradaraq öz hərbi bazalarını gücləndirməkdir”
Məlum olduğu kimi, bu günlərdə Rusiyaya rəsmi səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya münaqişəsinin sülh yolu ilə həllinə çağırıb. Bununla yanaşı o, Rusiya və ABŞ-dan qoşunlarını Suriyadan çıxarmasını istəyib: “Hərbi yolla böhranı həll etmək düzgün deyil. Problemi siyasi yolla həll etmək lazımdır. Hər iki ölkə hərbçilərini geri çağırmalıdır”.
Ərdoğan Rusiyanın Suriyada 5, ABŞ-ın isə 13 bazaya malik olmasını da mənfi hal kimi dəyərləndirib.
Bu arada ABŞ rəsmi olaraq Suriyada hərbi mövcudluğunu davam etdirəcəyini bəyan edib. Belə ki, Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mattis qeyd edib ki, İŞİD terror qruplaşması savaşmaq istədiyi müddətdə ABŞ terrorçularla savaşacaq və böhranın diplomatik həll yolu tapılana qədər bu ölkədəki hərbi mövcudluğunu davam etdirəcək: “İndiki hədəfimiz İŞİD tamamilə yox olana qədər əməliyyatlarımıza davam etmək və mövqeyimizi qorumaqdır. Suriya üzrə Cenevrə danışıqlarında yekun nəticə əldə olunana qədər amerikalı hərbçilər bu ölkədən çıxmayacaq”.
Mettis onu da bildirib ki, Cenevrə müzakirələrinin nəticələrinə uyğun olaraq, Vaşinqton Suriya ilə bağlı yeni yol xəritəsi hazırlayacaq. Pentaqon rəhbərinin sözlərinə görə, böhranın siyasi həll yolu və ondan sonrakı proseslərin müəyyənləşdirilməsi BMT-nin himayəsindəki Cenevrə danışıqlarından keçir.
Bütün hallarda, ABŞ-ın Suriyada hərbi mövcudluğunu saxlayacağını bəyan etməsi Suriyada proseslərin hələ uzun müddət davam edəcəyinə işarədir. Eyni zamanda, bu, regionda geosiyasi mübarizənin daha da kəskinləşəcəyi ehtimalını artırır. Nəzərə almaq lazımdır ki, Suriyada baş verənlərə təkcə vətəndaş müharibəsi prizmasından yanaşmaq doğru deyil. Bu həm də böyük dövlətlərin nüfuz savaşıdır. Bu baxımdan, ABŞ-ın Suriyadan çıxmayacağını bəyan etməsi bölgə üçün nə vəd edir? Ekspertlər buna necə yanaşır? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu, Suriyanın beynəlxalq güclərin savaş plastdarmına çevrilməsinin əyani göstəricisidir: “Suriyada 2011-ci ildən başlayan vətəndaş müharibəsi az bir müddətdən sonra beynəlxalq güclərin savaş meydanına çevrildi. ABŞ-ın başçılğı ilə formalaşan beynəlxalq koalisiya burada kök salmış İŞİD qruplaşmasına qarşı mübarizəyə başladı. Bundan əlavə, Əsəd rejiminin qorunması üçün Rusiya da 2015-ci ildə burada hərbi iştiraka başladı. Göründüyü kimi, Suriya beynəlxalq güclərin savaş plastdarmını xatırladır. Hazırda İŞİD ciddi şəkildə Rusiyanın hərbi müdaxiləsi nəticəsində uğursuzluğa düçar olur. Əsəd öz hakimiyyətini möhkəmləndirir. Suriyanın şimalında ABŞ PKK terror təşkilatının qolu olan YPG-ni silahlandırmaqla Rojava və Rakkada öz hərbi potensialını gücləndirir. ABŞ-ın regionda strateji siyasəti Şimali Suriyada kürd muxtariyyəti yaradaraq öz hərbi bazalarını gücləndirməkdir. ABŞ-ın regionda, xüsusilə Suriyada hərbi fəaliyyəti burada sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edəcək. Burada Rusiya və ABŞ-ın hərbi bazasının olması Suriyada hərbi-siyasi mübarizəni yeni fazaya keçirəcək. Çünki Türkiyənin regional mövqeyi güclənir. Türkiyə öz sərhədləri yaxınlığında yerləşən YPG-nin güclənmısinə imkan verməyəcək. ABŞ hazırda güclü şəkildə YPG-ni silahlandırır. Türkiyə prezidenti R.T.Ərdoğan öz açıqlamasında ABŞ və Rusiyanın Suriyanı tərk etməsini qeyd etdi. Çünki iki ölkənin hərbi mövcudluğu regiona xaos və qarşıdurma gətirəcək. Əsasən ABŞ-ın Suriyada qalıcılığı böyük risqlərin gözlənilməsini labüd edir”.
Vidadi ORDAHALLI