Azər Həsrət: “Çünki onların əməllərinin jurnalistikaya heç bir formada dəxli yoxdur”
Azərbaycan Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının 8 noyabr 2017-ci il tarixli iclasından sonra adlarının “qara siyahı”ya əlavə edilməsi tövsiyə olunan kütləvi informasiya vasitələrinin bir qrupu tərəfindən MŞ-nin İdarə Heyətinin üzvlərinə qarşı xoşagəlməz kampaniyaya start verilib. Bu kampaniyaya adları "qara siyahı"da yer alan bəzi informasiya orqanlarının qoşulması da diqqət çəkir.
Bu fikirlər Azərbaycan Mətbuat Şurası İdarə Heyəti üzvlərinə qarşı başladılan qaralama kampaniyası ilə bağlı yayılan xüsusi bəyanatda yer alıb. MŞ-nin yaydığı bəyanatda qeyd olunur ki, MŞ təmsilçiləri barədə qərəzli, həqiqətə uyğun gəlməyən materiallar, hədələyici anonslar yayımlanmaqda, müxtəlif sosial şəbəkələrdə paylaşılmaqda, real və saxta profillər vasitəsilə verilən şərhlərdə böhtanlara, açıq təhqirlərə üstünlük verilməkdədir.
MŞ bildirir ki, “qara siyahı”ya daxiledilmə peşə prinsiplərinə laqeyd yanaşan, onları mütəmadi pozan, tövsiyə və iradlara məhəl qoymayan, ümumən etik dəyərlərə zidd davranış və hərəkətlərə yol verən KİV-lərə qarşı ictimai məzəmmət və ictimai qınaq tədbiridir. Şura qurumun Nizamnamə tələblərini rəhbər tutaraq, mediada hədə-qorxu və şantajla müşayiət edilən yazıları və ya məqalələri qarşı tərəfə - hüquqi, yaxud fiziki şəxsə təsir vasitəsi sayır. Buna görə də “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası çıxardığı məlum rəyində tam haqlıdır. Təəssüf ki, bəzi KİV-lər və onların jurnalist adına iddia edən rəhbərləri məsələnin mahiyyətini düzgün qiymətləndirməyəcək qədər bəsit fəaliyyət yolundan əl çəkmirlər. Hədə-qorxu mesajları ünvanlayanlar, təhqir və böhtan yağdıranlar isə anlamalıdırlar ki, Şura onlarla mübarizədə həm geniş cəmiyyətin dəstəyinə, həm də qanunçuluğun gücünə arxayındır.
Sözügedən məsələni şərh edən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrətin fikrincə, “Reket jurnalistika” ilə məşğul olan şəxslər çirkaba bulaşdıqları üçün onlara qarşı mübarizə tədbirlərinin bundan sonra da davam etdirilməsinin tərəfdarıdır: “Əslində, MŞ-nin bu mübarizəsi yeni deyil. Düzdür, bir intensivləşmə müşahidə edilir, amma əks tərəfin, yaxud qarşı tərəf dediyimiz qüvvələrin, adamların “qara piar”a başlaması üzücüdür. Biz onları haqq yoluna dəvət etmək istəyirik, onların öz üzərlərində işləməsini, doğrudan-doğruya mətbuatla, jurnalistika ilə məşğul olduqlarını göstərmələrini istəyirik. Təəssüflər olsun ki, bu adamlar çirkaba bulaşıblar və bulaşmaqda da davam edirlər. Düşünürəm ki, MŞ öz səlahiyyətləri çərçivəsində addımlarını atmağa davam edəcək, amma onlar unutmamalıdırlar ki, bu adamların, bu qüvvələrin bizə olan hücumlarının qarşısında dövlət də dayana bilər. Fikrimcə, MŞ müvafiq şəkildə dövlət qurumlarına müraciət etməli olacaq ki, həmin adamların o çirkin kampaniyalarına son verilsin. Çünki onların əməllərinin jurnalistikaya heç bir formada dəxli yoxdur. Bu adamlar jurnalistikadan sui-istifadə edirlər, qanunsuz əməllərə yol verirlər, konkret olaraq jurnalistikanın adından sui-istifadə etməklə bizim sənətimizi, peşəmizi gözdən salmaqla məşğul olurlar. Təbii ki, biz MŞ olaraq buna dözümlü yanaşmalı deyilik. Eyni zamanda istərdik ki, Azərbaycan dövlətinin müvafiq qurumları həmin adamlara qarşı qanun çərçivəsində, yəni sui-istifadə ilə bağlı, eyni zamanda da MŞ üzvlərinə, bütövlükdə bu qurumun özünə böhtan və şər atmaları ilə bağlı tədbirlər görsünlər. Yəqin ki, Əflatun Amaşov bu məsələlərlə bağlı müvafiq qurumlara müraciət etməyə məcbur olacaq”.
Vidadi ORDAHALLI