Günel Fərhadqızı: “Onlar gözəl bilir ki, Azərbaycanın təbii qaz almağa ehtiyacı yoxdur”
Tehran və Aşxabad arasında türkmən qazının svop əməliyyatlar əsasında Fars körfəzi ölkələrinə ixracına dair danışıqlar davam etdirilir. Bu barədə İranın Milli Qaz Şirkətinin rəhbəri Həmid Rza Əraqi bildirib. Onun sözlərinə görə, tərəflər İraq, Türkiyə, Azərbaycan və Ermənistana qaz nəqlini müzakirə ediblər: “Nəticədə İran Türkmənistan qazının svop əməliyyatlar əsasında İraq və Türkiyəyə nəqlindən birdəfəlik imtina edib. Lakin türkmən qazının Azərbaycan və Ermənistana nəqli ilə bağlı heç bir problem yoxdur”.
Məlumdur ki, Azərbaycanın özü qaz istehsal edən ölkədir. Bizim xaricdən təbii qaz almaqla bağlı ehtiyacımız yoxdur, əksinə, ölkəmiz başqa dövlətlərə qaz satır. Belə olan təqdirdə, İran niyə svop əməliyyatı vasitəsilə Ermənistana ötürmək istədiyi qazla bağlı məsələyə bizim də adımızı qatır?
İqtisadçı Günel Fərhadqızı qəzetimizə bildirdi ki, bu məsələyə bir neçə prizmadan yanaşmaq olar: “Bilirsiniz ki, yürütdüyü işğalçı siyasət ucbatından Ermənistan bütün regionu əhatə edən layihələrdən kənarda qalıb. Bununla yanaşı, təbii ehtiyatlarla zəngin olmayan Ermənistan enerji resursları sarıdan da əziyyət çəkir. Bu istiqamətdə Ermənistana yeganə nəfəslik verən ölkə məhz İrandır. Onlar uzun müddətdir Ermənistana təbii qaz verirlər. Hətta bu yaxınlarda həmin kvotanın artırılması da müzakirə edildi. Azərbaycan təbii ki, bu məsələ ilə bağlı haqlı etirazını bildirib, ancaq proses davam edir. Demək istəyirəm ki, İranın öz qazı Ermənistanı tam təmin edir. Bilirsiniz ki, bu yaxınlarda İranla Türkmənistan arasında iqtisadi problem yaranmışdı və həmin zaman Ermənistan belə bir təklif etmişdi ki, svop əməliyyatı ilə bu məsələni həll etmək olar. Təbii ki, İranın bu məsələyə bizim də adımızı əlavə etməsi qonşunun könlünü almağa hesablanıb. Çünki onlar gözəl bilir ki, Azərbaycanın təbii qaz almağa ehtiyacı yoxdur. Məsələnin başqa bir aspekti isə Ermənistanın türkmən qazını Avropa bazarına çıxarmaq istəyilə bağlıdır. Hətta bu yaxınlarda erməni baş nazirin İrana səfəri zamanı bu mövzunun müzakirə olunduğu bildirildi. Ermənistan mətbuatı yazırdı ki, Serj Sarkisyanla görüşən türkmən lider Qurbanqulu Berdıməhəmmədov da türkmən qazının İran və Ermənistandan tranzit yolla Avropaya daşınmasına razılıq verib.
Erməni ekspertlər bu görüşlərdən o qədər ruhlanıblar ki, Avropaya İran körfəzindən gedən bütün yüklərin Ermənistandan keçməsinin və Bakı-Tiflis-Qars dəmir yolunu tikmiş Azərbaycanı bu bazardan çıxarmağın xəyalını qururlar”.
Məhəmmədəli QƏRİBLİ