Yaxın Şərqdə hadisələrin yeni inkişaf axarı burada əvvəlkilərlə müqayisədə daha qanlı savaşların başlaya biləcəyini göstərir. Çünki bölgədə Rusiya-Türkiyə-İran üçbucağı ilə Qərb, əsas etibarı ilə də ABŞ arasında qarşıdurma artıq açıq müstəviyə keçir. Xüsusən də Suriya ərazisi İŞİD qüvvələrindən təmizləndikdən sonra burada indi tərəflər özləri üz-üzə gəlir.
İndiki şəraitdə Rusiya-Türkiyə-İran üçbucağının mövqelərinin gedərək güclənəmsi ABŞ-ı ciddi surətdə narahat edir. Məhz belə bir vaxtda kənar qüvvələrin təsirilə ABŞ Suriyanı tərk etməyəcəyini açıqlayıb. ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib ki, asanlıqla Suryiadan çıxmayacaqlar.
Pentaqon başçısının sözlərinə görə, BMT-nin terrorçu İŞİD-ə qarşı qəbul etdiyi qətnamə ABŞ-ın Suriya ərazisinə girməsi üçün hüquqi əsas verir: “Biz orada İŞİD-i məhv etmək üçün mövcuduq. Ancaq bu o demək deyil ki, biz Suriyadan belə asanlıqla çıxacağıq. Biz istəmirik ki, Suriyadan çıxışımızdan sonra orada yenidən ikinci İŞİD ortaya çıxsın və biz də özümüzü buna heyrət edən kimi aparaq. Ona görə də Suriyada münaqişənin siyasi yolla tənzimlənməsi, danışıqların irəliləməsi üçün BMT-nin başçılığı altında Cenevrə danışıqlarını gücləndirmək lazımdır. Bizim istəyimiz budur”. Amma informasiyaya əsasən, BMT-nin Təhlükəsizlik Şurası ABŞ-ın Suriya ərazisində hərbi əməliyyatlar aparmasına icazə verməyib. Bu şəraitdə Rusiya-Türkiyə-İran üçbucağı ABŞ-ın bölgəni tərk etməsini istəyir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə dilə gətirib. Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra bildirib ki, hazırda Suriyada münaqişənin siyasi yolla həlli üçün zəmin yaranıb və kimlərsə öz məqsədləri üçün buna mane olmamalıdır. Türkiyə prezidenti ABŞ-ın ordusunu Suryiadan geri çəkməsinin vacib olduğunu da bildirib: “Qoy onlar Suriyadakı hərbçilərini geri çəksinlər. Biz ABŞ-ın İraqa girməsini də istəməmişdik. Bunu onlara demişdik. Dedilər ki, İraqı tamamilə terrorçulardan təmizləyəcəklər. Təmizlədilərmi? Xeyr".
Türkiyə prezidenti vurğulayıb ki, Suriyanın şimalında ABŞ-ın 5 hava və daha 8 hərbi bazası var: "Üst-üstə gələndə hərbi bazaların sayı 13 edir. Birini də Rakkada yerləşdirirlər. Ora silah göndərirlər. Bu silahlar kimə göndərilir? Təbii ki, ya PYD, ya da YPG-yə göndərilir. Bölgədəki vəziyyəti bizdən yaxşı heç kim bilmir". Jurnalistin Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirəcəyi hərbi əməliyyata hazırlıqla bağlı sualına cavabında T.Ərdoğan deyib: “Suriya ilə 911 kilometrlik sərhədimiz var. Bu əməliyyatı ABŞ, Almaniya və Rusiya ilə müzakirə etmişik. Ancaq indi əsas hədəf İdlibdir. İdlibdə mülki insanlar təcavüzə məruz qalır. İdlibdə Rusiya ilə birgə hərəkət edəcəyik. Afrin də qonşu bir əyalətdir. Bu əyalətdə bizə uyğun olan elementlər də var. Eyni zamanda terrorçulara uyğun olanı da var. Rusiya ilə birlikdə Afrində fəaliyyət göstərəcəyik". Bütün bunlar isə ABŞ-da birmənalı qarşılanmır. ABŞ istənilən halda Suryiada qalacağını bildirir. Bu isə Rusiya-Türkiyə-İran üçbucağı ilə ABŞ-ın açıq qarşıdurma ehtimalını artırır.
Hadisələrin inkişaf axarından narahat olan daha bir ölkə İsraildir. Məsələ burasındadır ki, İran Suriya ərazisində hərbi baza tikir və İsrail buradan onun ərazisinə hücumlar ola biləcəyini iddia edir. Bildirir ki, bu barədə informasiyanı BBC televiziyası Britaniya kəşfiyyatındakı mənbəyə istinadən yayıb. Bazanın Dəməşqin 14 kilometr cənubunda yerləşən ərazidə qurulduğu bildirilir. Ərazinin peykdən çəkilən görüntülərində 20-yə yaxın binanın tikildiyi müşahidə edilib. Binalarla bərabər bu ərazidə nəqliyyat vasitələri üçün xüsusi qarajlar da inşa edilir. İddiaya görə, son həftələr ərzində bazaya İran generalları da gəlib. Baza İsrail-Suriya sərhədinin 50 kilometrliyində yerləşir. Artıq İsrail məsələyə sərt reaksiya verib. İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib ki, İsrail Jolan təpələrinin Suriya hissəsində qurulan İran bazasını məhv edəcək: “İsrail qarşı tərəfdən gələcək hər bir hücuma lazımı cavab verəcək”. İsrail parlamentinin deputatı Kseniya Svetlova isə qeyd edir ki, İranın Suriyanın cənub-qərb sərhədlərindən çıxarılması barədə beynəlxalq razılaşma deklarativ xarakter daşıyır və İsrailin maraqlarına tam cavab vermir: “Rusiya, ABŞ və İordaniya arasında Suriya ilə bağlı imzalanan razılaşmanın şərtləri getdikcə aydın olmağa başlayır. Bu razılaşma bizim maraqlarımıza uyğun deyil. İran və ona bağlı qrupların İsrail sərhədindən uzaqda yerləşdirilməsi ilə bağlı göstərilən məsafə çox azdır. İran Suriyada strateji maraqlara sahibdir. O, bu məqsədlərinə çatmaq üçün planlı şəkildə çalışır. Onların maraqlarından biri İsrailin şimal sərhədlərində təhdid yaratmaqdır. İsrail yaranacaq təhlükəyə qarşı səssiz qala bilməz”. Bu şəraitdə İsrailin də Suryia münaqişəsində iştirakı vəziyyəti daha da gərginləşdirir və bölgəyə daha qanlı savaş vəd edir.
Tahir TAĞIYEV