Soçidə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdən sonra ekspertlərin böyük əksəriyyəti Dağlıq Qarabağ münaqişəsi ətrafında hadisələrin yeni axarda davam edəcəyinə dair, demək olar ki, vahid mövqe sərgiləyir. Ümumi rəy bundan ibarətdir ki, bu görüşün mütləq mənada Qarabağ konfliktinə təsirləri olacaq.
Məsələ ilə bağlı Ermənistanın “168 Jam” qəzeti diqqəti ona yönəldir ki, məhz prezidentlərin Soçi görüşündən sonra gələn həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvan və Bakıya səfər edəcək. Lavrovun noyabrın 19-da Bakıda, 20-də isə İrəvanda olacağı bildirilir. Səfər zamanı əsas müzakirə mövzusu Qarabağ konflikti olacaq: “Səfərlə bağlı iki versiya var. Lavrov Məmmədyarov-Nalbandyan görüşü üçün effektiv gündəm formalaşdırmağa cəhd edə bilər. Digər tərəfdən isə Lavrov həmsədrlərin də dəstəklədiyi plan təqdim edə bilər”.
Qeyd edək ki, Ərdoğan Soçi səfəri öncəsi rusiyalı həmkarı ilə Dağlıq Qarabağ problemini müzakirə edəcəyini bildirsə də, görüşdən sonra hər iki liderin mediaya açıqlamasında müzakirə olunan məsələlər sırasında Qarabağın adı çəkilmədi. Kremlin mətbuat katibi Dmitri Peskov isə Ərdoğanla Putinin mediaya açıqlanmayan məxfi müzakirələr də keçirdiyini bildirdi. Məhz həmin müzakirələrdən birinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğu ehtimal edilir.
Xatırladaq ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılış mərasimindən geri dönərkən Ərdoğan rusiyalı həmkarı ilə görüşündə Qarabağ münaqişəsini müzakirə edəcəyini açıqlamışdı. Elə Soçiyə yola düşməzdən əvvəl də Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında Ərdoğan bir daha bildirdi ki, Türkiyə və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparacaq: “Rusiya prezidenti Vladimir Putinlə keçirəcəyim görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq”. Bütün bunlar onu deməyə əsas verir ki, Soçi görüşündə bağlı qapılar arasında Qarabağ məsələsi müzakirəyə çıxarılıb. O da aydındır ki, bu müzakirələr zamanı Azərbaycanın ərazi bütövlüyünün bərpası ön planda yer alıb. Çünki Ankara birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan kənar hansısa müzakirə aparılmasını da mümkün saymadığını dəflərlə ən yüksək səviyyədə bəyan edib. Azərbaycan sözsüz ki, Türkiyənin Qarabağ məsələsində onun maraqlarını həmişə öndə tutacağını bilir və qardaş ölkənin bu mövqeyini yüksək qiymətləndirir. Bakı-Tiflis-Qars dəmir yolunun açılışı zamanı prezident Ərdoğanın Azərbaycan paytaxtında söylədiyi “Azərbaycanın Qarabağ yarası bizim yaramızdır” sözləri də, şəksiz ki, boşuna bəyan edilməyib. Bu bir daha qardaş ölkənin Azərbaycanın yanında olduğunun bariz təsdiqi, eyni zamanda işğalçı ölkəyə və onun arxasında duran güclərə xəbərdarlığıdır. Bütün bunlar onu tam qətiyyətlə deməyə əsas verir ki, Soçidə də Qarabağ məsələsi ətrafında müzakirələr Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olub. Ehtimal edilir ki, bu xüsusda Türkiyə və Rusiya prezidentləri müəyyən razılığa gəlib və gələn həftə bölgəyə təşrif buyuracaq Sergey Lavrov bu barədə Azərbaycan, həmçinin Ermənistan prezidentlərini məlumatlandıracaq.
Rusiya Federasiyasının İctimai Palatasının üzvü, politoloq Sergey Markov Putinlə Ərdoğanın Soçi görüşündən sonra Qarabağ məsələsində müəyyən yeniliklərin olmasını istisna etmir: “Ümumiyyətlə, hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Türkiyə-Rusiya əməkdaşlığı yaxşı ideyadır. Biz bu münaqişədə Türkiyənin Azərbaycana tam dəstəyini yaxşı bilirik. Problem ondadır ki, Ermənistanın Türkiyənin vasitəçiliyini qəbul etməsi çətindir. Lakin Ankara bu prosesdə Moskva ilə birgə hərəkət edə bilər”. Ekspertin sözlərinə görə, Türkiyə iki istiqamət üzrə hərəkət edə bilər: “Birincisi, münaqişənin nizama salınmasında öz təkliflərini irəli sürə bilər. İkincisi, Ərdoğan Putinlə görüşdə Ermənistanın təhlükəsizliyinə müəyyən zəmanətlər qarşılığında 5 rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutan “Kazan düsturu”nu dəstəkləyə bilər. Hər halda, liderlərin görüşü zamanı Qarabağ məsələsində müzakirələrin dəqiq hansı istiqamətdə getdiyi bəlli deyil. Amma bu müzakirələr gedib. Ərdoğan münaqişənin nizama salınmasında Rusiyaya kömək etsə, ciddi nəticələr əldə oluna bilər”. Ümumiyyətlə, ekspertlər bildirir ki, Moskva və Ankaranın mərhələli həll variantı üzərində razılığa gəlməsi tamamilə mümkündür. Çünki Qarabağla bağlı sülh prosesinin başlanğıcı ilk növbədə bəzi rayonların geri qaytarılmasından keçir. Bunun 5 və ya 7 rayon olacağını indidən söyləmək çətindir. Digər tərəfdən o da məlumdur ki, Rusiya və Türkiyə arasında bir sıra mühüm layihələrinin gerçəkləşməsi üçün hava və hazırkı dəmir yolu xətləri kifayət etmir. Ancaq Qarabağ münaqişəsinin tənzimlənməsi hər iki ölkəyə yeni imkanlar aça bilər. Bu fonda da Rusiya və Türkiyə, konkret olaraq onların rəhbərləri birlikdə nizamlama prosesini irəli apara bilər. Hadisələrin bu səpkidə inikşafı hər iki ölkənin maraqlarına cavab verir. Erməni politoloq, “Modus Vivendi” mərkəzinin direktoru Ara Papyan da Ərdoğan-Putin görüşünün indiyə qədərki görüşlərdən çox fərqləndiyini bildirir. Onun sözlərinə görə, Rusiya prezidenti ilə Türkiyə dövlət başçısının Qarabağ müzairələri Ermənistan üçün yaxşı heç nə vəd etmir: “Rusiya ilə Türkiyə Qarabağ münaqişəsinin həlli formulunu tapmağa çalışırlar. Onlar özləri də etiraf edirlər ki, Minsk Qrupu formatında bu razılaşmanı əldə etmək mümkün olmayacaq. Çünki ABŞ və Rusiya, ABŞ və Fransa, Fransa və Rusiya arasındakı konfliktlər, siyasi müharibələr müxtəlif beynəlxalq ərazilərdəki gerçək toqquşmalar səngimir, əksinə, bir qədər də artır. Belə olan halda, heç kim inana bilməz ki, bunlar Yaxın Şərqdə bir-biri ilə ciddi qarşıdurmada olduğu halda, ABŞ və Rusiya gəlib burada Qarabağ münaqişəsini həll edə bilər. Bu qətiyyən mümkün deyil”. Amma o, yaranmış vəziyyətdə Rusiya və Türkiyənin fərqli addımlar ata biləcəyini istisna etmir. Lakin qeyd edir ki, Azərbaycanın Rusiya və Türkiyə ilə indiki münasibətləri nəzərə alınarsa, atılan addımlar İrəvanın lehinə olmayacaq.
Ara Papyan Ermənistana bundan sonra təzyiqlərin artacağını da proqnozlaşdırır. O qeyd edir ki, İrəvanı yola gətirmək üçün Moskva yeni hərbi əməliyyatlara “yaşıl işıq” yandıra bilər. O, Ermənistan ordusunun zəifliklərini Azərbaycanın yaxşı bildiyinə də diqqət çəkərək, yeni əməliyyatların ölkəsi üçün daha böyük problemlərlə yekunlaşa biləcəyini də xüsusi olaraq vurğulayır. Ara Papyan bu fonda “Hərbi xidmət və hərbi qulluqçu statusu haqqında” qanun layihəsini də tənqid edib. Onun sözlərinə görə, Ermənistan parlamentində birinci oxunuşda qəbul edilmiş qanun layihəsi emiqrasiyanı gücləndirəcək: “İnsanlar artıq indidən 18 yaşına çatmamış övladlarını ölkədən çıxarırlar ki, hərbi xidmətdən yayınsınlar. Bu qanunla emiqrasiya güclənəcək”. O əlavə edib ki, qanun layihəsi yaxşı motivlərlə köklənsə də, ədaləti təmin etməyəcək, yenə dolayı yollar tapanlar olacaq: “Elə təklif qəbul edilməlidir ki, məsələn, hərbi xidmətdə olmayanlar müəyyən vəzifələri tuta bilməsin”. Papyanın sözlərinə görə, Azərbaycanın Ermənistandan üstünlüyü həm də ondadır ki, insan ehtiyatlarına deyil, texnologiyalara istinad edir. Onun fikrincə, orduda ədalət vacibdir. “Misal üçün, hazırda həbsxanalar aprel müharibəsini uduzmuş general və zabitlərlə dolu olmalı idi”.
Məhz belə bir vaxtda bəlli olub ki, “Hərbi xidmət və hərbi qulluqçu statusu haqqında” qanun layihəsi Ermənistan daxilində yeni qarşıdurmaya da yol aça bilər. Bir daha xatırladaq ki, “Hərbi xidmət və hərbi qulluqçu statusu haqqında” qanun layihəsi oktyabrın 27-də parlamentdə birinci oxunuşda qəbul edilib. Həmin sənəddə təhsil alan tələbələrə hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi öz əksinin tapıb. Etiraz aksiyası keçirən tələblər hesab edirlər ki, bu qanun elm və təhsilin potensialına zərbə vuracaq. Yayılan məlumatlara görə, İrəvan Dövlət Universiteti tələbələrinin “Elmin inkişafı naminə” şüarı ilə keçirdikləri etiraz aksiyasına Ermənistanın başqa ali məktəblərində təhsil alanlar da qoşulacaq. “Elmin İnkişafı Naminə” hərəkatın koordinatoru David Petrosyanın sözlərinə görə, hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi elm sahəsinin maliyyələşdirilməsinin azlığı və təhsilin keyfiyyətinin aşağı səviyyədə olmasının göstəricisidir: "Bunu da ölkədə hamı bilir".
İndilikdə tələbələrin hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılması ilə bağlı etiraz aksiyaları davam edir. Artıq beş tələbə İrəvan Dövlət Universitetində aclıq aksiyasına başlayıb. Aksiyaya qoşulan “Elmin İnkişafı Naminə” təşəbbüs qrupunun üzvü David Petrosyan bildirir ki, tələbələrin dördü müddətli həqiqi hərbi xidmətdə olub: “Biz bununla qanun layihəsinə və ictimaiyyətin ona biganə qalmasına etiraz edirik”. Erməni mediası yazır ki, tələbələr hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz olaraq bir neçə gündür İrəvan Dövlət Universitetinin, parlamentin, Müdafiə Nazirliyinin və Təhsil Nazirliyinin binaları yaxınlığında keçirilən etiraz aksiyalarının miqyasının genişlənməsi ölkəyə müsbət heç nə vəd etmir. Qeyd olunur ki, belə vəziyyət erməni ordusunun, cəmiyyətinin acizliyini üzə çıxarır və bu proses hazırda cəbhədə olan erməni əsgərlərində ruh düşkünlüyünü daha da artırır. Bu da, öz növbəsində, Qarabağda hərbi əməliyyatlar yenilənəcəyi təqdirdə döyüşlərin nəticəsinə təsir edəcək əlavə vacib faktorlardan sayılır. İndilikdə əsas məqam Rusiya və Türkiyə prezidentlərinin görüşlərinin nəticələrinin Qarabağ münaqişəsinin gedişinə hansı təsir göstərəcəyidir. Əsas gözləntilər bu təsirin Azərbaycanın maraqları istiqamətində olacağını deməyə əsas verir. Əks halda bu maraqlar Azərbaycan ordusunun gücü hesabına təmin olunacaq.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.