Əli Əliyev: “Bir sözlə, Rusiyanın bütün qol-budaqlarını kəsirlər ki, tez çöksün”
ABŞ Konqresinin hər iki palatası Rusiyanın Avropada qarşısının alınması üçün 4,6 milyard dollar ayırmaq qərarına gəlib. Bu barədə Senatın Silahlı qüvvələr üzrə komitəsinin saytında bildirilir. Məlumata görə, dövlət büdcəsindən Pentaqona ayrılan maliyyə vəsaitləri ABŞ-ın Avropada mövqeyinin gücləndirilməsinə yönəldiləcək. O cümlədən Baltikyanı ölkələrin müdafiə qabiliyyətinin artırılmasına 100 milyon dollar xərclənə bilər. Qanun layihəsi Nümayəndələr Palatası və Senatda qəbul edildikdən sonra imzalanmaq üçün prezidentə göndəriləcək.
Bundan əvvəl ABŞ Senatı və Konqresin Nümayəndələr Palatasının müvafiq komitələri 2018-ci maliyyə ilində Ukraynaya 350 milyon dollarlıq hərbi yardım edilməsi barədə razılığa gəliblər.
ABŞ-ın bu qərarı nə kimi təsirə malik olacaq?
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qəzetimizə bildirdi ki, bu qərarın ilk növbədə psixoloji aspekti var: “Bilirsiniz ki, Rusiya ilə Qərb arasında münasibətlər çox kritikdir. Bu özünü Rusiyanın Krımı ilhaq etməsindən sonra daha aydın büruzə verir. Qərb ölkələri Rusiyanı çökdürmək üçün əllərindən gələni edirlər. Ancaq Rusiya da, öz növbəsində, müqavimət göstərir. ABŞ Konqresinin hər iki palatasının Rusiyanın fəaliyyətinə qarşı maliyyə ayırdığı tarixə diqqət edin. Yeni prezident seçkilərinin düz bir ilinin tamamına təsadüf edir. Bir növ, revanş xarakteri daşıyır. Bir ildir ki, ABŞ-da Rusiyanın oradakı seçkilərə müdaxiləsi araşdırılır və artıq təsdiqini tapıb ki, həmin hibrid müharibəni Rusiya udub. Bütün bunlara görə ABŞ fəallığı bir qədər də artırır. O cümlədən Rusiyanın Avropa məkanında informasiya müharibəsi aparan KİV-lərinin də fəaliyyətinin dondurulması nəzərdən keçirilir. Bir sözlə, Rusiyanın bütün qol-budaqlarını kəsirlər ki, tez çöksün. Hazırda bu toqquşma hələ ki, Asiya qitəsinə təsadüf edir. Trampın hazırda həmin bölgədə turnedə olması təsadüfi xarakter daşımır. Rusiyanın dəstəklədiyi Şimali Koreyanın çökdürülməsi üzərində iş aparılır. Rusiyanın Avropadakı fəaliyyətinin qarşısının alınmasına ayrılan vəsait az məbləğ deyil. Hesab edirəm ki, bu vəsaitin Rusiyaya ciddi maneəsi olacaq”.
Məhəmmədəli QƏRİBLİ