Həyata keçirdiyi işğalçılıq siyasətindən əl çəkməməsi Ermənistana getdikcə daha baha başa gəlməkdədir. Artıq məlum olduğu kimi, bu ölkənin regionda həyata keçrilən layihələrdən kənarda qalması erməni ekspert çevrəsində daha çox narazılıq və həyəcanla qarşılanır.
Məsələ ilə bağlı erməni iqtisadçı Ruben Aroyan vurğulayır ki, Ermənistanın durumu sürətlə pisləşir. Onun sözlərinə görə, regionda həyata keçrilən layihələrə çıxış imkanı əldə etməsə, yaxud yeni layihələrin həyata keçrilməsinə nail olmasa, Ermənistanın iflası qaçılmazdır. Amma indiki şəraitdə qeyd olunan iki şərtdən heç birinin reallaşması mümkün deyil. Əvvəla, işğal siyasətinə son qoymasa, Azərbaycan Ermənistanın regionda hansısa layihədə iştirakına imkan verməyəcək. Özü də regionda istənilən transmilli layihənin Azərbaycanın iştirakı olmadan həyata keçməsinin mümkünsüz olduğunu İrəvanda da yaxşı bilirlər.
Digər tərəfdən, bəzi dövlətlər Ermənistanla belə layihələrin həyata keçirilməsi istiqamətində əvvəllər razılıq imzalasalar da, onun həyata keçməsinə indi heç kim təşəbbüs göstərmir. Bu vəziyyətdə Ermənistan hakimiyyəti düşdüyü ağır iqtisadi və siyasi vəziyyətdən çıxış yolu axtarsa da tapa bilmir. Bu ölkənin mətbuatı isə hakimiyyəti məğlubiyyətini etiraf etməyə çağırır. Xüsusən də Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi, bunun ardınca isə Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin formalaşması istiqamətində aparılan işlərin müzakirəsi Ermənistanda növbəti vahimə dalğasının yaranmasına səbəb olub.
Məsələ ilə bağlı “armtimes” saytı yazır ki, regionda həyata keçirilən beynəlxalq xarakterli və səmərəli nəqliyyat layihələrində Ermənistanın iştirak edə bilməməsi problemin bir tərəfidir: “Problemin digər tərəfi isə daha təhlükəlidir. Belə ki, Azərbaycanın təşəbbüs və iştirakı ilə həyata keçirilən layihələr nəticəsində Ermənistanla reallaşdırılması nəzərdə tutulan layihələrə artıq heç bir dövlət yaxın durmur. Məsələn, İrəvanın müəllifi olduğu İran-Ermənistan dəmir yolu və İran-Ermənistan avtomobil yollarının çəkilişi artıq tamamilə öz əhəmiyyətini itirib”. Bildirilir ki, İran-Ermənistan dəmir yolunun çəkilişi ideyası birdəfəlik dəfn olunub. Çünki İran Azərbaycan ərazisindən keçən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini əsas götürüb və bu dəhlizin onurğa sütununu təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yoluna maliyyə ayırıb. Artıq işlərin 80 faizindən çoxu həyata keçirilib.
Avtomobil yoluna gəldikdə isə, Ermənistanın bu layihəsi də Bakı-Tiflis-Qars dəmir yolunun istismara verilməsi ilə əhəmiyyətini itirib. Bu yolun çəkilişi üçün Ermənistanın dövlət büdcəsindən 1 milyard dollar ayrılıb. Uzunluğu 500 kilometr olan yol Ermənistanın cənubu ilə şimalını, yəni İranla sərhəddə yerləşən Mehri şəhəri ilə Gürcüstanın Poti limanını birləşdirməli idi. Bu yolun inşasına 2011-ci ildə başlanıb və ötən 6 ildə onun yalnız 50 kilometri çəkilib. İran-Ermənistan avtomobil yolunu ermənilər “Şimal-Cənub” layihəsi adlandırır. Ermənistan üçün yolun strateji mahiyyəti ondan ibarət idi ki, rəsmi İrəvan bu yolla “Şimal-Cənub” dəhlizinə qoşulmağı və Asiya ölkələrindən İrana daxil olan yüklərin bu yolla Gürcüstanın Poti limanına, oradan isə Avropaya daşınmasına nail olmağa çalışırdı. Bundan başqa, Ermənistan gələcəkdə Mehri-Poti yolunu Rusiyaya qədər uzatmağı və yüklərin əks istiqamətə - Rusiya-Gürcüstan-Ermənistan-İran istiqamətində daşınmasına nail olmağı və ikiqat tranzit gəlir götürməyi planlaşdırırdı. Lakin Rəşt-Astara dəmir yolu İranın Ermənistana avtomobil yolu çəkib onu Mehri-Poti magistralına birləşdirmək marağını itirib. Bu şəraitdə Ermənistanın Mehri-Poti avtomobil yolunu yekunlaşdırması böyük sual altındadır. “Armtimes” saytı yazır ki, Azərbaycan-İran-Rusiya, Azərbaycan-Gürcüstan-Türkiyə formatlarında əməkdaşlıq əlaqələri mövcuddur və beynəlxalq səviyyəli iqtisadi layihələr həyata keçirilir. Ermənistan isə heç bir formatda yoxdur. Çünki Ermənistan regionda müstəqil siyasət apara bilmir. “Jamanak” qəzeti də vurğulayır ki, maliyyə problemlərinə görə İran-Ermənistan avtomobil yolunun tikintisini başa çatdırmaq mümkün olmayacaq.Bildirilir ki, beynəlxalq təşkilatlar bu layihəyə pul ayırmır. Qəzetin yazdığına görə, Ermənistan hökuməti avtomobil yolunun tikintisini başa çatdırmaq üçün sərmayəçi axtarır. Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vaqan Martirosyan “Jamanak”a müsahibəsində bildirib ki, Artaşat-Mehri avtomobil yolunun tikintisi üçün əlavə 1,5 milyard dollar maliyyə vəsaitinə ehtiyac var. İlkin hesablamalara əsasən, layihənin ümumi dəyəri 3,5 milyard dollardır. Amma bu pul nə Ermənistanda var, nə də beynəlxalq maliyyə qurumları buna vəsait ayırmaq niyyətindədir. Çünki həmin layihənin perspektivi yoxdur. Beynəlxalq maliyyə qurumları layihənin səmərəsizliyini nəzərə alaraq, ona sərmayə yatırmağı risqli sayır. Çünki bu xətdən iki dövlətdən başqa kiminsə istifadə etməsi mümkünsüzdür. Belə vəziyyətdə Ermənistanın yalnız bir çıxış yolu qalır. O da Azərbaycanın həyata keçirdiyi layihələrə qoşulmaqdır. Amma bunun üçün ilk növbədə işğal siyasətinə qoyulmasının vacibliyini də Ermənistanda yaxşı bilirlər.
Nahid SALAYEV