Aqşin Əliyev: “Vaşinqtonda anlamalıdırlar ki, ştatların “erməni soyqırımı”nı tanıması ABŞ-Türkiyə münasibətlərinə yaxşı heç nə vəd etmir”
Ermənistan mətbuatının verdiyi məlumata görə, Amerika Birləşmiş Ştatlarının İndiana ştatı qondarma “erməni soyqırımı”nı tanıyıb. Onların iddiasına görə, guya bu, qondarma “soyqırım”ı tanıyan sayca 48-ci ştat olur. Məlumdur ki, ABŞ-ın 50 ştatı var. Onda belə çıxır ki, az qala ABŞ-ın hamısı qondarma “soyqırım”ı tanıyıb?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, Ermənistan mətbuatı əksər hallarda dezinformasiya tirajlayır: “Yəni onların yaydığı məlumat heç də o demək deyil ki, həqiqətdir. Ancaq təəssüflər olsun ki, ABŞ-ın bəzi ştatları doğrudan da qondarma “soyqırım”ı tanıyıblar. Say bir qədər şişirdilir. Bu günə qədər az qala bütün ştatların qondarma “soyqırım”ı tanıması ilə bağlı iddialar bir qədər inandırıcı görünmür. Biz bunun dezinformasiya olub-olmadığını tez bir zamanda öyrənə bilərik. Çünki hazırda məlumat çox sürətlə yayılır və nəyisə yalandan iddia etməyin üstü qısa zamanda açıla bilir. Belə hal olsa belə, bunun Türkiyə-ABŞ münasibətlərinə ciddi təsiri olacaq. Çünki ikitərəfli münasibətlərə xələl gətirən bir vəziyyətdir. ABŞ-ın bəzi ştatları elə qətnaməni qəbul edəndə biz münasibətlərin gərginləşdiyini görmüşük. Bir faktı da qeyd edək ki, hansısa ştatın bir qərarı qəbul etməsi sırf hökumətin marağı kimi yozula bilməz.
Amerikada ştatların və onların qanunverici orqanlarının geniş hüquqları var. Məsələn, elə ştat var ki, orada ölüm cəzası tətbiq olunur, eləsi var ki, tətbiq olunmur. İndiana Amerikanın böyük ştatlarındandır. Təəccüb doğuran isə odur ki, Kaliforniya ştatından fərqli olaraq, İndianada yaşayan ermənilərin sayı çox deyil ki, onlar bu ştatın qanunverici orqanına ciddi təsir etsinlər. Bu baxımdan da məlumat inandırıcı görünmür. Əlbəttə, Vaşinqtonda anlamalıdırlar ki, ştatların “erməni soyqırımı”nı tanıması ABŞ-Türkiyə münasibətlərinə yaxşı heç nə vəd etmir. Ancaq Amerikada xarici siyasətə cavabdeh olan Dövlət Departamentinin ştatlara “Sizin qətnamələr xarici siyasət və təhlükəsizlik məsələlərində Amerikaya problemlər yaradır” kimi xəbərdarlıq göndərəcəyini zənn etmirəm. Belə olsaydı, Dövlət Departamenti ilk növbədə Konqresin komissiyalarını xəbərdar etməliydi ki, hər dəfə Türkiyə əleyhinə erməni kartından istifadə etməsinlər. Erməni diasporunun bu məsələdə hədəfi bəllidir. Onların xülyasına görə, bütün ştatlar “erməni soyqırımı”nı tanıdıqdan sonra ABŞ prezidentinin də “soyqırım”ı tanıması məsələsi aktuallaşacaq. Onda, istər-istəməz, təzyiq artacaq və bu gedişatla Ankara bu prosesin qarşısını ala bilməyəcək. Hesab edirəm ki, Türkiyə bu istiqamətdə fəallığını artırmalı və ABŞ-a öz etirazını bildirməlidir”.
Məhəmmədəli QƏRİBLİ