Mübariz Əhmədoğlu: “Hesab edirəm ki, burada əsas məsələ İran məsələsidir”
Səudiyyə Ərəbistanında şahzadələrin, bir neçə sabiq və fəaliyyətdə olan nazirlərin həbs edilməsi dünya mətbuatının gündəmindədir. Kral ailəsinin üzvləri arasından həbs olunanların sayı artıq 30-a çatıb.
Kral Salman noyabrın 4-də Korrupsiyaya Qarşı Mübarizə Komitəsi yaradaraq oğlu Məhəmməd bin Salmanı həmin qurumun rəhbəri təyin edib. Komitənin yaradılmasından bir neçə saat sonra həbslər başlayıb. Həbs olunanlar arasında Ciddə şəhərinin sabiq meri və keçmiş səhiyyə naziri Adil Fəqih, Yaxın Şərq Mediası Mərkəzinin direktoru Valid Əl-İbrahim, Kral Məhkəməsinin keçmiş sədri Xalid Tuycəri, həmçinin, Ərəbistanın ən varlı adamı Valid bin Təlal bin Əbdüləziz kimi tanınmış şahzadə və digər məşhur şəxslər də var.
Kral Salman Ərəbistan milli qvardiyasının rəisi və əvvəlki kralın oğlu Mutəəb bin Abdullah bin Əbüdləzizi də vəzifəsindən kənarlaşdırıb.
Həbs olunanlar korrupsiya və rüşvətxorluqda, “çirkli pulların” yuyulmasında ittiham olunurlar.
Səudiyyə Ərəbistanının keçmiş kralı Fahdın oğlu şahzadə Əbdüləziz ibn Fahd isə təhlükəsizlik qüvvələri ilə baş verən silahlı atışmada öldürülüb.
Bu sözləri ABŞ Federal Tədqiqatlar Bürosunun sabiq əməkdaşı Əli H. Sofan “Tvitter” hesabında yazıb. Onun sözlərinə görə, 44 yaşlı şahzadəni həbs etmək üçün gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ilə onun mühafizəçiləri arasında silahlı atışma yaşanıb. Bu zaman Fahd aldığı güllə yarasından hadisə yerindəcə keçinib.
Əbdüləziz ibd Fahdın ölüm səbəbi hazırda dəqiq bilinmir. Bəzi mənbələr onun ürək tutmasından öldüyünü iddia ediblər.
Ölkəni tərk etmək cəhdlərinin qarşısının alınması üçün Səudiyyə Ərəbistanının hava limanlarında nəzarət gücləndirilib.
Bəzi kütləvi informasiya vasitələri Səudiyyə Ərəbistanında baş verənləri dünya bazarında neftin qiymətinin düşməsindən sonra kralın ölkə iqtisadiyyatında dəyişiklik etməyə çalışması, digərləri isə saray çəkişmələri kimi qiymətləndirirlər.
Səudiyyə Ərəbistanında əslində nə baş verir?
Politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, aparılan islahatlar sırf Qərbin xoşuna gəlmək üçündür: “Yəni bu mənada Səudiyyə Ərəbistanı Trampa vəd verib və indi də o vədləri yerinə yetirir. Səudiyyə Ərəbistanında baş verənlərlə bağlı məsələdə bir hadisə diqqətdən kənarda qalıb. Bu hadisə də odur ki, Livanın baş naziri Saad Hariri Səudiyyə Ərəbistanına dəvət olundu və orada onu məcbur etdilər ki, Livanın baş naziri postundan istefa versin. Saad Hariri Səudiyyə Ərəbistanından Livana qayıtmamış bu hadisələr yaşandı.
Mən hesab edirəm ki, bu hadisələrin hamısı bir-birilə əlaqəlidir. Səudiyyə Ərəbistanının kralı Salman əl Səid hakimiyyətini möhkəmləndirir. Görünən də budur ki, kral yaxın vaxtlarda İranla əlaqəli çox ciddi qərar qəbul edəcək. Çünki ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının Əl-Xalid aeroportuna raketin İran tərəfindən atıldığını bildirdi. Bundan sonra Səudiyyə Ərəbistanı da atılan raketin İran tərəfindən atıldığını dedi və əlavə etdi ki, həmin raketə görə İran cavab verəcək.
Səudiyyə Ərəbistanında və şəxsən kral ailəsində kimin korrupsiya ilə məşğul olub-olmadığını müəyyənləşdirmək qeyri-mümkündür. Çünki Səudiyyə Ərəbistanında kral ailəsinin davranışı, onların şəxsi biznesi və dövlət hakimiyyətini əllərindən saxlaması o qədər bir-birinə qarışıb ki, orada təxminən kralın yaxınları nə işlə məşğuldursa, həbs edilən şahzadələr də o işlə məşğuldurlar. Buna görə də mən hesab edirəm ki, burada əsas məsələ İran məsələsidir. Həmçinin Livanın baş naziri də Səudiyyə Ərəbistanına dəvət olunmamışdan bir gün əvvəl İranın nümayəndə heyətini qəbul etmişdi.
Əslində, Səudiyyə Ərəbistanında olan islahatlar sırf Səudiyyə Ərəbistanının özünə aid məsələdir. Yəni tutaq ki, elə ərəb dövlətləri var ki, orada qadınların azadlığı çoxdur. Səudiyyə Ərəbistanında da islahatlar deyəndə daha çox qadın azadlıqları nəzərdə tutulur. Təsəvvür edin ki, Səudiyyə Ərəbistanında indi icazə verilir ki, qadın maşın sürsün. İranda isə, demək olar ki, maşın sürənlərin yarısı qadınlardır. Bütün bunlara görə də Səudiyyə Ərəbistanındakı islahatların Ərəb dünyasında dəyişiklik yaradacağını düşünmürəm. Həmçinin də aparılan islahatlar elə böyük səviyyədə deyil ki, Ərəb dünyasından kimsə o islahatlara nəsə desin və müdaxilə etsin”.
Məhəmmədəli QƏRİBLİ