Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələrinin işğalçı Ermənistanda böyük əndişəyə yol açıdığı artıq danılmaz həqiqətdir. Bakı-Tiflis-Qarsın işə düşməsindən sonra “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin istifadəyə verilməsi istiqamətində gedən hazırlıqlar Ermənistanın qorxularının daha da artmasına rəvac verib. İndi burada hesab edirlər ki, artıq Rusiya və İran əsas diqqətini Azərbaycan üzərində cəmləşdirib və belə vəziyyət Moskva ilə Tehran üçün İrəvanın əhəmiyyətini heçə endirir.
Ermənistanın “Jamanak” qəzeti yazır ki, artıq Rusiya, eləcə də İran İrəvanla əvvəllər müzakirə predmeti olan layihələri yada belə salmır. Əvəzində əsas diqqət Azərbaycanın üzərində cəmləşib və bu da Ermənistanın mövqelərinin tamamilə alt-üst olması deməkdir. Xüsusən də “Şimal-Cənub” dəhlizi ətrafında gedən proseslər fonunda Ermənistanın mövqelərinin daha çox sarsıldığı vurğulanır.
Bu arada ona da xüsusi diqqət çəkilir ki, “Şimal-Cənub” Azərbaycanın Rusiya və İranla əməkdaşlığı sayəsində iqtisadi, siyasi mövqelərinin daha da güclənməsinə gətirib çıxaracaq. Məhz belə bir vaxtda İranın yol və şəhərsalma nazirinin beynəlxalq məsələlər üzrə müavini Əsğər Fəxriyyə Kaşani bildirib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin formalaşdırılması İran-Azərbaycan iqtisadi əməkdaşlığının əsasını təşkil edir. O qeyd edib ki, qlobal xarakter daşıyan bu beynəlxalq layihənin həyata keçirilməsi nəticəsində hər iki ölkə təkcə yüklərin tranzit daşınmasından 1 milyard dollar əldə edəcək. Nazir müavini onu da vurğulayıb ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin aparıcı istiqaməti Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yoludur: “Bu yolun Qəzvin-Rəşt hissəsinin gələn ilin mart ayında istismara verilməsi gözlənir. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan Rəşt-Astara dəmir yolunun inşasına investisiya yatırmağa razıdır. Hər iki ölkə bu yolun tezliklə çəkilməsində maraqlıdır və səylərini əsirgəmir”.
Xatırladaq ki, “Şimal-Cənub” marşrutu Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisi ilə Samurdan Astaraya, daha sonra isə Astara-Rəşt-Qəzvin yeni dəmir yolu vasitəsilə İran dəmir yollarına birləşir. “Şimal-Cənub” bütövlükdə Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən meqalayihə sayılır. Bu nəqliyyat dəhlizi həm də çox mühüm geosiyasi layihədir və Cənubi Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır. Bu fonda da Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı planlarının və bu müstəvidə bəzi dövlətlərin ölkəmizə qarşı manipulyativ davranışlarının üzərindən xətt çəkir. Ermənistanın ortaya atdığı İran-Ermənistan-Gürcüstan-Rusiya, yaxud İran-Ermənistan-Gürcüstan-Bolqarıstan-Yunanıstan və bu qəbildən olan digər nəqliyyat dəhlizləri təşəbbüslərini isə, belə demək olarsa, yerindəcə boğur. Bunun nəticəsidir ki, Azərbaycanın aktiv iştirakçılığı ilə bölgədə reallaşan növbəti “Şimal-Cənub” layihəsi Ermənistanı ciddi şəkildə əndişələndirir. İrəvan hətta bu layihənin rellaşmasında oynadığı rola görə Moskva və Tehrana qəzəblidir. Çünki Rusiya, Azərbaycan, İran, Hindistan arasında “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması Ermənistanı tam arxa plana atacaq. Digər tərəfdən, “Şimal-Cənub”la təkcə dörd ölkənin dəmiryol qovşağı briləşəməyəcək və bu dəmir yolu İran-Azərbaycan-Rusiya üzərindən keçməklə Avropayadək uzanacaq. Elə qeyd edilən səbəbdən də aydın olur ki, bu çox ciddi və əhəmiyyətli bir iqtisadi layihədir. Məhz bu layihənin reallaşması nəticəsində Rusiyanın aktiv iştirakı ilə Ermənistandan yan keçməklə bölgədə mühüm əhəmiyyətə malik olan nəqliyyat dəhlizi yaradılır. Belə bir layihənin reallaşması Ermənistanın dəmir yol sisteminə öz mənfi təsirini daha da artırır. Ermənistan bu sazişdə iştirak etmədiyindən, bölgədə reallaşan daha bir əhəmiyyətli layihədən də kənarda qalmış olur. Yəni bu layihənin reallaşmasından bölgədə yeganə qazana bilməyəcək ölkə Ermənistan olacaq. Analitiklərin fikrincə, bu saziş bir daha sübut edir ki, Ermənistanın Moskva üçün iqtisadi və siyasi cəhətdən əhəmiyyəti gedərək azalır. Həmçinin bu layihənin reallaşmasının digər məqamı ondan ibarətdir ki, İran İrəvana dəmir yolu çəkmək niyyətindən vaz keçəcək. Çünki İran daha çox Azərbaycanla dəmir yolu əlaqəsinin qurulmasında maraqlıdır və fəaliyyətini də bu istiqamətdə qurub. Ermənistan onun üçün perspektivli ölkə kimi görünmür. Əvəzində Azərbaycan bununla bölgədə bir daha öz rolunu əhəmiyyətili dərəcədə gücləndirməklə, təkcə region ölkələri ilə deyil, həmçinin uzaq və yaxın dövlətlərlə əlaqələr formatını genişləndirir. Erməni ekspert Manvel İsgəndəryan bununla bağlı bildirir ki, Ermənistan regional layihələrdən kənarda qalmaqla daha acınacaqlı vəziyyətə düşür. Bu səbəbdən o, Qarabağ münaqişəsinin həllinin tezləşməsinin ölkəsi üçün indi daha böyük əhəmiyyətə malik olduğunu vurğulayır.
Nahid SALAYEV