Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən son hadisələr işğalçı Ermənistanın həm cəbhə zonasında, həm də diplomatik müstəvidə ciddi təzyiq altında olduğunu göstərir. Faktdır ki, erməni hərbi birləşmələrinin cəbhədə hər dəfə yeni təxribata əl atması düşmənin özünə baha başa gəlir. Elə bunun nəticəsidir ki, cari ilin ötən dövrü ərzində ermənilərin hərbi təxribatlarına silahlı qüvvələrimiz tərəfindən verilən cavab zərbələri nəticəsində onlarla düşmən hərbçisi həyatını itirib.
Azərbaycanın belə sərt cavabları Ermənistanda hakimiyyətə qarşı da etirazların artmasına səbəb olur. Erməni cəmiyyəti hakimiyyəti satqınlıq və ordudakı özbaşınalığa görə ittiham edir. Həmçinin, İrəvanda yeni müharibənin başlaması xofu daha da artır.
Bundan başqa, diplomatiya sahəsində də Ermənistanın vəziyyəti yaxşı deyil. Azərbaycan artıq Ermənistanın işğalçı ölkə statusunu tam şəkildə formalaşdırdığından, İrəvan Qarabağ konfliktinin həllinin uzanmasında məsuliyyət daşıyan əsas tərəf kimi qəbul olunur. Elə bu səbəbdən Ermənistanın məsələnin həlli istiqamətində real addımlar atması üçün İrəvan qarşısında qoyulan tələblər artır. Digər tərəfdən, regionda həyata keçrilən transmilli layihələrdən kənarda qalması da düşmən ölkənin vəziyyətini sürətlə pisləşdirir. Ermənistanın “Joxovurd” qəzeti yazır ki, belə layihələr Azərbaycanın iqtisadi və buna paralel olaraq da hərbi gücünü artırdığı halda, onlarda tamam əks vəziyyət müşahidə edilir. Xüsusi olaraq vurğulanır ki, belə vəziyyətdə Ermənistanın Qarabağ məsələsində Azərbaycana müqavimət imkanları sürətlə tükənir. Məsələnin bu tərəfinə nəzər salan erməni şərhçi Sarkis Artsruni yazır ki, Ermənistanın çıxış yolu yalnız sülhü dəstəkləməkdir: “Çünki yeni müharibənin nəticələrinə ölkə olaraq dözə bilməyəcəyik”. O qeyd edir ki, genişmiqyaslı müharibə Ermənistan üçün məhvedici olacaq: “İlk növbədə ciddi demoqrafik problem yaşanacaq. Çünki insanlar kütləvi şəkildə qaçacaqlar. Digər tərəfdən, iqtisadiyyatımız da buna dözməyəcək. Bu baxımdan, genişmiqyaslı müharibə Ermənistan üçün məhvedici nəticələr doğuracaq. İrəvanın Moskvaya bel bağlamağının uçuruma aparan yol olması isə ötən zaman ərzində təsdiqini tapıb. Rusiya bizə yardım etməyəcək. Rusiyanın Ermənistana verdiyi silahlar da vəziyyəti dəyişmir. Məsələn, məlumdur ki, Qarabağda hər hansı müharibə zamanı Ermənistan “İsgəndər”lərdən istifadə edə bilməyəcək. Birincisi ona görə ki, bu müharibə lokal xarakter daşıyır, yəni “İsgəndər”lər praktiki olaraq adekvat deyil. İkincisi, Ermənistan Rusiyanın icazəsi olmadan bu raketlərdən istifadə edə bilməz. Əslində, bu raketlər faktiki olaraq Ermənistanın təhlükəsizliyini gücləndirmir, əksinə, bizim ordumuz üzərində Rusiyanın nəzarətini artırır. Prezident Serj Sarkisyan isə “İsgəndər”lər haqda yalan danışır. Sarkisyan bir neçə dəfə işarə etdi ki, lazım olacağı təqdirdə “İsgəndər”ləri işə salacaq. Bu real deyil və Sarkisyanın sözləri daxili auditoriyaya ünvanlanıb. Çünki “İsgəndər”lərlə bağlı qərar Ermənistanda yox, Moskvada verilir. Amma Rusiyanın Azərbaycana satdığı silahlarla bağlı vəziyyət tam fərqlidir. Əslində, indi Moskvanı daha çox Azərbaycanla münasibətlər maraqlandırır. Ermənistanı isə yalnız özü xilas edə bilər. Bunun da yolu sülhdən keçir, çünki sülhün aternativi yoxdur”.
Qarabağda hərbi əməliyyatların mümkün yenilənməsi halında bundan ən çox zərər görən tərəfin məhz Ermənistan olacağı beynəlxalq miqyasda da açıq şəkildə bəyan edilir, bu xüsusda Ermənistana ünvanlanan xəbərdarlıqların sayı artır. Elə bu səbəbdən qeyd olunur ki, ən yaxşı çıxış yolu sülh platformasında Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir. Londondakı LİNKS Araşdırmalar Mərkəzinin icraçı direktoru Denis Sammutun qeyd olunan xüsusda fikirləri çox maraqlıdır. Sammut bildirib ki, münaqişə sülh yolu ilə həll olunmalıdır: “Biz 2016-cı ilin aprelində olanlardan gördük ki, münaqişələrin çox ağır nəticələri olur. İnsanlar bir şeyi anlamalıdır ki, 2017-ci ildə baş verə biləcək müharibə 1989-ci ildəki kimi olmayacaq. Sülh yolu ilə həll ilk növbədə münaqişədən birbaşa əziyyət çəkmiş insanların ehtiyaclarına uyğundur. Bu baxımdan qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdır. Biz bunların baş verməsi üçün şərait yaradılmasına çalışmalıyıq. Münaqişənin necə həll oluna biləcəyi ilə bağlı bir sıra təkliflər, ideyalar var. Vətəndaş cəmiyyəti kimi bizim rolumuz bu müzakirələrin uğurlu aparılması üçün düzgün şəraitin yaradılmasına töhfə verməkdir.
Etimad tədbirləri bir-biri ilə problemləri olan dövlətlər və ya dövlətlərdəki qruplar arasında görülməli olan tədbirdir. Bu, dostlar arasında olan tədbir deyil. Bu tədbirlər ABŞ və NATO-nun Sovet İttifaqı ilə münasibətlərini aydınlaşdırmaq üçün “soyuq müharibə” dövründə də olub. Bu o demək deyil ki, biz Dağlıq Qarabağ bölgəsində müharibənin getməsindən və təmas xəttində demək olar hər gün insanların ölməsindən xəbərdar deyilik. Biz məhz buna görə etimad tədbirləri barədə danışırıq. Prezidentlər və nazirlər səviyyəsində müzakirələr və danışıqlar üçün şərait yaratmaq məqsədilə bu məsələ müzakirə olunur. Biz hamımız öz yolumuzla bu münaqişənin həllinə töhfə verə bilərik”. Hər halda, bütün bu qeyd edilənlərdən, baş verənlərdən erməni tərəfi müvafiq nəticələr çıxarmalıdır. Əks halda onun üçün dağıdıcı olacaq müharibənin nəticələrinə hazır olmalıdır. Amma indiki şəraitdə müharibə təkcə Ermənistan yox, onun ağaları üçün də sərfəli sayılmır. Söhbət ilk növbədə Rusiyadan gedir. Moskva yeni Qarabağ münaqişəsinin onun üçün kifayət qədər zərərli olacağını yaxşı bilir. Əvvəla, yeni müharibə zamanı Rusiyanın proseslərə müdaxiləsi onun Azərbaycanla, Türikyə ilə münasibətlərini əhəmiyyətli dərəcədə zədələyə bilər. Bu isə Rusiyanın Cənub Qafqazda, Yaxın Şərqdə mövqelərinin sarsılması deməkdir. İkinci bir tərəfdən, məlum Ukrayna olaylarından sonra Rusiyanın Qarabağ məsələsində yanlış addımı bu ölkənin Qərblə münasibətlərinin daha da pisləşməsinə, yeni sanksiyalara məruz qalmasına rəvac verə bilər. Çünki Qərb ölkələri Qafqazda, Xəzərdə həyati maraqlara malikdir və bu maraqların əsas təminatçısı Azərbaycandır. Elə bu səbəbdən Rusiyanın yeni Qarabağ münaqişəsinin qarşısını almaq üçün Ermənistana təzyiqlərini artırması tamamilə gözləniləndir. Bu səbəbdən də Türkiyə və Rusiya prezidentlərinin gələn həftə baş tutacaq görüşündən sonra Kremlin İrəvana qarşı müəyyən addımlar atması, Ermənistanı Qarabağ məsələsində real həll variatına sövq etməsi tam gözləniləndir. Nəzərə alaq ki, Rəcəb Tayyip Ərdoğan-Vladimir Putin görüşü və bu fonda Dağlıq Qarabağ məsələsinin müzakirəsi Türkiyə prezidentinin Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı, eləcə də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında iştirakından, eyni zamanda Azərbaycan-Rusiya-İran dövlət başçılarının Tehranda keçirilən zirvə toplantısından sonraya təsadüf edir. Bütün bu görüş və toplantılar isə Qarabağ məsələsinə görə biri-birilə əlaqəli sayılır. Çünki belə hadisə və görüşlərdə Azərbaycan birmənalı şəkildə Qarabağ məsələsini gündəmə gətirir.
İndi Türkiyə-Rusiya dövlət başçılarının yeni görüşü Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ankaranın iştirakının qəbul olunması baxımından önəmlidir. Ekspertlərin fikrincə də, Türkiyə və Rusiyanın dövlət maraqları baxımından uzlaşdırılması lazım gələn və prioritet sayılacaq mövzuların sayı yetərincədir. Bu sırada Dağlıq Qarabağ münaqişəsinin həllinin ön sıralarda yer ala biləcəyi tamamilə mümkün sayılır. Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə görüşmək üçün bu ölkəyə noyabrın 13-də səfər edəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı da artıq bəllidir. İndi əsas gözləntilər bundan ibarətdir ki, Türkiyənin də təhriki ilə Rusiya, nəhayət, Ermənistana real təzyiq rıçaqlarını işə salaraq bu ölkəni Qarabağ məsələsinin həllində əməli addımlar atmağa sövq edə biləcək. Elə Rusiyanın tanınmış eksperti Yevgeni Mixaylov da bildirir ki, Qarabağ konfliktinin çözümü üçün Ermənistana təzyiqlərin artırılması vacibdir. Ekspert onu da vurğulayıb ki, bu məsələdə Azərbaycan kifayət qədər ağıllı və praqmatik bir siyasət yürüdür: “Bu gün dünyanın bir çox ölkəsində, eləcə də Cənubi Qafqaz ölkələrində regional münaqişələr var. Bu münaqişələrin həllində dövlət başçılarının qətiyyətli addımı ən vacib şərtdir: Biz Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyinin şahidi olduq. İlham Əliyev praqmatik siyasətçidir və çox düzgün xarici siyasət yürüdür. Təəssüf ki, digər münaqişə tərəfindən biz bu addımı görə bilmirik. Ona görə də münaqişənin həlli yubanır. Ermənistan rəhbərliyi də təsir altından çıxıb, qarşılıqlı olaraq problemin həlli ilə bağlı qəti addım ata bilsəydi, problem həllini tapardı”. Ekspertin sözlərinə görə, Azərbaycanın dövlət başçısının düşünülmüş və uzaqgörən siyasəti xalqının da nüfuzunun artmasına səbəb olub: "Bu gün Azərbaycan xalqı zorla münaqişəyə cəlb olunsa da, dünyada ən sülhsevər xalq imici qazanıb".
Bu açıqlamalardan da bir daha aydın görünür ki, Qarabağ konfliktinin həllinin gecikməsində əsas məsuliyyət daşıyan tərəf qismində Ermənistan qəbul olunur. İndi Azərbaycanın gedişləri nəticəsində Ermənistana təzyiqlər artır. Düşmən bundan lazımi nəticələr çıxarıb sülh yolu ilə münaqişənin həllinə razılıq verəcəyi təqdirdə, həm yeni fəlakətəlrdən xilas ola, həm də inkişafını təmin edə bilər. Əks vəziyyətdə, yuxarıda qeyd olunduğu kimi, Ermənistan ona böyük zərbələr vuracaq yeni savaşa hazır olmalıdır. Amma düşmən onu da bilir ki, yeni savaş qısa müddətdə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnəcək. Hər halda, seçim Ermənistanındır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.