Yeganə Hacıyeva: “Avronest”in çağırışını müsbət dəyərləndirmək lazımdır”
“Avronest” Parlament Assambleyası Bürosunun müraciətində deyilir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil. Avropa Parlamentinin və Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna parlamentlərinin nümayəndə heyəti rəhbərlərindən ibarət “Avronest” Parlament Assambleyası Bürosu noyabrın 24-də Brüsseldə “Şərq Tərəfdaşlığı” sammitində iştirak edəcək dövlət və hökumət başçılarına müraciət yayımlayıb.
Müraciətdə deyilir: “Biz Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün Ermənistan və Azərbaycan qoşunları arasında hərbi əməliyyatların qısa zamanda dayandırılmasını tələb edirik. Bu münaqişənin hərbi həll yolu mövcud deyil. Münaqişə substantiv danışıqların bərpası, etimadın möhkəmlənməsi üçün tədbirlərin görülməsi və dialoqun keçirilməsi yolu ilə həll olunmalıdır”.
Göründüyü kimi, “Avronest”in bəyanatı, demək olar ki, Azərbaycanın rəsmi mövqeyilə uzlaşır. Çünki Azərbaycanın rəsmi dairələri bir necə dəfə bəyan ediblər ki, Ermənistan substantiv danışıqlardan yayınır.
Bu mövzu ilə bağlı fikrlərini qəzetimizlə bölüşən politoloq Yeganə Hacıyevanın sözlərinə görə,
ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin intensivləşdirilməsi və mövcud vəziyyətin dəyişdirilməsi yönündə səylər göstərilir: “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz mövcudluğu münaqişə zonasında gərginliyin əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneədir. Münaqişənin həllində vasitəçi rolunu öz üzərinə götürmüş həmsədr tərəflər Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirməsi, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişdirməsi, status-kvonu saxlamağa yönəlik siyasətini davam etdirə bilməsi üçün substantiv danışıqlardan yayınması haqqında fikirlərini ildən-ilə daha açıq şəkildə bildirirlər. Məhz “Avronest” Parlament Assambleyası sədrinin tərəflərə substantiv danışıqların bərpa edilməsinin mühümlüyü ilə bağlı müraciəti də bu tip çağırışlardandır. Bu çağırışda da, digərləri kimi, münaqişənin həlli üzrə danışıqların dərhal bərpa edilməsi ilə həyata keçirilməsi qeyd olunub.
Məsələ ondadır ki, qitələrarası qovşaq mərkəzi kimi Cənubi Qafqaz regionunun ümumi təhlükəsizlik mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasının və bununla da ümumilikdə regionun daha da inkişafının təmin edilməsi üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpası mütləqdir.
Ermənistan tərəfi son illər sərhəddə insidentlərin araşdırılması mexanizminin işlənməsi haqqında təkliflər irəli sürür ki bunun özü də münaqişənin həllində substantiv danışıqlardan yayınma cəhdlərindəndir. Belə ki, Ermənistan tərəfinin təklifi münaqişənin həllində yeni təsisatların formalaşdırılmasına yönəlib və qeyri-müəyyən mexanizmlərin işlənməsi uzun illər tələb edəcək. Bu isə, birmənali, status-kvonun saxlanması siyasətinin bir hissəsidir.
Azərbaycan tərəfinin bu təkliflə əlaqədar mövqeyi budur ki, insidentlərin araşdırılması mexanizmi münaqişənin həlli üzrə substantiv danışıqlarla sinxronlaşdırılmalı və onun tərkib hissəsi olmalıdır. Bu baxımdan da “Avronest”in çağırışını müsbət dəyərləndirmək lazımdır”.
Məhəmmədəli QƏRİBLİ