Xəzər Teyyublu: “Xüsusilə də bunun yaxın qonşusu və müttəfiqi Ermənistan tərəfindən edilməsi onu narahat etməyə bilməz”
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan noyabrın 6-sı İsrailə ikigünlük səfər edib. Ümumiyyətlə, son zamanlar işğalçı Ermənistanın İsraillə yaxınlaşmağa cəhd etdiyi müşahidə olunur. Məlumdur ki, İsraillə Azərbaycanın da münasibətləri çox yaxındır. Ancaq cənubdakı qonşumuz olan İran İsraillə münasibətlərimizdən narazıdır.
Hətta bunu bir neçə dəfə açıq ifadə də ediblər. İranın yaxın qonşusu və mehriban münasibətdə olduğu Ermənistan hazırda İsraillə əməkdaşlığa can atır. Belə yaxınlaşmaya İranın münasibəti necə ola bilər?
Klassik Xalq Cəbhəsi Partiyasının funksioneri Xəzər Teyyublu qəzetimizə bildirdi ki, Ermənistan bu addımı daha çox Azərbaycana yönəlik atır: “Onlar gözəl bilir ki, İsraillə bizim aramızda dərin strateji müttəfiqlik münasibətləri mövcuddur. Təbii ki, dünyanın qüdrətli dövlətlərindən sayılan İsraillə belə münasibətlərimizin olması Ermənistanı dərindən narahat edir. Eyni zamanda, İsraillə bizim aramızda mövcud olan hərbi əməkdaşlıq məsələsi də Ermənistanın ürəyincə deyil. Təsadüfi deyil ki, aprel hadisələri zamanı Ermənistan KİV-ləri Azərbaycanın qazandığı üstünlüyün bir aspektini də ölkəmizin İsraildən aldığı müasir silahlarla əlaqələndirirdilər. Ancaq bizimlə Təl-Əviv arasında münasibətlərin təməli elə qoyulub ki, Ermənistan bu məsələdə könül bulandıra bilməz. Ermənistanın başqa bir hədəfi isə dünyada olan erməni lobbisi ilə güclü İsrail diasporunun əlaqələrini qurmaqdan ibarətdir. İranın münasibətinə gəldikdə isə, təbii ki, rəsmi Tehran İsraillə istənilən müsbət addıma qarşıdır. Xüsusilə də bunun yaxın qonşusu və müttəfiqi Ermənistan tərəfindən edilməsi onu narahat etməyə bilməz. Hələlik İran bu məsələyə açıq reaksiya verməyəcək. Ola bilsin ki, diplomatik kanallarla hansısa iradını bildirsin. Ancaq proseslərin axarını gözləyəcək və təbii ki, İsrail-Ermənistan münasibətləri daha dərin məcrada dostluğa çevrilərsə, İran mütləq bunun qarşısını almağa çalışacaq. Ancaq mən inanmıram ki, Ermənistan-İsraail münasibətləri dərin dostluğa çevrilsin. Çünki həmin ölkə ilə daha çox yaxınlaşmaq İsrailin strateji maraqlarına uyğun deyil. Yəqin ki, Ermənistan da bunu anlayır və kəşfiyyat xarakterli bir cəhd edir”.
Məhəmmədəli QƏRİBLİ