Qulu İsmayılov: “Hazırda Sarkisyana olan kin-küdurətin əsasında bu imkanların əldən çıxması faktoru dayanır”
Bir neçə gün bundan əvvəl İran paytaxtında mühüm bir tədbir öz işinə yekun vurdu. Azərbaycan, İran və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən zirvə görüşündə üç ölkə arasında enerji, neft-qaz hasilatı və ixracı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün müvafiq tədbirlər müzakirə mövzusu oldu.
Azərbaycan, İran və Rusiyanın enerji şəbəkələrinin birləşdirilməsi və bunun praktiki nəticələri müsbər qiymətləndirilib. Qarşıdan gələn dövrdə neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və digər məsələlər nəzərdən keçirilib.
Transmilli nəqliyyat layihələrinin müzakirəsi zamanı yeni fəaliyyətə başlayan Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin perspektivi də nəzərdən keçirilıb, onun yüksək potensialı vurğulanıb, BTQ də daxil olmaqla, hər bir iştirakçı dövlətin maraqları çərçivəsində Şərqlə Qərbi birləşdirən bütün marşrutlardan istifadə olunması imkanları bəyənilib.
Tehran sammitinin əsas mövzularından birinin İran, Azərbaycan və Rusiya arasında qarşılıqlı iqtisadi əlaqələrin gücləndirilməsi olub.
Qeyd edək ki, zirvə görüşündən sonra Ermənistanda Sarkisyan və onun komandasına açıq mətnlə tənqidlər ünvanlamağa başlayıb. Həmin iradların əsas məğzi də bundan ibarətdir ki, Sarkisyan rejimi Ermənistanı bütün layihələrdən təcrid vəziyyətinə salıb. Ermənistan hakimiyyətinin ünvanına məhz öz vətəndaşları tərəfindən səslənən ittihamları nə dərəcədə əsaslı saymaq olar?
Ekspert Qulu İsmayılov qəzetimizə bildirdi ki, Ermənistan cəmiyyəti indi-indi şokdan ayılmağa başlayıb: “Onlar görürlər ki, regionada baş verən bütün proseslərdən kənarda qalıblar. Səbəb isə Sarkisyan rejiminin yarıtmaz fəaliyyətidir. Artıq onlar anlayırlar ki, Azərbaycan qitələri birləşdirən vacib bir nəqliyyat halqasının istiqamət götürdüyü ölkəyə çevrilib. Təbii ki, bütün bu layihələrdən Ermənistanın kənarda qalmağının bir səbəbi var. O da işğalçılıq siyasətindən əl çəkməməsidir. Biz anlayırıq ki, sadə xalq bunu istəmir. Onlar firəvan yaşamağı arzulayırlar, ancaq Sarkisyan hakimiyyəti tam fərqli siyasət yürüdərək, xalqın iradəsinin əksinə gedir. Ermənistan cəmiyyəti dərk edir ki, həyata keçirilən layihələrə görə Azərbaycandan da keçəcək "Şimal-Cənub" marşrutu işə düşəndən sonra Hindistanda yola çıxacaq qatar Berlin, Paris, London, Osloyadək yükləri asanlıqla daşıyacaq. Ermənistan bu marşrutda tranzit ölkə rolunu oynaya bilərdi.
Bakı-Tiflis-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yola çevrildi.
Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti və işğalçılıq nəticəsində bu gün Ermənistanın bölgənin ən zəif dövlətinə çevrildiyini, bütün regional meqalayihələrdən kənarda qaldığını dərk edirlər. Məhz bu yarıtmaz siyasət nəticəsində Ermənistan müstəqilliyini əldə etdikdən sonra 1 milyondan çox əhalisini itirərək, tamamilə xarici yardımlardan asılı vəziyyətə düşüb. Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, Ermənistanın regiona inteqrasiya edərək inkişafı qeyri-mümkündür. Ermənistan yalnız BTQ-dən kənarda qalmayıb. Bura enerji nəqlilə bağlı layihələri də aid edə bilərik. Çoğrafi mövqeyinə görə bu layihələrin Ermənistan üzərindən həyata keçirilməsi daha məqbul sayıla bilərdi. Ancaq mövcud reallıqlar buna imkan vermədi. Siz təsəvvür edin ki, Ermənistan kimi az əhalisi olan ölkə yalnız tranzit haqqı almaqla özünü dolandıra bilərdi. Hazırda Sarkisyana olan kin-küdurətin əsasında bu imkanların əldən çıxması faktoru dayanır”.
Məhəmmədəli QƏRİBLİ