Xəzər Teyyublu: “Görürsünüz ki, hakimiyyət qarşısına konkret məsələ qoyulur”
Ermənistanın Avropa İttifaqı ilə imzalamağa hazırlaşdığı sazişin vaxtı daraldıqca, yeni-yeni iddialar ortaya çıxır. Hiss olunur ki, Ermənistan hakimiyyəti dilemma qarşısında qalıb. Bir tərəfdən Rusiya, digər yandan Avropanı əlində saxlamaq istəyir. Ölkənin daxilində bu məsələ ilə bağlı ciddi gərginlik hiss edilir.
Artıq Ermənistan siyasiləri hökumətə açıq mesajlar verirlər ki, Avropaya inteqrasiya yolundan geri çəkilmək olmaz. Ermənistan mətbuatında açıq mətnlə yazılır ki, ölkə bu yoldan sapınsa, dünyada imicini tam itirəcək və heç kim onu müstəqil kimi tanımayacaq. Bu iddialar və xəbərdarlıqlar niyə və hansı səbəbdən meydana çıxıb?
Klassik Xalq Cəbhəsi partiyasının funksioneri Xəzər Teyyublu qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistan doğrudan da çıxılmaz vəziyyətdədir: “Onlar 4 il bundan əvvəl belə bir vəziyyətlə rastlaşıblar. Həmin vaxt Rusiya Sarkisyana ciddi qulaqburması verdi. Onlar bu fikirdən daşınıb Avrasiya İttifaqına üzv oldular. Hazırda Avropa ilə əməkdaşlıq sazişi imzalamaq ərəfəsindədirlər. Ancaq hiss edilir ki, Ermənistan hakimiyyəti bu işə ürəkli getmir. Avropa qarşısında elə şərtlər qoyur ki, bəzən onların nəzərə alınması mümkün deyil. Ermənistanın öz daxilində də hakimiyyət bilərəkdən malumat yaydırır ki, Avropa ilə imzalanacaq sazişdə Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstəriləcək və bu da onların milli maraqlarına ziddir. Məhz buna görə də saziş layihəsinin açıq mətnini mətbuatda dərc etdilər. Bir sözlə, ciddi fikir ayrılığı və təzyiqin olduğu hiss edilir. İlk baxışdan belə görünürdü ki, Ermənistan Rusiyanın razılığını alıb həmin sazişə gedir. Hazırda Ermənistanın daxilində Qərb xəttinə yaxın siyasilər və mətbuatın hakimiyyəti bu yöndə sərt tənqid etməsi vəziyyətin dəyişdiyi anlamına gəlir. Görürsünüz ki, hakimiyyət qarşısına konkret məsələ qoyulur. Əgər saziş imzalanmasa, Ermənistan bir ölkə kimi dünyada imicini itirəcək və Rusiyanın əlaltısı kimi tanınacaq. Onsuz da Ermənistanın dünyada şəffaf imici yoxdur və o birmənalı olaraq Rusiyanın əlaltısı kimi tanınır. Ancaq bundan ölkənin daxilindəki siyasilərin ciddi narahatlıq keçirməsi məsələnin ciddiliyinə dəlalət edir. Yəqin ki, siyasilərdə Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə sazişi imzalamayacağı barədə dəqiq məlumat var, bu səbəbdən belə fikirlər dövriyyəyə buraxılır. Belə bir məlumat təsdiqini taparsa, demək ki, Rusiya yenidən Ermənistana qulaqburması verib”.
Məhəmmədəli QƏRİBLİ