Vüqar Qədirov: “Azərbaycanın yalnız Ermənistanla arasında ciddi və həlli müşkülə çevrilən problemi var”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Rusiya Federasiyası Şurası sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanov və Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri Şixsaidovla görüşündə deyib ki, bizim xalqlarımız arasında mövcud olan sıx əlaqələr bu gün uğurla inkişaf edir: “Elə dünən axşam Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə növbəti görüşdə biz münasibətlərimizin ikitərəfli gündəliyinə nəzər yetirdikdə aşkar etdik ki, öz həllini tələb edən heç bir məsələ yoxdur”.
Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya ilə aramızda həlli vacib olan heç bir məsələnin qalmadığı fikrini İranda keçirilən üçtərəfli zirvə görüşü zamanı da səsləndirib.
Maraqlıdır, həm Rusiyanın, həm də Azərbaycanın analoji səviyyədə münasibətləri olduğu, yəni aralarındakı məsələlərin tam həllini tapdığı üçüncü ölkə varmı?
Politoloq Vüqar Qədirov qəzetimizə bildirdi ki, belə münasibətlərə ilk növbədə yaxın qonşularla bağlı nəzər salmaq lazımdır: “Çünki istənilən ölkənin münasibətləri həm yaxşı, həm də pis mənada qonşularla formalaşır. Azərbaycan bu istiqamətdə konkret siyasət həyata keçirir. Biz yaxın qonşularla dostluq, mehriban qonşuluq münasibətini qoruyub saxlayırıq və bunda maraqlıyıq. Gəlin Azərbaycanın yaxın qonşuları ilə olan münasibətinə diqqət edək. Türkiyə ilə bizim aramızda belə münasibət mövcuddur, hətta deyərdim ki, Rusiya ilə olandan bir az da irəli gedib. Gürcüstanla strateji müttəfiqik. Bizim bütün layihələrimiz onların ərazisi vasitəsilə reallaşır. Təbii ki, onlar da bundan mənfəət götürür. İranla da münasibətlərimizdə bu faktoru daim qorumuşuq. Hətta İrana qarşı sanksiyalar tətbiq olunanda, ora hərbi müdaxilə olacağı ilə bağlı məsələ gündəmdə olanda belə Azərbaycan mövqeyini konkret ifadə etdi ki, bizim ərazimizdən qonşumuza qarşı istifadə edilə bilməz. Ancaq ara-sıra İranla aramızda fikir ayrılıqları, müzakirələrə səbəb olan mövzular gündəmə gəlir. Azərbaycanın yalnız Ermənistanla arasında ciddi və həlli müşkülə çevrilən problemi var. Bu da Dağlıq Qarabağa görədir. Biz işğala məruz qalmışıq, ona görə də həmin ölkə ilə münasibətlərimiz gərgindir. Bununla onu demək istəyirəm ki, Azərbaycana münasibətdə belə ölkə yalnız Rusiya deyil. Siyahını uzatmaq da olar. Bizə edilən beynəlxalq təzyiqlərin çoxu da konkret ölkələr adından deyil, qurumlar tərəfindən olur. Rusiyanın isə düşmənləri çoxdur. Xüsusilə də bütün yaxın qonşuları ilə münasibətləri heç də ürəkaçan deyil. Demək olar ki, əksər qonşuları ilə ərazi mübahisəsi var. Yaponiya, Çin, Ukraynanı, şimaldakı ölkələri buna misal çəkə bilərik. Rusiya dünyada söz sahibi olan ölkələrdən olduğu üçün, onun bəzən sərhədlərindən çox-çox uzaqda olan ölkələrlə də problemləri olur. Məsələn, ABŞ-la Rusiya arasında səmimi dostluqdan danışmaq olmaz. Onların arasında həlli vacib olan o qədər məsələlər var ki... Mən Rusiya ilə da sıx münasibətlərə malik olan və ortaq problemləri olmayan ölkə kimi Belarusun adını çəkə bilərəm. Hətta bu iki ölkə arasında vahid valyutanın dövriyyəyə buraxılması məsələsi də tez-tez gündəmə gəlir”.
Ekspertin də sözləri bir daha təsdiq edir ki, Azərbaycan Prezidentinin məlum fikri çox unikaldır və Azərbaycan-Rusiya münasibətlərini ehtiva etməkdə, demək olar ki, çox nadir analoqları var.
Məhəmmədəli QƏRİBLİ