Elşən Mustafayev: “Belə testlərdən sonra biz də ona analoji dəstəyi verə bilərik”
Rusiyanın İctimai Palatasının üzvü, politoloq Sergey Markov bildirib ki, Türkiyə, Azərbaycan və Rusiya Avropa Şurasında (AŞ) mövqelərini razılaşdırmalıdır: "Vəziyyətlərimiz çox bənzərdir, ona görə də əlaqəli hərəkət etmək lazımdır".
Onun fikrincə, Avropa Şurası rabitə kanallarından biridir, buna görə də onunla əməkdaşlıq həm Rusiya, həm də Azərbaycan üçün vacibdir: "Bu, öz həqiqətlərini, öz mövqeyini çatdırmaq üçün böyük platformadır. Lakin indi bizə (Rusiyaya) AŞ-də ikinci dərəcəli rol təklif edirlər: səs vermək, komissiyaya daxil olmaq, onlara rəhbərlik etmək kimi hüquqlarımız yoxdur. Bununla razılaşa bilmərik, ona görə də bərabərlik və hüquqlarımızı tələb edəcəyik. Artıq AŞ-yə ayrılan ianələrin böyük hissəsini ödəməkdən imtina etmişik. Burada çoxlu nüans var. Məsələn, iştirakımız olmadan avropalı hakimlər seçilib, odur ki, onların qəbul etdikləri qərarlar bizim üçün əhəmiyyətsiz olacaq.V.Volodin (Rusiya Dövlət Dumasının sədri) daha çox daxili siyasətlə maraqlansa da, vəzifəsi ondan beynəlxalq işlərlə məşğul olmağı da tələb edir. Dekabrda Bakıda sədrlərin iştirakı ilə Rusiya Dövlət Dumasının iki komitəsinin səfər iclası keçiriləcək. Müzakirə olunacaq məsələlərdən biri də məhz elə Avropa Şurası və digər beynəlxalq meydanlar çərçivəsində mövqelərin yaxınlaşması olacaq".
Markovun üç ölkənin mövqeyinin yaxınlaşdırılması ilə bağlı verdiyi təklifi necə dəyərləndirmək olar?
Politoloq Elşən Mustafayev qəzetimizə bildirdi ki, təklif mahiyyət etibarilə maraqlıdır: “Ancaq Azərbaycanın bunu nəzərdən keçirməsi lazımdır. Beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət lazımdır, baxır kimlə, hansı səviyyədə və hansı şərtlər daxilində. Bizim Türkiyə ilə bununla bağlı mövqeyimiz yaxındır. Bütün beynəlxalq təşkilatlarda bir-birimizi müdafiə edirik. Rusiya ilə isə bəzi məsələlərdə maraqlarımız kəsişir. Xüsusilə də Dağlıq Qarabağ konfliktilə bağlı. Mən inanmıram ki, o cür prinsipial məsələdə Rusiya tam olaraq erməniləri deyil, bizi müdafiə etsin. Markovun təklifində söhbət konkret olaraq Avropa Şurasından gedir. Oradakı birgə fəaliyyət deyəndə ölkələri təmsil edən millət vəkillərinin eyni mövqedən çıxış etməsi nəzərdə tutulur. Ölkələri isə AŞ-də müxtəlif əqidəli deputatlar təmsil edir. Adi bir misal deyim. Bu yaxınlarda bəzi türk millət vəkilləri AŞ-də bizim əleyhimizə səs verdilər. Aydın oldu ki, Türkiyədəki müxalif partiyaların təmsilçiləridir. Yəni onlar hesab edirlər ki, hakimiyyətlə beynəlxalq arenalarda da müxalif olmaq lazımdır. AKP-li deputatlar bizim xeyrimizə səs veriblərsə, CHP əleyhimizə səs verməyi özünə borc bilib. Demək istədiyim budur ki, AŞ-də belə məsələləri nəzarətdə saxlamaq çətindir. Yəni diqtə ilə nizamlanan proses deyil. Rusiya niyə məhz indi bu fikrə düşüb? Çünki AŞ ilə, demək olar ki, bütün körpüləri yandırıb. Yalnız formal üzvlüyü qalır. Razıyam ki, bəzən Türkiyə və Azərbaycan da həmin qurumun haqsız qərarları ilə rastlaşır. Bu baxımdan da qarşılıqlı fayda verə biləcək istənilən əməkdaşlığa biz razı olmalıyıq. Ancaq bu yalnız Rusiyanın maraqlarının təmin olunmasına hesablanmamalıdır. Məsələn, sınamaq lazımdır ki, Dağlıq Qarabağla bağlı məsələdə Rusiya özünü necə aparır, kimə dəstək olar? Belə testlərdən sonra biz də ona analoji dəstəyi verə bilərik”.
Məhəmmədəli QƏRİBLİ