Ramil Hüseynov: “Sözügedən ölkə işğala son qoyub mehriban qonşuluq münasibətləri qurmaq istəyində deyil”
Məlum olduğu kimi, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın Gürcüstan vasitəsilə Bakı-Tiflis-Qars layihəsinə qoşulacağı haqda iddialara münasibət bildirib.
Nazir bununla bağlı Azərbaycanın rəsmi mövqeyini bir daha bəyan edərək bildirib ki, Ermənistan bir şərtlə BTQ-yə qoşula bilər: “Bu məsələ ilə bağlı şərtimiz eynidir və dəyişməz olaraq qalır. Ermənistanın layihəyə qoşulması üçün Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Azərbaycanın işğal altında olan torpaqları azad edilməli, qoşunlar geri çəkilməlidir. Azərbaycan heç kimin torpaqlarını işğal etməyib və bu məsələdə Azərbaycanın mövqeyi açıqdır”.
Qeyd edək ki, Bakı-Tiflis-Qars layihəsi barədə 2005-ci ildə niyyət protokolu imzalansa da, layihənin icrasına başlanması prosesi 2 il ləngiyib. Ermənistanın o zamankı prezidenti Robert Köçəryan Azərbaycanın bu layihəni heç vaxt reallaşdıra bilməyəcəyi barədə erməni ictimaiyyətinə vəd vermişdi. O, Avropadan dəstək aldıqlarını, Tiflis-Gümrü-Qars layihəsinin işə düşəcəyini və Azərbaycanın bu meqalayihədən kənarda qalacağını iddia etmişdi.
Lakin ermənilərin bununla bağlı ümidləri puça çıxdı. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində 30 oktyabr 2017-ci ildə region dövlətlərinin iştirakı ilə bu dəmir yolu xəttinin rəsmi açılışı baş tutdu. Bunun ardınca isə Ermənistanda İrəvanın daha bir böyük layihədən kənarda qalması əsas gətirilərək, panika başladı. Ölkə ictimaiyyətində müxtəlif fikirlər səsləndi. Bütün hallarda, Ermənistanın indiki vəziyyətdə dəmir yolundan istifadə etmək şansı varmı? Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, hazırkı şəraitdə belə bir şansdan söhbət gedə bilməz: “Ona görə ki, bununla bağlı Azərbaycanın mövqeyi ortadadır. Ermənistan bu imkanlardan istifadə etmək istəyirsə, ilk növbədə torpaqları işğaldan azad etməlidir. Ancaq hazırkı şəraitdə bunun hansısa əlaməti belə görünmür. Çünki işğalçı Ermənistan hakimiyyəti ölkənin ağır sosial-iqtisadi vəziyyətini nəzərə almadan silahlanır. Həmçinin, Ermənistan rəsmilərinin BTQ-nin açılışından sonra verdikləri açıqlamalar əsla nikbin olmağa əsas vermir. Hətta bəzi erməni rəsmiləri daha aqressiv açıqlamalar səsləndirirlər. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Ermənistanın Bakı-Tiflis-Qars dəmir yoluna qoşulmasını istəyirsə, o zaman Qarabağın “müstəqilliyini” tanımalıdır. Bu bir daha ermənilərin öz bədnam niyyətlərindən əl çəkmədiklərinin göstəricisidir. Belə olan halda, əlbəttə ki, Ermənistanın BTQ-nin imkanlarından istifadə etməsindən söhbət belə gedə bilməz. Çünki Ermənistan işğala son qoyub mehriban qonşuluq münasibətləri qurmaq istəyində deyil. Bütün bunlarla yanaşı, Azərbaycan bu məsələdə son dərəcə ayıq-sayıq olmalıdır. Məsələ ondadır ki, ermənilər hər zaman olduğu kimi, bu dəfə də özünəməxsus hiyləgər metodları işə sala bilərlər. Yəni Gürcüstanda fəaliyyət göstərən şirkətlər vasitəsilə dəmir yolundan qeyri-rəsmi istifadəyə cəhd edəcəklər. Həmin şirkətlər vasitəsilə Gürcüstana məhsul gətirmək adıyla, Ermənistan saxta yollarla bundan istifadə etməyə cəhd edəcək. Ermənistanın baş naziri Karen Karapetyan deyib ki, erməni sahibkarlarının Bakı-Tiflis-Qars dəmir yolunun xidmətlərindən istifadə imkanları olacaq. O bunu onunla əsaslandırmağa çalışıb ki, guya erməni iş adamlarına sərf etsə, onlar BTQ-nin xidmətlərindən istifadə edəcəklər. Ona görə də biz bu kimi məqamlara son dərəcə həssas yanaşmalı və heç vaxt imkan verməməliyik ki, işğalçı Ermənistan dəmir yolunun imkanlarından istifadə etsin”.
Vidadi ORDAHALLI