Fikrət Sadıqov: “Rusiya Türkiyə ilə daha yaxşı münasibətlərin qurulmasında, regionda dayanıqlı sülhün və sabitliyin...”
Yayılan məlumatlara görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov iki ölkə prezidentinin yaxın həftələrdə birgə görüş keçirəcəyini təsdiqləyib: “İki ölkə prezidentinin mümkün görüşünə hazırlıq gedir”.
Türkiyə mətbuatının məlumatına görə, R.T.Ərdoğan Azərbaycana səfərdən qayıdarkən təyyarənin göyərtəsində jurnalistlərə bildirib ki, yaxın bir-iki həftə ərzində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Ərdoğan deyib ki, Putinlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini də müzakirə etməyi planlaşdırır. Onun sözlərinə görə, Türkiyə, həmişə olduğu kimi, yenə də bu problemin həllində Azərbaycanın yanındadır: “Türkiyə Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycanın tərəfində olub və bu belə də davam edəcək. Lakin bu məsələdə Rusiyanın da rolu böyükdür. Mən Rusiya Preidenti Vladimir Putinlə görüşəcəm. Bu görüş zamanı məsələ barədə danışacağıq. Bu münaqişənin həlli Azərbaycanla yanaşı, həm də regionun inkişafı üçün önəm daşıyır. Azərbaycana dəstək olmaq üçün və ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı Rusiya Prezidenti V.Putinlə danışıqlar aparılacaq. Təbii ki bu, sadəcə, erməni lobbisini deyil, Qərbdəki bəzi qüvvələri də narahat edəcək”.
Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri sonuncu dəfə 2017-ci il sentyabrın 28-də Ankarada görüşüblər. Görünür, aradakı qısa fasilədən sonra növbəti dəfə prezidentlərin görüşməsinə ehtiyac yaranıb. Sözügedən görüşdə Dağlıq Qarabağ məsələsinin də xüsusi olaraq müzakirə olunacağı maraq doğurur.
Maraqlıdır, ekspertlərin bundan gözləntiləri nədən ibarətdir?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqov buna bir neçə prizmadan yanaşdı: “Əvvəla Ərdoğan bununla bağlı çox düzgün bir bəyanat verdi. O bəyanat ondan ibarət idi ki, Dağlıq Qarabağ probleminin həlli Putindən asılıdır. Hesab edirəm ki, Ərdoğanın bu açıqlaması tamamilə reallığa uyğun bir fikirdir. Fikrimcə, məhz bu prizmadan görüşdə ciddi söhbət baş tutsa, hesab edirəm ki, bəlkə də müəyyən irəliləyiş əldə oluna bilər. Yəni sözügedən məsələdə Rusiyadan və Kremlin mövqeyindən çox şey asılıdır. Onu da nəzərə almaq lazımdır ki, Türkiyə ilə Rusiya arasında münasibətlər kifayət qədər yaxşı müstəvidədir. İki ölkənin strateji əməkdaşlıq sahəsində bir sıra ortaq layihələri gerçəkləşir. Bunun nəticəsində strateji partnyorluq münasibətləri möhkəmlənir və inkişaf edir. O baxımdan, Rusiya Türkiyə ilə daha yaxşı münasibətlərin qurulmasında, regionda dayanıqlı sülhün və sabitliyin bərqərar olmasında maraqlıdırsa, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini artıra bilər. Bunun üçün də Rusiya gərək Ermənistana müəyyən təzyiq göstərsin. Nəzərə almaq lazımdır ki, Rusiyanın bununla bağlı Ermənistana təzyiq rıçaqları yetərincə çoxdur. Bu rıçaqların işə salınması Ermənistanı danışıqlarda konstruktiv mövqe tutmağa məcbur edə bilər. Bütün hallarda, bu yeni bir mərhələdir. O baxımdan çox istərdim inanam ki, Putinlə Ərdoğanın görüşündə Dağlıq Qarabağla bağlı ciddi müzakirələr baş verəcək. Hər halda, iki ölkə prezidentinin görüşündən sonra bütün bunlar aydın olacaq. Güman edirəm ki, iki ölkə prezidentinin görüşündə bu məsələ əsas diqqət mərkəzində olacaq”.
Vidadi ORDAHALLI