Mübariz Əhmədoğlu: “Ona görə də bu yöndə görülən işlərə, gələcək planlara müsbət prizmadan yanaşıram”
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Azərbaycan, İran və Rusiya prezidentlərinin noyabrın 1-də Tehranda keçirilmiş üçtərəfli görüşü ilə bağlı müsahibəsində bir sıra məqamlara toxunub. Onun fikrincə, son dövrlər Xəzər dənizi-Qara dəniz hövzəsi və Cənubi Qafqaz kimi böyük bir regionda baş verən mühüm hadisələr, o cümlədən Azərbaycanın liderliyi ilə həyata keçirilən nəhəng transmilli layihələr 3 ölkə prezidentinin Tehranda görüşünün keçirilməsinə əhəmiyyətli təsir göstərib.
Ə.Həsənovun açıqlamasından o da məlum olub ki, bu tipli yeni əməkdaşlıq formatlarının yaradılması aktualdır: “Son dövrlərdə bölgədə reallaşdırılan həm ikitərəfli, həm də çoxtərəfli görüşlərin bir çoxunun təşəbbüskarlığı və liderliyi Azərbaycana məxsusdur. Azərbaycan, İran və Rusiya üçtərəfli görüşünün, onların arasında formalaşmış tərəfdaşlıq kursunun, həyata keçirilən və nəzərdə tutulan birgə layihələrin təşəbbüsü də Azərbaycandan gəlib və artıq öz pozitiv nəticələrini göstərməkdədir. Bu tipli yeni əməkdaşlıq formatlarının yaradılması aktualdır. Azərbaycan-İran-Rusiya olduğu kimi, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə platformaları da artıq formalaşıb və fəaliyyət göstərirlər. Gələcəkdə yəqin ki, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-İran-Türkmənistan və digər formatlarda əməkdaşlıq davam etdiriləcək. Bu formatlar bölgədə sülh, əminamanlıq, firavanlıq və ticari-iqtisadi əlaqələrin güclənməsinə öz müsbət təsirini göstərəcək”.
Ümumilikdə, sözügedən əməkdaşlıq formatları regionda proseslərə, bölgənin inkişafına necə təsir göstərəcək? Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, bu kimi formatlar sabitliyə, inkişafa xidmət edir: “Üçtərəfli format bizim regional əməkdaşlığımızın uğurlu bir tapıntısıdır. Sözügedən formatlarda mərkəz rolunu Azərbaycan oynayır. Məqsədimiz də Azərbaycan xalqının gözəl ənənələrini ortaya qoymaqdır. Yəni əlimizdə olan imkanları sabitliyə, regional inkişafa sərf edək. Həmçinin, qonşularımızın iqtisadi inkişafına yönəldək. Ancaq Ermənistanın dörd qonşusu var və onların hamısına ərazi iddiası var. Lakin bundan fərqli olaraq, Azərbaycan varlandıqca, gücləndikcə, öz qonşularına fayda verir. Bu mənada müxtəlif formatlarda əlaqələrin qurulması sabitliyə və iqtisadi inkişafa xidmət edir. Bu formatda iştirak edən bütün dövlətlər bundan qazanacaq. Fikrimcə, Ermənistan işğaldan əl çəksə, o zaman bu dövlət də həmin formatlarda iştirak edə bilər. Əsas odur ki, Ermənistan işğaldan və ərazi iddialarından əl çəksin. Ədalət naminə qeyd etmək lazımdır ki, üçtərəfli format çərçivəsində Azərbaycan ən böyük uğuru 3 ölkə prezidentinin görüşünü təşkil etməklə əldə etdi. Bunun nəticəsində 3 ölkə arasında əlaqələr daha da genişlənir, ticarət dövriyyəsinin həcmi artır. Nəzərə almaq lazımdır ki, Rusiya və İran bütün parametrlərə görə bizdən qat-qat böyük ölkələrdir. Ancaq hər iki dövlətin prezidenti məhz Azərbaycan prezidentinin nüfuzuna görə təklifi qəbul etdi və üçtərəfli format quruldu. Hesab edirəm ki, digər region ölkələri ilə də qurulacaq bu cür üçtərəfli formatlar özünü doğruldacaq. Ona görə də bu yöndə görülən işlərə, gələcək planlara müsbət prizmadan yanaşıram”.
Vidadi ORDAHALLI