ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində aktiv işləyirlər. Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə deyib.
O qeyd edib ki, münaqişələrin həllində birgə iş çox vacibdir.
T.Qreminger isə öz növbəsində bildirib ki, ATƏT kimi beynəlxalq inklüziv təşkilat böhranların münaqişələrə çevrilməsinin qarşısını ala və transmilli problemlərin həllinə kömək edə bilər: “İndi bu, həmişə olduğundan daha çox vacibdir. Ona görə də mən ATƏT mandatı çərçivəsində təhlükəsizlik üzrə dialoqu bərpa etməyi və Avrasiya məkanında işi davam etdirməyi missiyam olaraq müəyyən etdim”.
Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in işinin səmərəliliyində maraqlıdır. Bunu da Rusiyanın xarici işlər naziri deyib.
S.Lavrov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsas rol oynayır.
T.Qreminger, öz növbəsində, ATƏT məkanında dialoqun bərpasının tamamilə zəruri olduğunu vurğulayıb: "Dialoqun bərpası mümkündür, lakin bunun üçün bütün iştirakçıların həqiqi səyləri tələb olunur".