Əliməmməd Nuriyev: “Dünyada müxtəlif qurumların inteqrasiyası prosesi yaşanır”
Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılacağı gözlənir. Birlik Türkiyə İctimai Nəzarət Komitəsinin səyləri ilə yaradılacaq. Məlumat üçün bildirək ki, artıq Azərbaycan Ombudsman Aparatı ilə məsləhətləşmələrdən sonra Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin təsis edilməsi qərara alınıb.
Bununla bağlı cari ilin sonlarında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan ombudsmanlarının iştirakı ilə toplantı keçirilməsi planlaşdırılır.
Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılması haqqında fikir bildirən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, belə bir birliyin yaradılması ombudsmanlar arasında təcrübə mübadiləsinin artmasına səbəb ola bilər: “Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılması nəticəsində ombudsmanlar öz təcrübələrini yaya biləcəklər. Həmçinin, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı təcrübənin daha da genişlənməsinə şərait yaradar”.
Həmsöhbətimizin sözlərinə görə, Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılması əlaqələndirmə, təcrübə mübadiləsi, əməkdaşlıq baxımından müsbət addımdır: “Bu birlik mövcud praktikanın daha da yaxşılaşdırılmasına səbəb olar. Eyni zamanda, qanunlar təkmilləşdirilə bilər. Bu baxımdan hesab edirəm ki, belə birliyin yaradılması vacibdir”.
Ə.Nuriyevin fikrincə, Türkdilli Ölkələrin Ombudsmanlar Birliyi yaradılarsa, ölkələr bir-birinin təcrübəsindən yararlanar. Belə olan halda, əlavə imkanları qazanmış olarıq: “Ümumiyyətlə, dünyada müxtəlif qurumların inteqrasiyası prosesi yaşanır. Bu baxımdan belə birliklərin yaradılması zəruridir”.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri onu da qeyd etdi ki, Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılması ümumilikdə hüququn inkişafına səbəb olacaq.
Günel CƏLİLOVA